İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır
İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır.
Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Ötən ilin noyabrında Xankəndidə keçirilən Zəfər paradı ölkəmizin gücünün və Ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarix səhifələrinə yazıldı.
İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbənin məntiqi davamı olan antiterror tədbirləri Azərbaycan Silahlı Qüvvələrinin savaş sonrası dövrdə həyata keçirdiyi ən uğurlu hərbi əməliyyatlardan biridir və ən çox dəqiqliyi ilə yadda qaldı. Hərbçilərimiz 24 saatdan da az çəkən antiterror əməliyyatını əsl zərgər dəqiqliyi ilə icra etdilər. Nəticədə yalnız hərbi təyinatlı obyektlər, yəni silah anbarları, atəş mövqeləri və nöqtələri vuruldu, eyni zamanda, xeyli sayda terrorçu edildi. Əməliyyatın digər unikallığı onda idi ki, mülki infrastruktura və Qarabağın erməni əhalisinə heç bir ziyan dəymədi.
Antiterror əməliyyatına qədər Qarabağda erməni əhali də yaşayırdı. Ancaq bu dinc erməni əhalisindən, mülki şəxslərdən bir nəfər də yaralanmadı. Yəni o qədər düzgün, dəqiq hesablanmış əməliyyat həyata keçirildi ki, yalnız Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid yaradan, təhlükə törədən qüvvələr və obyektlər məhv edildi.
Antiterror tədbirləri Azərbaycanın çox güclü və döyüşərək formalaşan peşəkar orduya malik olmasını bir daha ortaya qoydu. Bu əməliyyatlar Azərbaycanın öz dövlət maraqlarını qorumaq istiqamətində müstəqil respublika kimi çox geniş imkanlara malik olduğunu nümayiş etdirdi. Antiterror tədbirləri Qarabağda başda Fransa olmaqla, bir sıra xarici dövlətlərin, eyni zamanda, erməni şovinizminə, terrorizminə, revanşizminə dəstək verən, erməni lobbisinin Qarabağda, xüsusilə Xankəndində həyata keçirmək istədiyi təhlükəli planların qarşısını aldı. Bununla da Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra qarşısına qoyduğu ən yaxın məqsədinə nail oldu, separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edə bildi. Uğurlu antiterror əməliyyatının ən böyük əhəmiyyəti məhz bundan ibarətdir.
Beləliklə, Azərbaycan Cənubi Qafqazda aparıcı və öz sözünü deyən, müstəqil siyasət həyata keçirən dövlət olduğunu bir daha təsdiqləmiş oldu. Həm 44 günlük savaşda, həm də ondan sonrakı proseslərin gedişində Laçın yolunda öz postlarımızı qurduq və oradan ermənilərin Qarabağa qanunsuz girişinin qarşısını aldıq. Bu, antiterror əməliyyatının uğurunu şərtləndirən çox böyük amillərdən biri idi. Ordumuz antiterror əməliyyatı zamanı şəhidlər verdi, yaralılarımız oldu. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayıram.
Antiterror əməliyyatı həm strateji, həm də taktiki baxımdan heç vaxt unudulmayacaq. Bu, hətta 44 günlük Vətən müharibəsi kimi tarixi əhəmiyyət kəsb edən əməliyyat idi.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi – Alagöz Namazova
Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu.
44 günlük Vətən müharibəsinin həlledici məqamlarına, rəşadətli Ordumuzun yazdığı qəhrəmanlıq salnaməsinə, böyük Zəfəri təmin edən əsas amillərə nəzər salsaq görərik ki, müharibənin birinci günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə törətdiyi təxribatlara cavab olaraq Ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bəyan etdi. “Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, – dövlətimizin başçısının xalqa müraciətində dediyi bu sözlər hər bir azərbaycanlını düşmən üzərində Qələbəyə ruhlandıran şüara çevrildi.
Əks-hücum əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. Düşmənin xüsusilə möhkəmləndirilmiş ön müdafiə xəttini yaran Azərbaycan Ordusunun Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz və Qərvənd kəndlərini, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etməsi qarşıdakı böyük Qələbəmizin ilk müjdəsi oldu.
Azərbaycan Ordusu şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz kəndini işğaldan azad etdi. Bundan bir gün sonra Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi düşməndən təmizləndi. Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzlik” mifini darmadağın edən rəşadətli Ordumuz Füzuli şəhərində Azərbaycan bayrağını ucaltdı. Oktyabrın 18-də – Müstəqillik Günündə Azərbaycanın üçrəngli bayrağı qədim Xudafərin körpüsü üzərində dalğalanmağa başladı, ardınca Zəngilan şəhəri işğaldan azad olundu.
Böyük Qələbə münasibətilə Prezident müraciətində böyük fəxarət və qürur hissi ilə xalqımızı təbrik etdi. İşğal altında olan Şuşa azad edildi. Şuşanın azad edilməsi ilə Ermənistan ordusunun müqavimət gücü tamamilə sarsıldı. Azərbaycan Ordusu daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi düşməndən təmizlədi.
Düçar olduqları ağır məğlubiyyət Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. 2020-ci ilin Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.
XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Çətin relyef şəraitində cəmi 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə şanlı Qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. Ordumuz ilk gündən düşmənin müdafiə xəttini yararaq bütün 44 gündə yalnız irəli getdi. Ermənistan ordusunda on mindən çox əsgər fərarilik etdiyi halda, Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də fərari olmadı.
İkinci Qarabağ müharibəsində qazanılmış şanlı Qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır. Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə əsgər və zabitlərimiz şəhid olub. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım
Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir
Qərb ölkələrinin Ermənistanı silahlandırması sürətlənib. Yayılan məlumatlar və baş verənlər göstərir ki, Cənubi Qafqazda maraqlar uğrunda mübarizə aparan tərəflər Azərbaycanla sülh danışıqları aparan Ermənistanı silahlandırmaqla bölgədə revanşizmin körüklənməsinə və sülh perspektivinin “dəfn edilməsinə” çalışır.
Qərbin – ABŞ, Almaniya və Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi bölgədə sülh danışıqlarını bloklayır. Çünki bu silahlar Ermənistanın revanşist yanaşmasını gücləndirəcək və Azərbaycana qarşı hücumlara sövq edəcək.
Qarabağın işğalda olduğu 30 ilə yaxın dövrdə İranın işğalçı Ermənistana dəstək verdiyi məlumdur. 44 günlük müharibə və sonrasında bu dəstək açıq müstəviyə keçdi.
Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Bəzi hallarda açıq – necə ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı açıq-aşkar aparılır – bəzi hallarda isə məxfi formada.
Regionda sülhün, təhlükəsizliyin bərqərar olması istiqamətində bütün danışıqlarda iştirak etməklə yanaşı, həmçinin əməli addımlar atan Azərbaycandan fərqli olaraq Ermənistanın “fəaliyyəti” bu ölkənin sülhdən yayındığını açıq-aydın göstərir.
Sülh müqaviləsinin bağlanmasını sözdə ən prioritet məsələ hesab edən beynəlxalq qurumlar, böyük dövlətlər isə yenə də ikili oyun oynayırlar.
Ermənistan regionda gərginliyin qalmasında maraqlıdır. Bu ab-havanı saxlamaqla, beynəlxalq ictimai rəylə manipulyasiya edir və Azərbaycanı hədəfə gətirməyə çalışır.
Ermənistanın növbəti dəfə silahlandırılmasında isə son məqsədi sülh prosesini ləngitmək, mümkündürsə iflasa uğratmaqdır. Bu ölkə regionda formalaşan yeni arxitekturanı, olduqca pozitiv əməkdaşlıq imkanlarını, inkişafı və təhlükəsizliyi təhdid edir və açılan yeni perspektivlərə zərbə vurmağa can atır. Amma sonda ən böyük zərbəni özü alacaq.
Zərdab rayon Nizami adına Şəftəhal kənd tam orta məktəbin müəllimi Səriyyə Muradova.
Beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib
Azərbaycan bu il çox mühüm bir tədbirə ev sahibliyi edəcək. Bu COP29-dur. Qeyd etmək lazımdır ki, təmiz enerjiyə keçidin təmin edilməsi Azərbaycanın əsas prioritetləri sırasındadır və bu istiqamətlərdə də səmərəli tərəfdaşlıq üçün yaxşı imkanlar mövcuddur. Yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir.
qeyd edək ki, Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Zərdab şəhər 4 saylı ümumi orta məktəbin direktor müavini Əfqan Nağıyev
Şərh yazılmayıb.