Ağdam” etimologiyası barədə
Ağdam” etimologiyası barədə.
Ağdam şəhərin adı ilə bağlı bir neçə fikir var. Bəzi mənbələrə görə, şəhərin adı “ağ”(işıq, parlaq) və “dam” sözlərindən yaranıb, mənası “işıqlı yer” və ya “işıqlı ev” deməkdir. Digər fikrə görə isə “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Keçmiş zamanlarda bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək məqsədilə kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında isə Qarabağ xanı Pənahəli xan burada özü üçün ağ daşdan ibarət imarət tikdirmək üçün əmr verib. Bu imarət uzun illər insanlar üçün Ağdamın bir növ simvoluna çevrilmişdir. Şəhər XVIII əsrdə Qarabağ xanlığının tərkibində olmuş və bu dövrdən etibarən inkişaf etməyə başlamışdır. XX əsrin 50-ci illərindən etibarən Ağdam rayonu ərazisində arxeoloji tədqiqat işləri aparılmışdır. Bu tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Ağdam ərazisi qədim insanların yaşayış məskənlərindən biri olmuşdur. İlk insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, Eneolit dövründə, yəni e.ə. IV-VI minilliklərdə yaşamış, əkinçilik və maldarlıqla məşğul olmuşdurlar. Ərazidən tapılan taxıl və üzüm dənələri sübut edir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik idilər. Üzərriktəpədə aparılan tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanan arxeoloqlar qeyd edirlər ki, Ağdam Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biridir. 1993-cü ildə 42 gün davam edən döyüşdən sonra Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Ağdam 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmişdir. Şəhər “Qafqazın Xirosiması” adlandırılırdı, çünki düşmən tapdağı olduğu illərdə bura tamamilə dağıdılmışdı. Ağdamın əsas mədəniyyət abidələrindən biri Ağdam Cümə Məscididir. Bu məscid XIX əsrin əvvəllərində tikilmiş və şəhərin dini və memarlıq simvoluna çevrilmişdir. Ağdamda yerləşən Çörək Muzeyi isə keçmiş SSRİ-də yeganə belə bir muzey idi. Burada çörəkçilik tarixi və ənənələri nümayiş olunurdu. İşğal zamanı bu muzey dağıdılmışdır, lakin onun yenidən bərpası nəzərdə tutlur. Bütün dağıntılara, zorakılıqlara baxmayaraq, işğaldan azad edildikdən sonra burada təmir-bərpa işləri sürətlə aparılmışdır. 2020-ci ildən etibarən Ağdamda “Ağıllı şəhər” konsepsiyasına əsasən tam müasir infrastruktur qurulur. 2021-ci il 28 may tarixində şəhərin Baş Planı ictimaiyyətə təqdim olunmuşdur. Ağdam şəhərində 5 məhəllə nəzərdə tutulmuşdur, hal-hazırda isə artıq 2-ci məhəllədə 66 binanın tikinti işləri başlamışdır. Ağdamın quruculuq işləri dövlətin Qarabağı yenidən canlandırmaq istiqamətindəki genişmiqyaslı səylərinin bir hissəsidir. Şəhərin yaxın illərdə müasir və yaşıl bir mərkəzə çevrilməsi gözlənilir. Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən edilmişdir. Bu tarix Ağdam sakinləri və Azərbaycan xalqı üçün böyük önəm daşıyır. 20 noyabr 20202-ci il Ağdamın 27 illik işğal dövründən sonra azad edilməsi ilə yaddaşlara həkk olunub və hər il bu hadisə böyük qürur və sevinc hissi ilə xatırlanır.
İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva.
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır.
2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilib. Azərbaycan Ordusunun hər gün qələbə qazanması işğalçı dövlətin həm ordusunda, həm də əhalisi arasında böyük qorxu yaradıb. Bununla da təşvişə düşən erməni hərbçiləri döyüş meydanından və ya ordudan qaçmaqla canlarını qurtarmağa çalışıblar. Azərbaycanın işğal olunmuş torpaqlarının böyük hissəsi 44 günlük döyüşlər nəticəsində azadlığına qovuşub. Ağdamın Azərbaycana təhvil verilməsindən sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ağdama səfər edərək Azərbaycan bayrağını burada qaldırdı. Tarixi qələbədən sonra isə milli ideyanın ikinci mərhələsi – azad edilən torpaqların minalardan təmizlənməsi, düşmənin xarabalığa çevirdiyi yurd yerlərini dirçəltmək, genişmiqyaslı infrastrukturu qurmaq, Böyük Qayıdışa hazırlaşmaqdan ibarət oldu. Bununla da Ağdamda böyük quruculuq-bərpa işləri başladı. Bu gün ermənilərin viran qoyduqları ərazidə irimiqyaslı layihələr icra olunur. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələri salınır. Ağdam şəhəri elə bir layihə ilə qurulur ki, onun bənzəri dünyada olmayacaq. Təbii ki, bütün bunlar ağdamlıların böyük sevincinə və gələcək arzularına qol-qanad verir. Bəli, artıq Ağdamın bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. Burada aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə dövlət başçısı şəxsən özü nəzarət edir. Bu mənada Prezident cənab İlham Əliyevin bu rayona hər səfəri aparılan yenidənqurma işlərinə yeni töhfələr verməkdədir. Ümumiyyətlə, dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərə hər səfəri regionun dirçəlməsi üçün ən vacib infrastruktur layihələrinin icrası və təməlqoyma mərasimləri, tarixi-mədəni, dini abidələrin bərpası ilə müşayiət olunur və “Böyük Qayıdış”ı addım-addım yaxınlaşdırır. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik məsələləri nəzərə alınmaqla, infrastruktur təminatının strateji hədəflərə uyğunlaşdırılması, nəqliyyat sisteminin fasiləsiz fəaliyyəti üçün yolların çəkilməsi, telekommunikasiya şəbəkələrinin qurulması, elektrik, su, istilik və qaz təchizatının təmin edilməsi prioritet istiqamətlərdəndir. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdam rayonunda da bir sıra mühüm infrastruktur layihələrinin icrası davam etməkdədir. Göründüyü kimi azadlığına qovuşmuş Ağdamın quruculuq, bərpa və inkişaf dövrü başlayıb. Artıq 4 ildir ki, bütün dünyaya göstəririk ki, öz yurdumuzu düşməndən geri almağı bacardığımız kimi, onu dirçəltməyə, gözəlləşdirməyə də hər imkanımız var. Qarabağın mərkəzi rayonu Ağdam ölkə Prezidentinin rəhbərliyi və nəzarəti ilə xarabalıqlardan baş qaldırıb ucalır, yenidən ağ günlərinə qovuşur. Çox keçməyəcək ki, onun əvvəlki acı mənzərəsinin yerində müasir, işıqlı, öz sakinlərinin isti nəfəsi ilə canlanmış gözəl bir şəhər görəcəyik.
Şıxbağı kənd tam orta məktəbinin direktoru-Sabir Əhmədov.
Şərh yazılmayıb.