Azərbaycan-Bolqarıstan əməkdaşlığı yeni səviyyəyə çatacaqdır
Azərbaycan-Bolqarıstan əməkdaşlığı yeni səviyyəyə çatacaqdır
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri hazırkı mürəkkəb beynəlxalq şərtləri içərisində hər iki ölkənin maraqlarının təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Avropanın enerji təhlükəsizliyi heç vaxt indiki qədər təhdid altında olmayıbdır. İş o yerə çatıb ki, Avropa İttifaqına üzv olan ölkələr, o cümlədən Bolqarıstan enerji təminatı ilə bağlı etibarlı mənbə tapmaqda çətinlik çəkir. Bax belə məqamda Azərbaycanın etibarlı tərəfdaş kimi ardıcıl və prinsipial mövqeyi xüsusi əhəmiyyət kəsb edir və onun tərəfdaşları tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycanla Bolqarıstan arasında hələ 2015-ci ildə strateji tərəfdaşlıq haqqında birgə bəyannamə qəbul edilib. Bu bəyannamədə əksini tapan tərəfdaşlıq istiqamətləri əslində iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafı üçün yol xəritəsi rolunu oynayır. Şübhəsiz ki, bu kontekstə enerji sahəsindəki əməkdaşlıq prioritet təşkil edir. Hazırda Azərbaycanın həyata keçirdi Cənub Qaz dəhlizi, TANAP və TAP layihəsi bu sahədə ən etibarlı təchizat körpüsüdür. Ona görə də Azərbaycan Prezidenti qeyd etdi ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi doğrudan da tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, həm də Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu isə ölkəmizin öz tərəfdaşlarına daha çox qaz ixrac etməsi üçün əlavə imkanlar yaradır.
Nəqliyyat və logistika sahəsində, eyni zamanda Ələt Azad İqtisadi Zonasında əməkdaşlıq üçün olduqca perspektivli imkanlar mövcuddur: “Xüsusilə tarixi İpək Yolunun orta xətti üzrə yeni Zəngəzur dəhlizinin açılması imkanları bu yol vasitəsilə avtomobil və dəmiryolu ilə yükdaşımaları cazibədar edir. Çünki bu, ənənəvi yolun 300 km. qısalması və iqtisadi faydalılıq əmsalının artması deməkdir. Digər tərəfdən, Azərbaycan Xəzərdə, Bolqarıstan isə Qara dənizdə strateji mövqeyə malikdirlər. Müvafiq potensialların reallaşdırılması hər iki ölkə üçün yeni imkanlar yaradır. Ona görə də Azərbaycan Prezidenti Bolqarıstan şirkətlərini ölkəmizdə genişmiqyaslı işlər görməyə dəvət etdi”.
Milli brendimiz olan SOCAR-ın Bolqarıstanın enerji infrastrukturunun yenilənməsində mümkün iştirakı və digər məsələlər Azərbaycan Prezidentinin Bolqarıstana səfəri çərçivəsində müzakirə olunmuşdur. Bütün bunlar iki strateji tərəfdaş ölkə arasında əməkdaşlığın geniş imkanlarının olduğunu göstərir. Belə əməkdaşlıq hər iki ölkənin milli maraqları baxımından olduqca faydalıdır və Azərbaycan-Bolqarıstan əməkdaşlığı yeni səviyyəyə çatacaqdır.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Şərh yazılmayıb.