Xudafərin körpüsündə bayrağımızın dalğalanması
Xudafərin körpüsündə bayrağımızın dalğalanması
Böyük zəfərlərə imza atan müzəffər ordumuz tarixi abidəni – Xudafərini öz sahibinə qovuşdurdu. Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü üzərindən də Azərbaycan bayrağı dalğalandırıldı. 44 günlük Vətən müharibəsi Zəfər tariximizi yazaraq, qısa zaman kəsiyində bizləri böyük tarixi qələbəyə apardı. Bu qələbəni qazanmağımız 44 gün ərizində olsa da, bu tarixə qədər Azərbaycan böyük yol keçmişdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan bu qələbə sevincini bizlərə yaşatdı. Sentyabrın 27-dən başlayaraq vətən torpaqlarının müdafiəsinə hazır olan Azərbaycan oğulları işğalda olan torpaqlarımızı azad etdilər. Qələbə soraqları hər bir Azərbaycan övladını sevindirirdi. Ali Baş Komandanın qətiyyətli mövqeyi ordumuzda, əsgərlərimizdə böyük ruh yüksəkliyi yaratmışdı.
Üçrəngli bayrağımızın Xudafərinə sancılmasının böyük tarixi əhəmiyyətinin olduğu şübhəsizdir. Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün yerləşdiyi Cəbrayıl rayonunu 4 oktyabr 2020-ci ildə erməni işğalından azad etdi. Körpünün özü isə 18 oktyabrda erməni işğalından azad olunub. Xudafərin körpüsünün düşmən tapdağından azad edilməsi bizi çox sevindirdi. Bu gün Azərbaycan torpağının hər bir qarışı bizim üçün əhəmiyyətlidir, hər biri çox dəyərlidir. Bunun ən böyük tarixi əhəmiyyəti odur ki, Azərbaycan dövləti, Azərbaycan Ordusu qədim torpaqlarımızı, o cümlədən də Xudafərini işğaldan azad edib, bununla da ərazi bütövlüyümüzü təmin edir. Bu gün Azərbaycan dövlətinin bayrağının işğaldan azad edilən torpaqlarımıza, o cümlədən də Xudafərinə sancılması indiki dövrdə ən böyük tarixi hadisədir. Bu tarixi hadisəni tarixi torpaqlarımızı bizə qaytarmaqla cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycan Ordusu gerçəkləşdirib. Azərbaycan dövlətinin işğaldan azad edilən tarixi ərazilərinə bundan sonra heç bir düşmən ayağı dəyməyəcək. Biz də xalq olaraq bu torpaqların qədrini bilib onları daim inkişaf etdirməliyik. Eyni zamanda da Xudafərin həm ticari, həm iqtisadi, həm də siyasi, tarixi və mənəvi baxımdan əhəmiyyətlidir. Xudafərin Azərbaycanın dövlət sərhədində yerləşən bir ərazi kimi tarixi əhəmiyyətə malikdir.
Zərdab rayon Gəlmə kənd tam orta məktəbin müəllimi-Səidə Tağıyeva
27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl
27 sentyabr 2020-ci il tarixində düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əks-hücuma keçərək uzun illər davam edən işğala 44 gün ərzində son qoydu. Dövlət-xalq birliyindən güc alan qəhrəman ordumuz işğalda olan torpaqlarımızı azad etməklə, xalqımıza qürur yaşatdı, haqq-ədaləti bərpa etdi. Cəbrayıl rayonu 4 oktyabr 2020-ci il tarixdə Vətən müharibəsinin ilk günlərində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə başladığımız haqq savaşında müzəffər Ordumuz tərəfindən erməni işğalından azad olunub. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Bu gün aparılan quruculuq işləri, yenidən tikilən, bərpa edilən kənd və qəsəbələr Cəbrayıla köçürüləcək vətəndaşlar üçün nəzərdə tutulub və buranın sakinləri yaxın gələcəkdə Zəngəzur dəhlizindən istifadə edəcəklər. Cəbrayıla 4-6 zolaqlı yol çəkilmişdir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edilmişdir. Bununla da Cəbrayıl rayonu düşmən işğalından azad edilmişdir.
Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu addımlarımız mümkün olmuşdur. Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi. Beləliklə, Laçın dəhlizini biz tam nəzarətə götürə bildik. Əlbəttə fəxrlə qeyd edirik ki, bizim Böyük Qayıdışımız məhz Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki İkinci Qarabağ müharibəsindəki qələbəmiz tarixi qələbədir. Bütün xalq bu qələbəni əldə etmək üçün birləşdi, Ordumuzun arxasında durdu və Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin əmrlərini ləyaqətlə yerinə yetirərək, torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu.
Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov
Cocuq Mərcanlı kəndi və Lələtəpə yüksəkliyi
Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun birliyinin, vətənpərvərliyinin göstəricisi kimi düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Əks-hücum əməliyyatı aparan hissələrimiz mühüm mövqelərə sahib oldu. Lələtəpə kimi yüksəklik alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Hər kəs bu qalibiyyətin sevincini yaşayır.
2016-cı il aprelin 1-i ön xətdə döyüş növbətçiliyi aparan bölmələrimizə düşmən qəfil hücum etdi. Düşmən müqavimət göstərməyə çalışsa da, döyüşçülərimizin gücünü gördükdən sonra əlindəki silahını atıb pərakəndə şəkildə qaçmağa başladı. Ermənilər təşviş içində idi. Bölmələrimiz əks-hücum ilə düşməni geri otuzdurdu, Lələtəpə yüksəkliyi və ətraf bölgələr düşməndən tamamilə azad edildi. Çox gözəl bir tarixi an yaşandı. Ordumuzun gücü, şəxsi heyətin döyüş ruhu ortaya çıxdı. Düşmənə və havadarlarına sübut olundu ki, Azərbaycan Ordusu 90-cı illərdəki ordu deyil və ordumuzun vahid komandanlığı, orduda xidmət edə biləcək peşəkar zabitlər var. Əsgərlərimiz, döyüşçülərimiz böyük rəşadət göstərdilər. Lələtəpə yüksəkliyinə üçrəngli bayrağımızı sancdılar.
“Vətən sərhəddən başlayır” deyirlər. Yayın istisindən, qışın soyuğundan çəkinməyən vətənpərvər oğullarımız ucalıq, əzəmət simvolu olan dağlarda döyüş növbətçiliyi aparır, sinəsini düşmənə sipər edirdilər. Azərbaycan əsgərinin son dayanacağı olmayan Lələtəpə yüksəkliyindən sonra işğal altında olan digər torpaqlarımız, Şuşa, Xankəndi, Cəbrayıl, Laçın, Kəlbəcər, Qubadlı, Ağdam, Zəngilan azadlığa qovuşdu. 2016-cı ilin aprelində cəbhə xəttində düşmənin hərbi təxribatlarının qarşısının alınmasında hərbçilərin göstərdiyi şücaət Azərbaycan Ordusunun torpaqların işğaldan tamamilə azad etmək əzmini bir daha təsdiqləməklə regionda ən güclü ordu olduğunu sübut etdi. Bunun davamı olaraq, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı genişmiqyaslı əks-hücum əməliyyatına başladı və 44 gün davam edən İkinci Qarabağ müharibəsində tam Qələbə qazandı.
Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev
Şərh yazılmayıb.