Huquqaz.com

Laçın şəhərinin azad olunması tarixi hadisədir

14.01.2023
2.786
Laçın şəhərinin azad olunması tarixi hadisədir

Laçın şəhərinin azad olunması tarixi hadisədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına 10 yanvar 2023-cü il tarixində verdiyi müsahibəsində bildirmişdir ki, “Laçın bizim tarixi diyarımızdır və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda olan ilk işğal edilmiş rayon idi. Faktiki olaraq Laçın rayonunun işğalından sonra Ermənistanla ovaxtkı Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı və bizim gələcək məğlubiyyətimizin məhz, təməli o vaxt qoyulmuşdur”

Prezident İlham Əliyev çıxışlarında qeyd etmişdir ki,  artıq Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir.

Laçın şəhəri Azərbaycanın BMT-yə üzv qəbul edildiyindən sonra işğal edilmişdi. O zamanlar Azərbaycanda səngimək bilməyən daxili siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə bir tərəfdən erməni işğalçılarının cəbhədə yolunu açır, digər tərəfdən işğal faktlarını BMT-yə, dünyanın diqqətinə çatdırmaq imkanlarını məhdudlaşdırdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində – 822, 853, 874 və 884 saylı qətnamələrdə bilavasitə Laçının adı çəkilməsə də, sənədlərdə yer alan “erməni silahlı dəstələrinin son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından”, “digər rayonlardan geri çəkilməsi” tələbi birbaşa Laçına aid idi.

Laçının azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Hazırda işğaldan azad edilmiş torpaqlarımız Azərbaycan dövlətinin vəsaiti, Prezidentin siyasi iradəsi ilə bərpa edilir, vətəndaşlarımızın normal həyatı üçün bütün addımlar atılır. Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür.

Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.

Məkkə Həmidova – Hüseynxanlı kənd ümumi orta məktəbin direktoru

 

Biz Ermənistanla məsələni həll etmişik

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün ərzində davam edərək erməni işğalı altında olan əzəli torpaqlarımızın azad edilməsi ilə nəticələnən Zəfərimiz ən parlaq və şanlı tariximizdir. Bugünkü və gələcək nəsillərimiz bu tarixi hadisəni hər zaman qürurla xatırlayacaq və dövlətimizin, xalqımızın sınmaz iradəsi və qətiyyəti ilə fəxr edəcək. Biz təkcə hərb meydanında deyil, həmçinin siyasi, diplomatik sahələrdə də yüksək üstünlük qazanmışıq.İstər Vətən Müharibəsi zamanı, istərsə də postmüharibə dövründə baş verənlər bunu sübut edir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandanın dünyanın tanınmış media orqanlarında verdiyi tutarlı və əsaslandırılmış, Ermənistanın və onun havadarlarının işğalçı mahiyyətlərini ifşa edən müsahibələr informasiya müharibəsinində də qələbəmizə əsas oldu.

Tarixi qələbəmizdən sonra dövlətimiz tərəfindən milli maraqlarmızın təmin edilməsi, 10 noyabr tarixli üçtərəfli bəyənatın şərtlərinin yerinə yetirilməsi istiqamətində səylərimizi davam etdirir. Bir sözlə müharibə bitsə də mübarizə hələ davam edir. Çünki Ermənistan tərəfi bəyənata üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib və havadarları ilə birgə revanşist açıqlamalarından əl çəkməyib. Lakin Azərbaycan öz mövqeyindən davamlı sülhün və əmin-amanlığın təmin edilməsi üçün qətiyyətlə mübarizə aparır. Ermənistan sülh müqaviləsinin imzalanması yönündə aparılan işlərə və danışıqlara öz töhfəsini verməli və bu məkrli planlarından əl çəkməlidir. Çünki regionun inkişafı davamlı sülhdən asılıdır və ancaq belə olacağı təqdirdə dövlətlərin və xalqların təhlükəsizliyi təmin edilə bilər.

Ali Baş Komandan  İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində qeyd etmişdir ki, “Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil – həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır.

Kəmalə Məmişova – Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktoru

 

Fransa hər vəchlə çalışır ki, nə sülh, nə hərb olsun, məsələ dondurulmuş vəziyyətdə qalsın

Cənubi Qafqaz regionu tarixin bütün dövrlərində böyük güclərin maraq dairəsində olmuşdur. Ən qədim dönəmlərdə Assuriya, Midiya, Ərəb xilafəti, Çar Rusiyası, Osmanlı imperiyası və sair dövlətlər bu regionu öz nəzarətində saxlamağa çalışmışlar.

Çağdaş dünyada Qafqazın süpergüc mərkəzi Azərbaycan Respublikasıdır. Dünyanın ən qüdrətli dövlətləri məhz Azərbaycanla iqtisadi, siyasi, mədəni əlaqələrin inkişafına maraqlıdır. Gürcüstan əsasən tranzit ölkə funksiyasını icra etməkdədir. Cənubi Qafqaz regionunda monoetnik dövlət olan Ermənistan özünü təcrid siyasəti yürütməkdədir. Uzun əsrlər ərzində Rusiyanın maraqlarına xidmət edən bu dövlət bu gün özünə yeni ağa, sahib axtarışındadır. Məlum məsələdir ki, Böyük Britaniya və ABŞ Cənubi Qafqazda Azərbaycan Respublikasını dəstəkləyir. Böyük Britaniya və Azərbaycan arasında ən böyük enerji müqaviləsi mövcuddur. Avropanın iqtisadi mərkəzi olan Almaniya hələ “mandat” bölgüsü dövründən Gürcüstanı öz nüfuz çevrəsində saxlayır. Avropada və dünyada özünü hegemon, qüdrətli dövlət kimi sırımağa çalışan Fransa bütün cəhdləri boşa çıxdıqdan sonra cənubi Qafqazda imtina edilmiş Ermənistanla bacılıq etmək niyyətindədir. Fransanın, nə də fransızların ermənilər üçün ürəyi getmədiyini çox gözəl anlayırıq. Sadəcə Fransa erməni lobbisinin havasını oynamağa çalışır. Digər tərəfdən regiondan tamamilə çıxmamaq üçün son dayaq kimi Ermənistanı müdafiə edir. Fransa məsələnin həllində qətiyyən maraqlı olmamasının bir neçə səbəbi mövcuddur. Əvvəla, Fransa dövləti məsələni daim gərgin saxlamaqla orada yaşayan ermənilərin səsini qazanmaq və erməni lobbisinin vəsaitlərindən istifadə etmək niyyətindədir. Digər tərəfdən Avropa İttifaqında özünü hakim qüvvə kimi təqdim etmək üçün məsələnin öz maraqları çərçivəsində həllində maraqlıdır. Təbii ki, Azərbaycan xalqı Fransanın bu qərəzli və xudbin addımının reallaşmasına heç bir halda razılaşmayacaq. Fransa ATƏT-in Minsk qrupunun həmsədrləri arasında daim gərginliyi artıran, münaqişənin həllində ümumiyyətlə maraqlı olmayan tərəf kimi çıxış etmişdir. Ulu öndər Heydər Əliyev daim Fransanın Minsk qrupunun həmsədrləri arasında olmasına etiraz etmişdir. İkinci Qarabağ müharibəsindən sonra cənab Prezident İlham Əliyev Minsk qrupunun həmsədrlərinə öz yerlərini göstərmişdir. Telefon zənglərində və şəxsi görüşlərdə cənab prezident İlham Əliyev Fransa prezidenti Emanuel Makrona açıq şəkildə etirazını bildirmiş, onu bu mövqeyindən çəkinməyə dəvət etmişdir.

Fransanın Ermənistana bu qədər yaxınlaşmasının əsas səbəblərindən biri də çox qütblü dünyada qlobal gücə çevrilən Türkiyə ilə rəqabətə tab gətirə bilməməsidir. Türkiyənin istənilən nüfuz nöqtəsi Fransa dövləti üçün bir baş ağrısı olmaqdadır.

Eşqin Məmmədov  – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi

 

Müharibə bitsə də, mübarizə hələ davam edir – İlham Əliyev

İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Biz dərhal işə başladıq. Çünki yaxşı başa düşürdük ki, əgər biz siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik. Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.

“Dərhal fəal işə başladıq və hesab edirəm ki, bu gün – artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycanın haqlı olması bir daha təsdiqlənib və müharibənin sonunda yaranmış vəziyyəti biz daha da möhkəmləndirməliyik, yəni, öz mövqelərimizi daha da gücləndirməliyik. Son iki il ərzində həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində biz istədiyimizə nail ola bilmişik”, – deyə dövlətimizin başçısı bildirib.

Dövlət başçısının sözlərinə görə, bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində Müzəffər Ali Baş Komandan, Xalq-ordu birliyi dayanır. Müharibədən sonra Azərbaycan siyasətinə olan müsbət münasibət və rəğbət daha da artdı. Çünki bütün dünya  bilir ki, biz bu Qələbəni nəyin bahasına əldə etdik, hansı qüvvələrlə mübarizə apardıq. Cənab Prezident qeyd etdiyi kimi “Müharibə bitsə də, mübarizə hələ davam edir”

Xalq olaraq əminik ki, biz Ali Baş Komandanın rəhbərliyi ilə biz daim qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi cə iqtisadi gücümüz var.

İlhamə Zalova – Azərbaycan dili və ədəbiyyat müəllimi

 

Bizim məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir

Cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bu mövzuya toxunmuş, prioritet məsələ kimi qiymətləndirmişdir. Xalqın maddi rifahının yüksəldilməsi üçün müxtəlif fərmanlar, əmrlər,sərəncamlar imzalamışdır.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının və müstəqilliyinin siyasi proqramını ümummilli liderimiz Heydər Əliyev böyük inamla formalaşdırmış və reallaşdırmış, iqtisadi müstəqillik uğrunda mübarizənin möhkəm təməlini qoymuşdur.

Hazırda siyasi müstəqilliyin və onun iqtisadiyyat cəbhəsinin daha da möhkəmləndirilməsinin sükanı cənab Prezidentimiz İlham Əliyevin əlindədir. Əminliklə demək olar ki, Azərbaycanın iqtisadiyyatının inkişafının reallaşdırılması İlham Əliyev siyasətinin tarixi nailiyyətidir.

Prezident İlham Əliyev öz üzərinə düşən tarixi missiyanı böyük həssaslıqla dərk edərək, ölkənin strateji kursunu bütün sahələr üzrə qəbul edilən və elmi cəhətdən əsaslandırılmış proqram sənədləri ilə müəyyən etdi. Əslində, MDB məkanında ilk dəfə olaraq sosial-iqtisadi inkişafı müasir prinsiplər əsasında tərtib edilmiş Dövlət Proqramları ilə tənzimləyərək, ölkəni yeni üfüqlərə, iqtisadi müstəqilliyin təmin olunmasına doğru istiqamətləndirdi. İqtisadi potensialın ildən-ilə güclənməsi, əhalinin maddi həyat şəraitinin yaxşılaşması, iqtisadi-siyasi islahatların aparılması Azərbaycanın gələcəyinə hesablanan məqsədyönlü dövlət proqramlarının ana xəttini təşkil edir. Bu gün Azərbaycan iqtisadi cəhətdən güclü dövlət olmaq yolunda əmin addımlarla irəliləyir.

Piralı Əliyev – Zərdab şəhər 2 nömrəli tam orta məktəbin direktoru

 

İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə təsdiqləmək idi

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Müsahibədə prezident İlham Əliyev bir sıra məsələlərə toxunub. Prezidentin çıxışı zamanı toxunduğu məsələlərdən biri İkinci Qarabağ müharibəsindən sonra şanlı hərbi Qələbəmizin siyasi müstəvidə də təsdiqlənməsi idi. Bununla əlaqedar İlham Eliyev bildirmişdir: “Biz dərhal işə başladıq. Çünki yaxşı başa düşürdük ki, əgər biz siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik. Dərhal fəal işə başladıq və hesab edirəm ki, bu gün – artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycanın haqlı olması bir daha təsdiqlənib və müharibənin sonunda yaranmış vəziyyəti biz daha da möhkəmləndirməliyik, yəni, öz mövqelərimizi daha da gücləndirməliyik. Son iki il ərzində həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində biz istədiyimizə nail ola bilmişik.

Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Müharibədən sonra Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı, yəni, bizə olan rəğbət daha da artdı. Çünki dünyanın siyasi elitası yaxşı başa düşür ki, biz bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq. Yəni, müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü, əlbəttə ki, artırır.

Sabir Əhmədov – Şıxbağı kənd tam orta məktəbinin direktoru

Şərhlər

Şərh yazılmayıb.