Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır
Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır.
Cənab Prezident İlham Əliyev cari ilin 4 oktyabr tarixində Cəbrayıl şəhərində çıxış edərkən qeyd etmişdir ki, “Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi”.
Torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası, haqq-ədalətin bərqərar olması uğrunda apardığımız, sonu zəfərlə bitən Vətən müharibəsi Azərbaycan tarixinə ən şərəfli və şanlı səhifələrdən biri kimi yazıldı. Müzəffər ordumuzun tarixi qələbəsi uzun illər davam edən haqsızlığa, ədalətsizliyə son qoydu. Tarixi ədalət bərpa olundu. Düşmənə öz layiqli cavabı verildi.
44 gün ərzində xalqımız qürur və fəxarət dolu günlər yaşadı. Bu hadisələrdən biri də elə mübarizənin ilk həftəsində Cəbrayıl rayonunun işğaldan azad olunduğu 4 oktyabr 2020-ci il tarixidir. Bu möhtəşəm qələbə Böyük Zəfərə gedən yolda ordumuzun ilk addımı oldu. Strateji əhəmiyyətinə görə mühüm məntəqələrdən biri olan Cəbrayıl şəhərinin azad olunması digər ərazilərin də düşmən tapdağından təmizlənməsinə şərait yaratdı. Eyni zamanda bu qələbənin yaratdığı ruh yüksəkliyi və mənəvi- psixoloji üstünlük ordumuza, əsgərlərimizə gələcək qələbələr üçün böyük stimul oldu.
Cəbrayıl uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər, 90 kənd işğaldan azad edildi. Digər tərəfdən də bu tarixi qələbə elə ilk addımdaca ermənilərin illər boyu ordularının yenilməzliyi haqqında uydurduqları yalanı üzə çıxardı, ifşa etdi.
Vətən müharibəsindəki şanlı qələbədən sonra qarşıda duran vacib məsələlərdən biri işğaldan azad olunmuş ərazilərin iqtisadı inkişafı, dağıdılmış infrastrukturun, viran edilmiş şəhər və kəndlərin bərpasıdır. Bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artırmaq məqsədi ilə yeni yolların inşa edilməsi bu planın əhəmiyyətli hissəsidir.
Bütün qələbələrimiz kimi 4 oktyabr tarixi də Zəfər tariximizin şanlı səhifələrindən biri kimi tariximizə qızıl hərflərlə yazıldı. Bu şərəfi, bu qüruru bizlərə yaşadan qalib Ali Baş Komandana, müzəffər və rəşadətli ordumuzun hər bir əsgərinə sonsuz sevgi və minnətimizi bildirir, Vətənin azadlığı yolunda canından və qanından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.
İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi
Şərh yazılmayıb.