Huquqaz.com

Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa əsaslanaraq həyata keçirməkdə davam edəcək

21.09.2022
2.856
Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa əsaslanaraq həyata keçirməkdə davam edəcək

Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.

Azərbaycan Respublikasının xarici siyasətində dünya dövlətləri ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi də mühüm yer tutur.  Azərbaycan qüdrətli, güclü, sülhsevər bir ölkə kimi Cənubi Qafqazda, beynəlxalq aləmdə sülhə, əminamanlığa, təhlükəsizliyə mühüm töhvələr verir. Bunun nəticəsidir ki, dünya siyasətinin aparıcı qurumları, beynəlxalq təşkilatları Azərbaycanın yürütdüyü xarici siyasəti yüksək qiymətləndirir və dəstəkləyirlər. Müstəqil siyasət aparan ölkəmiz xarici siyasi əlaqələrini, iqtisadi, strateji, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi : “İqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət yürüdə bilər!”. Bu gün Azərbaycan beynəlxalq aləmdə sözü ilə imzası bir olan, güclü iqtisadiyyata, qüdrətli orduya malik, yüzlərlə ölkəyə köməklik göstərən, yardımlar edən donor bir ölkədir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Bölgədə və beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycan bu kontekstdə son dövrlərdə ölkəmizin iştirakı ilə gerçəkləşdirilən enerji layihələrinin də ən fəal və önəmli iştirakçısıdır. Məhz, bütün bunlara görə dünya siyəsətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar da Azərbaycanın mütərəqqi xarici siyasətini, regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər. Azərbaycanın uğurlu xarici siyasət kursu sivilizasiyalararası dialoq və qlobal inteqrasiya baxımından da, xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi imic qazanmışdır. Azərbaycan həm də illərdi ki, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi siyasəti ilə xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır.

Zərdab rayon Gənclər və İdman İdarəsinin əməkdaşı- Məleykə Hümbətova

Şərhlər

Şərh yazılmayıb.