Huquqaz.com

Ağdamın işğalı

19.11.2024
2.347
Ağdamın işğalı

Ağdamın işğalı.

Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəymişdir. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də birinci, dünyada ikinci olan Çörək Muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılımışdır. Ağdam düşmənlə döyüşlərdə  6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib. İşğalçı Ermənistan Silahlı Qüvvələrinin Ağdamı tərk etməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Belə ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad etdi. İşğaldan azad olunan şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkilidilər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edildi. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub. 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırıldı. Bəyanatın ikinci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycana qaytarılıb. Bununla da 27 il işğal altında olan Ağdam şəhəri qəsbkarlardan azad edildi, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaltdı. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 29-da və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib. Onlar şəhərin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar. 2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb. 27 ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır. Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izləyir. Bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmamışdır. 2021-ci il mayın 24-də Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilən hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamla Emin Hüseynov Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilən hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edildi. Prezident Ağdam şəhərinin bərpasının təməl daşını, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub və Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Eyni zamanda İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun, Sənaye Parkının, şəhər ərazisində inşa olunan ilk yaşayış binasının təməlqoyma mərasimində və Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimində iştirak edib, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində, Qiyaslı məscidində, Şahbulaq qalasında olub. Həmçinin Ağdamda Zəfər Muzeyi və açıq hava altında İşğal Muzeyi yaradılacaq. Səfər çərçivəsində Prezident İlham Əliyevə yeni muzeylər barədə məlumat verilib.Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulmaqda davam edir.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı Bahar Qurbanova

 

 

Bölgənin tarixi, elmi-arxeoloji əhəmiyyəti

Vətənimizin dilbər guşəsi olan Ağdam rayonu 1030-cu ildə yaradılmışdır. Əsasən düzənlik və qismən dağlıq reylefə malik olan Ağdam rayonunun ümumi sahəsi 1094 kvadrat km-dir. Lap qədim zamanlardan Türklərin yaşadığı, soydaşlarımızın məskəni olan və öz füsunkar təbiəti, gözəlliyi ilə seçilən rayon Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ağdam rayonu ərazisində XX əsrin 50-ci illərindən başlanaraq aparılan arxeoloji tədqiqat ilşəri zamanı məlum oldu ki, bu diyarda qədim insanlar məskən salmışlar. Rayonun Xındırıstan-Quzanlı şosesinin sol tərəfində yerləşən Leylatəpə yaşayış məskənində arxeoloq İdeal Nərmimanovun apardığı arxeoloji təqdiqatlar nəticəsində müəyyən olundu ki, qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, əkinçilik və maldarlıqla məşğul olmuşlar. Leylatəpədən aşkar edilmiş saxsı qablar Mesopotomiyanın  Übeyd mədəniyyətinin daşıyıcılarının hazırladıqları qabların analogiyasıdır. Arxeoloqların fikirincə, bu, Leylatəpə sakinləri ilə Mesopotomiya gediş-gəliş əlaqələrinin nəticəsidir. Ağdam rayonu ərazisindən tapılan taxıl və üzüm dənələri burada yaşamış əhalinin oturaq həyat keçirmələrini və yüksək əkinçilik mədəniyyətinə sahib olmalarını sübut etmişdir. Ağdam rayonu ərazisində yerləşən və Üzərrliktəpə adlandırılan hissədə 1954-cü ildən arxeoloqların apardığı tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, bu ərazi Qafazın ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyanın ən zəngin abidələrə malik olan yerlərindən biridir. Təbii təpələrdən ibarət olan bu ərazi əvvəllər kurqan kimi tədqiq olunsa da, sonradan şəhər tipli yaşayış məskəni olması sübut edilmişdir. Üzərriktəpədə arxeoloji qazıntılar 484 kvadrat metr sahədə aparılmışdır. Təbii təpə üzərində salınan  yaşayış yerində mədəni təbəqənin qalınlığı 3 m-dir. Üzərriktəpə yaşayış məskəni Orta Tunc dövrünə aid edilir. Uzun illər düşmən tapdağında qalan, düşmənin burada törətdiyi dağıntılar, talanlar, soyğunlar nəticəsində Qafqazın Xirosiması adlandırılan Ağdam rayonu Vətən Müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin noyabrın 20-də yenidən öz sahibləri ilə qovuşmuşdur. Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ağdamda surətli bərpa-quruculuq işləri geniş vüsət almışdır və biz tezliklə rayonun əvvəlki şöhrətinin bərpa olunacağına şahidlik edəcəyik.

Əlvənd kənd H. Zərdabi adına tam orta məktəbin direktoru E. Xəlilov

Şərhlər

Şərh yazılmayıb.