Huquqaz.com

Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik

15.10.2024
2.391
Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik

Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik.

“Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik”. Bu sözləri cənab Prezident İlham Əliyev Xankəndi şəhərində 15 oktyabr 2023-cü il tarixli nitqində qeyd etmişdir.

Bəli hər bir dövlətin gücünü onun hərbi potensialı və müdafiə qabiliyyəti də müəyyən edir. Silahlı Qüvvələrin gücü təkcə ölkənin hərbi qüdrəti demək deyil, bu, eyni zamanda, dövlətin beynəlxalq siyasət və təhlükəsizlik arenasında mövqeyinin qorunması baxımından əhəmiyyətli faktordur. Qürur hissi ilə deyə bilərik ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan həm də güclü və rəşadətli orduya malikdir. Azərbaycan Ordusu qüdrətini döyüş meydanında nümayiş etdirdi. Ordumuzun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyilə uğurlu hərbi əməliyyatlar apararaq 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi, düşmənin məğlub olaraq qarşımızda diz çökməsi və təslim olması xalqımızın tarixi missiyasını uğurla yerinə yetirdiyinin təsdiqi oldu.İqtisadi güc, güclü ordu, milli həmrəylik və birlik, beynəlxalq səviyyədə uğurlar və bütün bunları təmin və təşkil edən, mümkün resursları vahid amal uğrunda səfərbər etməyi bacaran Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi liderin olması Vətən müharibəsində Qələbəni şərtləndirən əsas amillər oldu.

3000 metr yüksəklikdə, dağlıq ərazidə aviasiya qüvvələrini cəlb etmədən düşməni susduran ordumuz döyüş taktikası baxımından hərb tariximizin yeni uğurlu bir səhifəsini yazdı. Nə Ermənistanın gücləndirilmiş bunkerləri, nə qurduğu postlar qəhrəman əsgərlərimizin müqavimətini qıra bilmədi, düşmən tez bir zamanda neytrallaşdırıldı. Azərbaycan əsgəri Şuşa döyüşlərindəki təcrübəsindən yararlanaraq bu dəfə də əlbəyaxa döyüşlərin qalibi oldu, daha bir strateji qələbəyə imza atdı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı.

Bu, hər zaman belə olacaq, ermənilər hər bir həmləyə, təxribata görə layiqli cəzasını alacaq, çünki Azərbaycan Ordusu düşmənin təxribatlarına mətinliklə cavab verməyə qadirdir.

Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin direktoru

 

 

Vətən müharibəsi cəmi 44 gün çəkdi.

2020-ci ilin noyabrın ayının 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalandı. 10 Noyabr ölkəmiz üçün tarixi bir gündür.  İmzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtəni qoydu.  Hansı ki, bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar. Bu bəyanat bizim şanlı qələbəmizdir.

2020-ci il sentyabrın 27-sində başlayan 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Ağdam, Laçın və Kəlbəcər şəhərləri isə bir güllə atılmadan azad edilmişdir.

Son illər biz xalqımızda güclü iradə gördük, yenilməzlik gördük, dövlətə sədaqət gördük, eyni zamanda onların gözlərində nisgil, həsrət gördük. Bunların hamısına artıq son qoyulub.  Əlbəttə ki, bu yerə gəlib çatmaq asan olmadı, amma mübariz xalqın əzmkarlığı ilə biz bunu bacardıq. Hazırda bundan böyük xoşbəxtlik yoxdur ki, Azərbaycan bütöv Azərbaycandır. Onun üçün də bu tarixlər şərəflə, qürurla qeyd olunacaq bir tarixdir.

Tükəz Lətifli –  Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi

Şərhlər

Şərh yazılmayıb.