Huquqaz.com

Şanlı zəfərimizin əbədiləşdirilməsi

19.11.2024
2.448
Şanlı zəfərimizin əbədiləşdirilməsi

Şanlı zəfərimizin əbədiləşdirilməsi.

Azərbaycanın və Qarabağın gözəl guşəsi Ağdam şəhəri hələ XVIII əsrin I yarısında Qarabağ xanlığının yaradıcısı Pənahəli xan tərəfindən yaradılmışdır. Ümumiyyətlə Ağdam rayonun inzibati vahid kimi 1930 cu ildə yaradılıb. 1988-ci il azərbaycanlıların deportasiyasi zamanı Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna  gətirilmişdi.1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən çıxarıldı. 23 iyul 1993-cü il tarixdə isə Ermənistan  tərəfindən Ağdam şəhəri işğal olunub. Ağdam uğrunda 42 gün davam edən döyüş nəticəsində  Ağdam ərazisinin 73 faizi işğalı olundu. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. Ağdamın işğalından sonra  1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. Lakin Ermənistan tərəfi beynəlxalq qərarlara tabe olmaqdan yayındı.İşğalın nəticəsində Ağdama çox ciddi ziyan dəydi. 2008-ci ildə “Lonely Planet  jurnalı Ağdamı “Qafqaz Hiroşiması” adlandırıb. 2010-cu ildə Əl-Cəzirənin internet nəşri, Ağdamı “ruhlar şəhəri” siyahısına salıb. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Bununla Ağdam şəhərinin işğalına son qoyulur. Azərbaycan hökumətinin planlarına görə, Ağdam ölkənin dördüncü böyük şəhəri olacaq və orada 100 min nəfər yaşayacaq. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub.

Zərdab şəhər  Ş.Qurbanov adına  2 saylı  orta məktəbin tarix müəllimi Sadıqova  Ülkər

 

 

Ağdamın işğalı.

12 iyun 1993-cü ildə Qarabağdakı Ermənistan ordusu Ağdam və Ağdərə şəhərləri istiqamətində şiddətli bir hücuma başladı. Hücum əməliyyatında ümumilikdə 6000-dən çox hərbçi, yüzlərlə hərbi texnika, haubitsa və özüyeriyən artilleriya, həmçinin Mi-24 döyüş vertolyotları iştirak edirdi. Erməni ordusunun qarşısında qoyulan əsas vəzifə Azərbaycan bölmələrinin müdafiə xəttini yarmaq, ardından Ağdam şəhərinin mühasirəyə alınması və orada cəmləşmiş qüvvələrin, silah-sursat anbarlarının, zirehli texnika təmir bazasının məhv edilməsi idi. Ermənistanın həyata keçirdiyi ilk hücum uğursuzluqla nəticələnir. Erməni qoşunları Ağdama əsas zərbəni cənub tərəfdən Mərzili – Yusifcanlı kəndləri istiqamətində, mərkəz tərəfdən Əhmədavar – Şelli kəndləri istiqamətində və şimal tərəfdən Əlimədədli – Qalayçılar kəndləri istiqamətində endirdi. Hücumun ilk 3 günündə erməni birlikləri Azərbaycan ordusunun Ağdam cəbhəsinin şimal və cənub istiqamətində müdafiə xəttini yarmağa müvəffəq oldular. Cənub istiqamətindəki hücumlarda Mərzili, Novruzlu, Yusifcanlı və Qiyaməddinli kəndləri, şimal tərəfdən isə Qalayçılar, Əliağalı, Əlimədədli, Kürdlər kəndləri işğal altına düşdülər. Yalnız mərkəzi istiqamətdə erməni qoşunlarının bütün hucumlarını dəf etmək mümkün oldu. Azərbaycan ordusu onlara inadkar müqavimət göstərməyə davam etdi. Ordunun əsas müdafiə mövqelərini qorumağı bacardı, düşmən isə canlı qüvvə və hərbi texnika sarıdan xeyli itki verdi. İlkin hücumu dəf edən Azərbaycan ordusunun əsgərləri əks-hücuma keçməklə Ağdamın şimalındakı Kürdlər, Mollalar və Əlimədədli kəndlərini azad etdi, Ağdamın cənubunda isə ermənilər tərəfindən hücum zamanı işğal edilmiş bütün kəndlər – Mərzili, Novruzlu, Yusifcanlı və Qiyaməddinli azad edildi.  İyunun 18-dək Azərbaycan qoşunları praktiki olaraq hücuma keçən düşməni Ağdam bölgəsinin bütün ətrafı boyunca əvvəlki mövqelərinə geri çəkilməyə məcbur etməyə nail olur. Ermənistan ordusu Ağdərə şəhərinə də bir neçə dəfə hücumlar təşkil etsə də, hər dəfə uğursuzluğa düçar olaraq geri çəkilir. Ermənilər Ağdərə ətrafındakı Dəmirli, Nerkin Oratağ, Canyataq və Gülyataq kəndlərini işğal etməyi bacarsalar da Ağdərəni ələ keçirə bilmirlər. Azərbaycan ordusu müqavimət göstərərək müdafiə xəttinin cəbhə boyu qırılmasının qarşısını alır. Ağdamda uğursuzluğa düçar olan erməni hərbi komandanlığı ordunun əməliyyat istiqamətini Ağdərəyə tərəf çevirir. Ağdərəni şimaldan Akop–Kamari kəndləri, cənubdan isə Papravənd–Boyəhmədli kəndləri istiqamətində iki hücumla mühasirəyə almaq üçün yeni əməliyyat başlanır. 5-7 iyul 1993-cü il tarixində başlayan əks-hücum zamanı Azərbaycan ordusu Ağdam şəhərinin şimalındakı Qızıl Kəngərli, Maqsudlu kəndlərini və həmçinin şəhərin cənubundakı Muğanlı, Şıxbabalı, Saybalı, Bağbanlar, Novruzlu kəndlərini işğaldan azad etdi. 5-16 iyul 1993-cü il tarixlərində ATƏT-in Minsk qrupunun komissiyası bölgəni tərk etdikdən sonra qüvvələrini yenidən gücləndirən erməni ordusu şəhərə dördüncü dəfə hücuma keçdi və Ağdamın şimalında itirdikləri mövqelərini yenidən geri ala bildi. Bu hücum zamanı ermənilər şəhər ətrafındakı Qızıl Kəngərli, Maqsudlu, Şahbulaq, Tarnöyüt kəndlərini, həmçinin Çobandağ, Yeddixırman və Bozdağ yüksəkliklərini işğal etdilər. İyulun 21-də başlayan güclü artilleriya atəşindən sonra erməni ordusu Şahbulaq, Əsgəran və Xocavənd istiqamətindən Ağdam şəhərinə doğru yeni bir hücuma başladılar. Hücumun ilk günü düşmən şəhərin cənubundakı Muğanlı və Saybalı kəndlərini tutmağı bacardı. 22 iyul 1993-cü ildə isə şəhərin şimalında yerləşən Qiyaslı kəndi, şəhərin qərbindəki Xıdırlı, Qasımlı və Şelli kəndləri və şəhərin cənubundakı Sarıcalı, Muradbəyli, Novruzlu və Yusifcanlı kəndləri Ermənistan ordusu tərəfindən işğal olundu. Ağdam şəhəri faktiki olaraq mühasirəyə düşdüyü üçün 23 iyulda Ağdam briqadasının az sayda sağ qalmış döyüşçüləri axşam Göytəpə–Eyvazxanbəyli və Zəngişalı–Afətli kəndləri istiqamətində şəhəri tərk etməyə başladı. Həmin gün saat 17 radələrində Ağdam və ona bitişik kəndlər erməni qüvvələri tərəfindən güclü atəşə tutulmağa başladılar və ardınca şəhərə daxil oldular. Şəhərdə qalmış bəzi kiçik qruplar bundan sonra da bir neçə gün ərzində küçə döyüşlərini davam etdirirdilər. Ermənilər Ağdamı tam nəzarətə götürmək üçün qorxu içərisində bir müddət də çalışmalı oldular. 23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. 1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də birinci, dünyada ikinci olan Çörək Muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.İşğalçı Ermənistan Silahlı Qüvvələrinin Ağdamı tərk etməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.

Zərdab rayon Nizami adına Şəftəhal kənd tam orta məktəbin müəllimi Vəfa Quliyeva

Şərhlər

Şərh yazılmayıb.