Huquqaz.com

“Ulu Öndər Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”

25.04.2023
1.466
“Ulu Öndər Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”

“Ulu Öndər Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”

Azərbaycan bu gün regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçı, əsas söz sahibidir. Ölkəmiz yüksək inkişaf etmiş iqtisadiyyatı ilə dünya arenasında öz adından bəhs etdirir. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin hakimiyyəti dövründə misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər bu gün ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb.

Hətta son zamanlar bəzi ölkələrdə yaşanan ciddi iqtisadi problemlər, qiymətlərin sürətlə artması, valyuta bazarlarında kəskin təlatümlər fonunda da Azərbaycan iqtisadiyyatı yüksək dayanıqlıq nümayiş etdirir, həyata keçirilən siyasətin alternativsiz olduğunu bariz şəkildə göstərir. Heydər Əliyevin dövlət quruculuğu strategiyasının ana xəttini təşkil edən cəmiyyətin demokratikləşdirilməsi prinsipi artıq müstəqil Azərbaycan Respublikasını bütün dünyada tanıdıb.

Heydər Əliyev o dövrdə prezident kimi fəaliyyətinin əsas istiqamətlərindən bəhs edərkən deyirdi ki, respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb:

“Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.

Heydər Əliyev iqtisadi platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin  fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu.

İqtisadi islahatların zəruriliyindən bəhs edən ulu öndər tarixi faktlara  əsaslanmaqla qəti mövqeyini aşağıdakı fikri ilə əsaslandırırdı: “…sosializm  quruluşunun ən yüksək bəhrələrini görmüşük. Onun verdiyi bəhrələri heç kəs, heç vaxt inkar edə bilməz. Xüsusən, bizim respublikamızda. Lakin o quruluş, iqtisadi sistem özünün son həddinə gəlib çatmışdı. Buna görə də onun sonrakı inkişafı  mümkün olmadı, iqtisadiyyat, ümumiyyətlə, inkişaf dayandı və geriləmə prosesi başlandı. Təsadüfi deyildi ki, 1980-1985-ci illərdə yeni yollar axtarmağa başladılar. Bu da yeganə bir yola gətirib çıxardı: iqtisadi islahatlar aparmalı, bazar iqtisadiyyatı yolu ilə getməli, bazar iqtisadiyyatı prinsiplərini tətbiq etməli”.

Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi. Ulu öndərin sözü ilə desək: “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!”

 

İntiqam Mərdanlı

Saatlı rayon Novruzlu kənd ümumi orta məktəbinin müəllimi

Şərhlər

Şərh yazılmayıb.