Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq tarix
Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq tarix.
Bir il əvvəl – 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev lokal xarakterli antiterror əməliyyatları nəticəsində işğalçılardan təmizlənən tarixi torpaqlarımızda, o cümlədən Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda, Sərsəng su anbarının ərazisində və Xankəndidə üçrəngli bayrağımızı ucaltdı. Dövlət bayrağımızın ölkəmizin bütün suveren ərazilərində qürurla dalğalanması müstəqillik tariximizdə çox mühüm hadisə olmaqla yanaşı, Azərbaycanda separatizmin kökünün tam kəsildiyini bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsində və antiterror tədbirləri nəticəsində əldə olunan zəfərlər ötən illər ərzində həyata keçirilən məqsədyönlü və nəticəyə hesablanmış müdrik siyasətin məntiqi nəticəsidir.Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana misilsiz nailiyyətlər qazandıran siyasətin əsası 15 oktyabr 2003-cü ildə qoyulmuşdu. Həmin gün Ulu Öndər Heydər Əliyevin siyasi varisinə, dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasi xəttə sonsuz inamını ifadə edən xalq məhz cənab İlham Əliyevə səs verərək onu Prezident seçdi. Çünki xalq Heydər Əliyev siyasətini Azərbaycanın parlaq gələcəyinin yeganə təminatçısı görür və ona etibar edirdi. Bu illər ərzində siyasi arenalarda qazanılan diplomatik uğurlar, ölkəmizin iqtisadi dayaqlarının möhkəmləndirilməsi istiqamətində görülən əsaslı işlər, ordu quruculuğu, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə əldə olunan nailiyyətlər ölkəmizin davamlı və dayanıqlı tərəqqisini şərtləndirdi. İkitərəfli və çoxtərəfli formatlarda qurulan səmərəli əməkdaşlıq münasibətləri ölkəmizin iqtisadi, siyasi əlaqələrinin genişləndirilməsində müstəsna rol oynadı. Eyni zamanda, beynəlxalq təşkilatlarda aparılan uğurlu fəaliyyət Azərbaycan həqiqətlərinin, ölkəmizin bir nömrəli problemi olan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ədalətli mövqeyimizin dünya ictimaiyyətinə çatdırılmasını təmin etdi. Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikri bu gün də həyata keçirilən dövlət siyasətimizin əsas istiqamətlərindən birini təşkil edir. Ölkəmizin sürətli və davamlı iqtisadi inkişafı naminə aparılan mütərəqqi islahatlar, icra olunan Dövlət proqramları, həyata keçirilən layihələr güclü və rəqabətədavamlı iqtisadi tərəqqinin təmin olunmasında müstəsna rol oynayır.Bu xüsusda, beynəlxalq tərəfdaşlarla birgə icra edilən mühüm layihələri xüsusi qeyd etmək istərdim. Ulu Öndərin təşəbbüsü və iştirakı ilə otuz il öncə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan enerji strategiyamızın dövlətimizin başçısı tərəfindən müasir çağırışlar əsasında davam etdirilməsi ölkəmizin iqtisadi inkişafına, beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə önəmli töhfələr verir. Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihəsinin tərəfdaşlarla birgə uğurla icrası və onun genişləndirilməsi istiqamətində atılan məqsədyönlü addımlar nəticəsində bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu daha da artıb. Azərbaycan qazı artıq dünyanın 10 ölkəsinə satılır ki, onların da səkkizi məhz Avropa ölkəsidir.
Zərdab Gənclər evi SXM-in əməkdaşı- Cəlal Mecidli.
Bütün Azərbaycan xalqı ürəkdən sevinir.
Ötən ilin 15 oktyabr tarixində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı və Xankəndi şəhərindən xalqa müraciət etdi. Bu müraciət 30 illik işğal dövründən bu günədək Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi istiqamətində göstərdiyi səylərin, ədalətə və beynəlxalq hüquqa söykənən təbliğatın uğurlarının təqdimatı oldu. Dövlətimizin başçısı Xankəndidən Azərbaycan xalqına müraciətində bildirdi ki, iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayanda Azərbaycan Bayrağını işğal altında olan bütün ərazilərdə, torpaqlarda, şəhər və kəndlərdə qaldırılmasını qarşıya bir nömrəli vəzifə qoymuşdu. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru gedirdik. Ölkəmiz bu illər ərzində daha da gücləndi, iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi. Beynəlxalq standartlara cavab verən ordu formalaşdı. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın malik olduğu imkanların təqdimatı oldu. 44 gündə 30 ilin işğalına son qoymaq, tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etmək illərin qətiyyətinin nəticəsi idi. Azərbaycan Qarabağ probleminin həlli bağlı dəyişməz mövqeyini ən yüksək tribunalardan bəyan edirdi. Bildirirdi ki, ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və ola da bilməz. Dövlət başçısı cənab İlham Əliyev sözügedən müraciətində qeyd edib: “Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı”. Vətən müharibəsi cəmi 44 gün çəkdi. Azərbaycan tarixi Zəfəri ilə dünyaya səs saldı. Son dörd ildə bu Zəfərin yaratdığı reallıqları yaşayırıq. Dövlət başçısı İlham Əliyev Zəfərimizi əbədiləşdirmək üçün mühüm addımlar atır ki, bunlardan biri də işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsidir. Oktyabrın 17-də Füzuli Şəhəri Gününü qeyd edəcəyik. Dövlət başçısı İlham Əliyev torpaqlarımızın işğaldan azad etdikləri tarixi məhz həmin ərazilərdə qeyd edir. Bu, harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını qürurlandırır. Cənab İlham Əliyev ötən il bu tarixdə füzulilərlə məhz Füzuli rayonunda görüşdü, bu günümüz və gələcəyimizlə bağlı çağrışlarını səsləndirdi. İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzuli də dirçəliş dövrünü yaşayır. Füzuli tamamilə yenidən qurulur. Dövlət başçısı daim bu məqamı xatırladır ki, Füzuli azad olunanda Bayrağımızı ucaltmaq üçün hərbi hissədən başqa bir salamat bina tapa bilmədik. Hərbi hissənin həyətində dirəkdə Bayrağımızı ucaltdıq və buraya ilk dəfə gələndə adamın ürəyi ağrıyırdı. İnsan dəhşətə gəlirdi ki, bu dərəcədə düşmənçiliyin mənbəyi nədir?! Qeyd etdiyimiz kimi, Füzuli dirçəlir. Prezident İlham Əliyevin digər işğaldan azad edilmiş ərazilərimiz kimi, Füzuli rayonuna da səfərləri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri ilə yadda qalır. Onu da qeyd edək ki, tarixi Zəfərimizdən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə ilk səfəri məhz Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə oldu.
Zərdab Gənclər evi SXM-in metodisti -Toğrul Abulov.
Prezident İlham Əliyev vəzifə borcunu yerinə yetirməyə başlayanda qarşısında bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın.
2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirlərində Azərbaycan Ordusunun möhtəşəm Qələbəsi ilə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin olunması ermənilərin bu torpaqlardan ümidinin əbədi kəsilməsinin qarantı oldu. Dövlət başçısı qeyd edib: “Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik”.Prezident cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Prezident İlham Əliyev vəzifə borcunu yerinə yetirməyə başlayanda qarşısında bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın: “Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq”. Artıq Azərbaycanın amalı, niyyəti daha səmərəli, faydalı işlər görməyə yönəlib. Ötən illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi: “Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır”. Bu gün dövlətimizin məqsədi, həmçinin planetar səviyyədə bəşəriyyətin təhlükəsizliyi üçün çalışmaqdır. Qarabağ və Şərqi Zəngəzurda gözəlliklər yaratmaq, bərpa-quruculuq işləri həyata keçirmək, dünyaya sülh, rifah və təhlükəsizliklə bağlı mesajlar ötürüb bütün bəşəriyyətin xilasını prioritetə çevirmək əsas meyardır. O anlayışlar və amallar ki, heç vaxt Ermənistan dövlətinin lüğətində və düşüncə planında olmayıb. Bu gün Ulu Öndərin və Qarabağın azadlığı amalı ilə bütün həyatdan gedənlərin ruhları şaddır. Biz Qarabağa qayıtdıq. Məmləkətimizdə dövlət bayrağını öz müqəddəs məkanına geri qaytarıb ən uca zirvədə dalğalandıran oğullar yetişdi. Yəqin ki, ötən il oktyabrın 15-i, o möhtəşəm gün Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi xitaba bu ali duyğunu illərlə canında yaşadan və onun gerçəkləşməsi naminə ömür fəda edən neçə qəhrəman əsgərimizin səsi qarışmışdı: Əziz Qarabağ, sən azadsan! O bayraq ki, Xankəndi şəhərində ucaldılıb, orada əbədi dalğalanacaq!
Zərdab Gənclər evi SXM-in psixoloqu – Cəvahir Murtuzayeva.
Şərh yazılmayıb.