Əbədiləşən Zəfər tariximiz
Əbədiləşən Zəfər tariximiz
Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən 4 il ötür. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunmuşdu. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdü.İşğalçılar onlarla tarixi-mədəniyyət abidəsini, mədəniyyət evini, tarix-diyarşünaslıq muzeyini, yüzlərlə inzibati binanı, minlərlə evi, çoxlu sayda texnikanı talan edib, dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşıyıblar.
Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Beləliklə, Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. İkinci Qarabağ müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunmuşdu. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər nəticəsində strateji yüksəkliklərin götürülməsi həmin istiqamətdə erməni silahlı qüvvələrinin hərəkətlərini böyük dərəcədə məhdudlaşdırmağa imkan yaratdı. Əks-hücum əməliyyatının tərkib hissəsi olan bu əməliyyatların gedişində Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edildi, amma əksər hissəsi məhz Ermənistan kapitulyasiya aktına imza atandan sonra azadlığına qovuşdu.
Bu gün Kəlbəcər rayonunda aparılan nəhəng quruculuq işləri bu diyarın gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın daha uğurlu perspektivlərindən xəbər verir.
Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru-Nailə Əliyeva
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur
Məlum tarixi bir faktdır ki, 1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu Dağlıq Qarabağ müharibəsi başlayandan iki tərəfdən mühasirədə idi. 1992-ci ildə Laçın rayonunun işğalından sonra, Kəlbəcərin daha bir tərəfi bağlandı və rayon 3 tərəfdən düşmən mühasirəsində qaldı. Kəlbəcərin Azərbaycanın digər bölgələri ilə əlaqəsi, yalnız 3500 metr hündürlükdə olan Murov dağı vasitəsilə həyata keçirilirdi. Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin hərbi birləşmələri Kəlbəcər rayonunun mühasirədə qalmasından yararlanaraq 1993-cü il aprel ayının 2-də oranı işğal etdilər. Həmçinin, Dağlıq Qarabağla Ermənistan arasında ən yaxın quru yolu açılmış oldu. Məhz, bu üstünlükləri əldə etdikdən sonra, çox keçmədi ki, Ermənistan qısa zamanda Azərbaycanın daha beş rayonunu işğal edə bildi. Azərbaycanın ərazicə ən böyük rayonu olan Kəlbəcər ölkənin bir nömrəli strateji nöqtəsi sayılırdı. Qarabağın qala qapısı adlanan Kəlbəcərin işğalı ilə, Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim 3500 metr hündürlükdə olan Murov yüksəkliyini ələ keçirdi.
Azərbaycanın cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Azərbaycanın ən mənzərəli və şəfa mənbəli rayonlarından biridir, burada tanınmış İstisu və digər çoxsaylı mineral bulaqlar, qızıl da daxil olmaqla, saysız-hesabsız təbii sərvətlər yerləşir. Kəlbəcər təbiətində dünyada nadir sayılan dərman bitkiləri, ağaclar da yer alır ki, bu təbii sərvətlər də, 30 ilə yaxın bir müddət ərzində erməni quldurları tərəfindən talan edilmişdir
Bu gün, işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Kəlbəcər rayonunda da bərpa-quruculuq işləri plan üzrə aparılır və infrastruktur layihələrinin icrası ölkə başçısının xüsusi nəzarətindədir. Həyata keçirilən genişmiqyaslı bərpa-qruruculuq işləri Kəlbəcər rayonunun yeni inkişaf dövrünün başlandığını deməyə əsas verir. Bütün dünya çox yaxşı bilir ki, Ermənistan məğlub edilmiş, Azərbaycan isə, Zəfər qazanmış bir ölkədir.
Zərdab rayon İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəlıiyeva
Şərh yazılmayıb.