BİZ MÜZƏFFƏR XALQ KİMİ YAŞAYIRIQ
BİZ MÜZƏFFƏR XALQ KİMİ YAŞAYIRIQ, LƏYAQƏTLƏ YAŞAYIRIQ VƏ ÖLKƏMİZDƏ İŞLƏR ELƏ GETMƏLİDİR Kİ, HEÇ BİR NARAHATEDİCİ PROBLEM OLMASIN, HEÇ BİR ƏDALƏTSİZLİK OLMASIN
Prezidentimiz cənab İlham Əliyevin Göygöl, Masallı və Lerik rayonlarına yeni təyin etdiyi icra başçılarını qəbulu zamanı səsləndirdiyi fikirlər ölkədə islahatların sonrakı mərhələsi, idarəetmə və kadr seçimi ilə bağlı, habelə, yerli icra orqanları üçün prioritetlərin müəyyən olunması baxımından mühüm yol xəritəsi ortaya qoydu.
İlk növbədə, etimad göstərilən şəxslər yerli idarəçilikdə kadr siyasətində hansı kriteriyalara önəm verildiyini göstərdi. Cənab Prezidentimiz nümayiş etdirdi ki, təhsilli, azərbaycançılıq ideyasına və dövlətinə bağlı gəncliyin irəli çəkilməsi prosesi davam edəcək. İkincisi, Prezident yerli icra orqanları üçün prioritet məsələləri bir daha ictimai formada bəyan etməklə həm idarəçilər, həm də əhali üçün aydın bir mənzərə müəyyən etdi ki, dövlətin və prezidentin tələbi nədir, dövlət məmurları da nələri etməyə borcludur. Bir sözlə, icra başçılarını qəbul edərkən cənab Prezidentimizin etdiyi çıxışla rayon sakinləri də, təyin olunan icra başçıları da və onların timsalında bütün ölkə əhalisi də dövlətin yerlərdə prioritetinin nələr olduğunu dövlət başçısının öz dilindən eşitdilər. Cənab Prezidentimiz yeni təyin olunan başçıların və heç şübhəsiz ki, onların timsalında bütün yerli icra hakimiyyətləri rəhbərləri qarşısında açıq bir tələb qoydu ki, onlar insanlarla bir yerdə olmalı, ictimaiyyətlə bir yerdə olmalıdırlar və biz ancaq bu yolla ölkəmizi inkişaf etdirə bilərik. Eyni zamanda ötən dövr ərzində yol verilən neqativ hallar, xüsusən, kənd təsərrüfatı torpaqlarının qanunsuz zəbt olunması, tikinti normalarının pozuntusu kimi məsələləri gündəmə gətirməklə dövlət başçısı yerlərdə icra orqanları qarşısında ciddi vəzifələr qoydu. Həmçinin, həssas əhali təbəqəsi, xüsusən, şəhid ailələri və müharibə iştirakçıları, eyni zamanda əlilləri ilə iş yerli icra orqanları üçün vacib vəzifə kimi qoyuldu.
Bütün bunlar əlbəttə, sonradan yerlərdə hansısa neqativ meyllərin yaranma ehtimalının mümkün qədər azaldılmasında ciddi rol oynayacaq. Eyni zamanda ictimai nəzarət imkanlarına xüsusi diqqət çəkməklə cənab Prezidentimiz şəffaflıq və qanunların aliliyinin ən vacib şərtlərindən biri kimi müəyyən olunduğunu qeyd etdi.Ölkə başçımız açıq şəkildə bəyan etdi ki, bizim uğurlu inkişafımıza kiminsə kölgə salması, kiminsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qurması və dövlətimizin əsaslarını sarsıtması cəhdlərinə imkan verilməyəcək.
Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin müəllimi- Bəhriyyə Rəhimova
Şərh yazılmayıb.