Huquqaz.com

Vətən müharibəsi cəmi 44 gün çəkdi

15.10.2024
3.249
Vətən müharibəsi cəmi 44 gün çəkdi

Vətən müharibəsi cəmi 44 gün çəkdi

27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərini, mülki obyektləri ağır artilleriya silahlarından atəşə tutması, düşmənin cəbhəboyu hücuma keçməsi xəbəri Azərbaycan xalqının səbr kasasını daşırdı. İldırımsürətli əks-hücum əməliyyatı ilə düşmən geri oturduldu və 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsilə başa çatmasını Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, Prezident cənab İlham Əliyev 10 noyabr tarixində gecə xalqa müraciətində xəbər verdi. Son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Qarabağ münaqişəsi Azərbaycan xalqının istədiyi kimi həll olundu. Bəli, bu gün bütün dünyanın gözü Azərbaycandadır. Çünki 44 günlük Vətən savaşında Şanlı Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hərbi sərkərdəliyi və siyasi liderliyi sayəsində Azərbaycan torpaqlarını işğaldan azad edərək düşmənin belini qırdı. Azərbaycan xalqı müharibənin qalibidir və heç kim, heç nə xalqın bu qələbəsinə kölgə sala bilməz. 44 günlük Vətən savaşının bir günü bəlkə də hər birimiz üçün 1 il qədər gərgin və həyəcanlı keçdi. Çünki Azərbaycan xalqının adına yazılmış ləkəni Azərbaycan oğulları döyüş meydanında qanı, canı bahasına təmizləyirdi. Bu ləkə adımızdan da, alnımızdan da, şərəfimizdən də yuyulub getdi

Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə 27 sentyabr 2020-ci il tarixində son qoyuldu. Məhz həmin gün tarixi qələbəmizin başlandığı gündür. Xalqımız inanırdı ki, bu gün gələcək. Çünki bir milyondan çox azərbaycanlı 30 il ərzində öz yurd-yuvasından ayrı düşərək qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 2020-ci ilin 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən işğal edilmiş əraziləri azad etməyə başladı. İkinci Qarabağ müharibəsi 30 ilə yaxın gözlədiyimiz tarixi ədaləti bərpa etdi. Beləcə, 27 sentyabrda tarixə II  Qarabağ müharibəsi, Vətən müharibəsi, “Dəmir yumruq əməliyyatı” adları ilə daxil olan əzəli və tarixi torpaqlarımızın azadlığı uğrunda 44 günlük mübarizəmiz başlamış oldu. Müharibə zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik nümayiş etdirərək Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşdi. Vətən oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından keçdilər. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını geri qaytararaq düşmən üzərində parlaq zəfər qazandı.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

Şərhlər

Şərh yazılmayıb.