Huquqaz.com

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü işi başa çatdırdı

15.10.2024
3.297
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü işi başa çatdırdı

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü işi başa çatdırdı

“Xankəndidə Müzəffər Ali Baş Komandan tərəfindən Üçrəngli Azərbaycan Bayrağının ucaldılmasından bir il ötür. 2023-cü ildə şanlı ordumuzun 24 saatdan da az çəkən antiterror tədbirləri nəticəsində Xankəndi və ətraf rayonların separatçılardan təmizlənməsi ilə 200 illik erməni xülyalarına, ərazi iddialarına son qoyuldu. Bütün dünyanı heyrətə gətirən Xankəndi əməliyyatı tarixi, siyasi və hüquqi nəzarətdən doğmaqla yanaşı, cənab İlham Əliyevin qətiyyətinin, şanlı ordumuzun gücünün nəticəsidir. 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilən İlham Əliyev Konstitusiya və Qurani-Kərimə əl basaraq and içmişdi ki, dövlətin milli maraqlarını müdafiə edəcək, ölkəmizin ərazi bütövlüyünü qoruyacaq. Deməli, Xankəndidə bayrağımızın ucaldılması dövlət başçısı İlham Əliyevin xalqa verdiyi vədinə sadiqliyinin təcəssümü idi. O, işğal altındakı torpaqlarımızı azad etməklə həm də ata vəsiyyətini yerinə yetirmiş oldu. Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır”.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü işi başa çatdırdı. Siyasi-diplomatik və hərbi müstəvilərdə aparılan məqsədyönlü fəaliyyət öz müsbət nəticəsini göstərdi. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərin əsas müəllifi məhz cənab İlham Əliyevdir. Onun düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində dövlət suverenliyimiz təmin edildi. Hesab edirəm ki, oktyabrın 15-də Xocalıda, Əsgəranda, Xankəndidə Azərbaycanın Üçrəngli Dövlət Bayrağının dalğalandırılması tariximizə qızıl hərflərlə düşəcək hadisələrdəndir. Azərbaycanın hər bir qarış torpağı bizim üçün əzizdir. Amma siyasi tariximizdə Şuşanın, Xocalının, Xankəndinin mənəvi yükü bir qədər fərqlidir. Şuşa mədəniyyət beşiyimiz, Xocalı qan yaddaşımız, Xankəndi isə separatizmin körükləndiyi bir mərkəz olaraq Azərbaycan üçün son dərəcə həssas məkanlar olub. Xankəndidə bayraq ucaltmaqla möhtəşəm Qələbənin təntənəsini qeyd etdik. Ermənilərə Qarabağda heç bir hüquqi əsas olmadan muxtariyyət verməklə böyük səhvə yol verildi. Ermənilərin məqsədyönlü planları 1988-ci ildə işə düşdü. Əminliklə demək olar ki, həmin dövrdə hakimiyyətdə Ulu Öndər Heydər Əliyev olsaydı, Qarabağ probleminin qarşısı alnardı. Çünki Dahi Lider Sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağdakı millətçi qüvvələr baş qaldıra bilmirdilər. 1969-1982-ci illərdə Qarabağda heç bir xoşagəlməz hala rast gəlinmədi.  Heydər Əliyev 1987-ci ildə vəzifəsindən kənarlaşdırıldı, Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən çıxarıldı. İki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan alınaraq Ermənistana verilməsi məsələsini qaldırdılar. Təəssüf ki, AXC-Müsavat hakimiyyəti erməni separatizminin nəinki kökünü kəsə bilmədi, hətta onların işğalçılıq fəaliyyətlərinin qarşısında geri çəkildilər. Rayonlarımız bir-bir işğal olundu, bir milyona yaxın vətəndaşımız yurd-yuvalarından didərgin düşdü. Yalnız Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra işğalın qarşısını almaq mümkün oldu. 1994-cü ilin yanvar ayında uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Amma nizami qoşun hissələri yaratmaq, Silahlı Qüvvələri yenidən qurmaq üçün sıfırdan başlamaq lazım idi. Ordu quruculuğu istiqamətində çox böyük işlər görüldü və nəticədə tarixi Zəfər əldə etdik.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Qarabağ təkcə azad olmadı, ölkə vətəndaşları əmin oldular ki, onlar vədinə sadiq Prezidentinin lideri olduğu bir ölkənin vətəndaşlarıdır

Ötən il ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması ilə bitən antiterror tədbirlərindın sonra Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndiyə səfəri və şərəfli ordumuzun birinci döyüşçüsü kimi tarixi şəhərimizdə bayrağımızın ucaldılması ötən əsrin sonlarında müstəqilliyimizin bəyanı qədər xalqımıza xoşbəxtlik yaşatdı. Bu tarixi qələbə ilə bir ömür bölünən, ağrı-acı yaşayan, məhrumiyyət çəkən böyük bir xalqın məğlubedilməz, qüdrətli lideri kimi bütün dünyaya sübut etdi ki, miskin həyat heç vaxt azərbaycanlıların yaşam tərzi olmayıb!

Onun lideri olduğu bir xalqın qüruru ilə heç kim oynaya bilməz, buna heç bir dövlət cəsarət etməmişdi, Ermənistanın siyasi-hərbi rəhbərliyindən başqa. Qalib Komandan kimi tarixləşən, zəfəri evimizə, yurdumuza gətirən cənab Əliyev bu səhvi Ermənistana bağışlamadı və öldürücü cavab haqqımız tarixdə ilk dəfə olaraq Azərbaycana ümumxalq  xoşbəxtliyi gətirdi. İşğal günlərinin faciəsini, uzun müddət doğma torpağına qovuşmağın həsrətini yaşamış və bunun bir yuxu olduğunu zənn edən xalqımızın sevinc göz yaşları heç vaxt unudulmayacaq bir xoşbəxtliyin sonluğu oldu.

Bayrağımızın işğal altında olan bütün ərazilərdə dalğalanmasını əsas vəzifəsi hesab edən Prezident İlham Əliyev  ədalətsiz, ikili, riyakar siyasət yürüdən böyük gücləri diplomatik masada, Ermənistanı isə hərb meydanında ağır məğlubiyyətə uğradaraq Zərqi Zəngəzuru və Qarabağı bizə qaytardı və bayrağımız sahibi olduğu ərazilərdə Fatehi tərəfindən qaldırılaraq yüksəkliklərdə dalğalanmağa başladı!

Qarabağ təkcə azad olmadı, ölkə vətəndaşları əmin oldular ki, onlar vədinə sadiq Prezidentinin lideri olduğu bir ölkənin vətəndaşlarıdır. Onlar qüdrətli liderləri ilə təkcə sabit, təhlükəsiz həyat deyil, həm də xoşbəxt  bir həyat yaşayırlar və bu da o deməkdir ki, bu dövləti, bu xalqı yıxmaq mümkün deyil.

Uzun müddət torpaqlarımızda hökm sürən terrorun, separtazimin kökü kəsiləndən sonra Prezident İlham Əliyev tərəfindən Xankəndidə Azərbaycan bayrağının qaldırılması parlaq qələbəmizin məntiqi sonluğu oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Xankəndi şəhərində qaldırılan bayraq əbədi dalğalanacaq və Azərbaycan xalqı burada əbədi yaşayacaq. Bu tarixi hadisə ilə təkcə vətəndaşlarımız deyil, dünyada yaşayan on milyonlarla azərbaycanlı qalib ordumuzla və Azərbaycan dövləti ilə olaraq fəxr edir.

Prezidenti İlham Əliyev tərəfindən oktyabrın 15-də Xankəndi şəhərində Dövlət Bayrağımızın  ucaldılması xalqımızın yaddaşından heç vaxt silinməyəcək.

Fikir dahilərindən birinin qeyd etdiyi kimi xoşbəxtlik hissini yalnız müdriklər keçirə bilir.

Bu baxımdan bütün cəbhələrdə düşməni məğlub edərək bizə qələbə, xoşbəxtlik sevincini yaşadan Müzəffər Ali Baş Komandan məhz belə müdrik lider kimi xalqımızın canlı əfsanəsinə çevrildi. Prezident İlham Əliyev Azərbaycan qədər uca, bayrağımız qədər müqəddəslik simvolu kimi xalqımızın fəxarət ünvanı oldu!

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc

 

 

Azərbaycan təcavüz qurbanlarının gözündə haqsızlığa qarşı mübarizənin simvoluna çevrildi

2020-ci ilin sentyabr ayının 27-dən etibarən başlayan əks-hücum əməliyyatları Azərbaycan dövlətinin hərbi qüdrətini göstərdi, yüksək döyüş bacarığını nümayiş etdirdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz cəmi, 44 gün davam edən Vətən müharibəsi zamanı erməni ordusu haqqında uydurulan illüziyaları, mifləri alt-üst etdi. Döyüşlərin ilk günlərindən etibarən Ermənistanın hərbi xuntası ümid edirdi ki, hansısa dövlət Azərbaycanı bu haqq işindən çəkindirəcək, beynəlxalq birlik ölkəmizə təzyiq edərək, işğalçı dövləti xilas edəcəkdir. Bütün bunların əksinə olaraq, ölkə Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyev böyük siyasi iradə nümayiş etdirərək Azərbaycanın qəti və dəyişməz mövqeyini ortaya qoydu. O, dövlətimizə qarşı yönələn bütün beynəlxalq təzyiqlərə sinə gərərək ölkəmizin ərazi bütövlüyü təmin edilənə qədər Ordumuzun döyüşləri davam etdirəcəyini qəti və əzmkar şəkildə bəyan etdi. Ermənistan rəhbərliyinin döyüşlərin dayandırması üçün etdiyi bütün cəhdlər uğursuz oldu və Ermənistan-Azərbaycan münaqişəsinə dünyanın böyük dövlətlərini cəlb etmək xülyaları iflasa uğradı. Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində əldə edilən parlaq hərbi-siyasi Qələbələr bütün ölkə vətəndaşları tərəfindən böyük sevinc hissi, bayram əhval-ruhiyyəsi ilə qarşılandı. Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatları və yeni işğal planlarının qarşısını almaq məqsədilə başladığı və 44 gün davam edən Zəfər yürüşü, hərbi əməliyyatları çərçivəsində düşmənin 30 il ərzində formalaşdırdığı  silahlı qüvvələrini darmadağın etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Xocavənd rayonunun böyük hissəsi, Laçın rayonunun bir sıra kəndləri və çoxsaylı strateji yüksəkliklər azad edildi. Noyabr ayının 8-də isə, Azərbaycanın incisi və mədəniyyət beşiyi olan Şuşanın işğaldan azad olunması, hərb tariximizin ən şanlı səhifəsi kimi yaddaşlara həkk olundu. Ermənistanın hərbi təcavüzünə cavab olaraq aparılan genişmiqyaslı əks-hücum əməliyyatları zamanı xalqımızın dövlət başçısının ətrafında həmrəylik nümayiş etdirməsinin çox böyük önəmi vardır. Bu sarsılmaz birlik məhz, ön cəbhədə vuruşan hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaratdı. Döyüş meydanında əldə olunan uğurlar noyabr ayının 10-da Ermənistanı hərbi əməliyyatları dayandırmağa, məğlubiyyətini etiraf etməyə, işğal altında saxladığı digər ərazilərimizdən çəkilməsi barədə öhdəlik götürməyə məcbur etdi. Bu möhtəşəm Qələbə dövlət müstəqilliyimizin bərpası, müstəqil Azərbaycan dövlətinin qurulması ilə birlikdə son 30 illik tariximizin ən parlaq səhifəsinə, xalqımızın Vətən və torpaq sevgisinin yenilməzliyinin təntənəsinə çevrildi. Qarabağın azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası olmaqla yanaşı, tarixi ədalətin təntənəsi, xeyirin şər üzərində qələbəsi qədər ümumbəşəri məna və əhəmiyyət kəsb edir. Haqsızlıqdan, xəyanətdən və təcavüzdən əzab çəkən xalqlar Vətən müharibəsinin timsalında haqqın qələbəsinin şahidi oldu. Azərbaycan təcavüz qurbanlarının gözündə haqsızlığa qarşı mübarizənin simvoluna çevrildi. Sirr deyil ki, bütün dövrlərdə və bütün sahələrdə ictimai uğurun ən əsas şərti, həmişə lider amili ilə əlaqədar olmuşdur. Tarixi təcrübənin dəfələrlə sübuta yetirdiyi həqiqət, hərb sahəsində özünü daha aydın şəkildə büruzə verir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

Şərhlər

Şərh yazılmayıb.