Huquqaz.com

İki dost ölkə arasında əlaqələrin dünəninə baxış fonunda gələcək barədə aydın təsəvvür yaratdı

20.09.2022
2.875
İki dost ölkə arasında əlaqələrin dünəninə baxış fonunda gələcək barədə aydın təsəvvür yaratdı

Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü zamanı diqqət göstərilən məsələlər  iki dost ölkə arasında əlaqələrin dünəninə baxış fonunda gələcək barədə aydın təsəvvür yaratdı

 

Türk dünyasının birliyinin dövlətimizin siyasətində prioritet olması atılan addımlarla yanaşı,  dövlət başçısı İlham Əliyevin ötən il  Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsində də öz təsdiqini tapdı. Tarixi Zəfərimizin reallıqları fonunda  türk dövlətləri arasındakı birlikdən danışarkən, təbii ki, əsas çağırış  gələcəyə baxmaqdır.  Çünki bu gələcək üçün  möhkəm təməl vardır. Ortaq köklərimiz, dilimiz, dinimiz, mədəniyyətimiz və ortaq maraqlarımız birliyimizi daha da möhkəmləndirərək əməkdaşlığın yeni prioritetlərinin  müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır.

Prezident  İlham Əliyev  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif və Rusiya Prezidenti Vladimir Putin ilə görüşdü. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətləri ilə  iqtisadi, siyasi və  humanitar  sahədə əlaqələrin hazırkı səviyyəsi və perspektivləri geniş müzakirə edildi. Bir daha  qeyd olundu ki, münasibətlərin yeni istiqamətlər üzrə  inkişafı üçün geniş imkanlar mövcuddur.  Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü zamanı diqqət göstərilən məsələlər  iki dost ölkə arasında əlaqələrin dünəninə baxış fonunda gələcək barədə aydın təsəvvür yaratdı. Tərəflər Özbəkistan Prezidentinin cari ildə ölkəmizə səfəri zamanı imzalanan sənədlərə söykənərək bu hədəfi xüsusi olaraq diqqətə çatdırmışlar ki, gələcəyin əsas hədəfi güclü Azərbaycan və güclü  Özbəkistandır. İki ölkənin dostluq, qardaşlıq əlaqələrinin inkişafı üçün möhkəm təməl mövcuddur. Ölkələrimiz arasında 1995-ci ildə qurulan diplomatik əlaqələr bu gün ən yüksək səviyyədədir.  İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir.

Müstəqillik yollarında ilk addımlarını atan dövlətlərin özünü dünyaya tanıtmasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasını vacib amil kimi önə çəkən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,  ulu öndər Heydər Əliyev bu fikri xüsusi qeyd etmişdir ki, türkdilli dövlət başçılarının müntəzəm görüşləri bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, onların müstəqilliyinin möhkəmləndirilməsinə kömək edir. Bu baxımdan iki dost ölkənin əlaqələrinin inkişaf tarixini vərəqlədikdə görürük ki,  Ümummilli Liderin dost Özbəkistana ilk rəsmi səfəri  1997-ci ilin iyununda  reallaşıb və bu səfər münasibətlərin   inkişafında yeni mərhələnin əsası kimi tarixdə yer alır. Həmin səfər zamanı 19 sənədin imzalanması əməkdaşlığın gələcək inkişafında möhkəm hüquqi baza rolunu oynamışdı.

 

Cavid Nuriyev-Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.