Huquqaz.com

AZƏRBAYCAN ÇOXMİLLƏTLİ, ÇOXKONFESSİYALI BİR ÖLKƏDİR

30.05.2022
1.960
AZƏRBAYCAN ÇOXMİLLƏTLİ, ÇOXKONFESSİYALI BİR ÖLKƏDİR

AZƏRBAYCAN ÇOXMİLLƏTLİ, ÇOXKONFESSİYALI BİR ÖLKƏDİR

Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu vardır. Prezidentimiz cənab  İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.
Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Azərbaycana gələn mütəxəssislər dini tolerantlığı universal model kimi təqdim etməkdədirlər. Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin və Prezidentimiz cənab  İlham Əliyevin xidmətləri müstəsna əhəmiyyətə malikdir.

Bu gün Azərbaycan müsəlman dövlətlərinin həssas münasibəti və dəstəyini qazana biləcəyinə baxmayaraq, Ermənistan ilə arasındakı Dağlıq Qarabağ problemini müsəlman-xristian münaqişəsinə çevirməmişdir. Çünki Azərbaycanın müstəqilliyini müdafiə edən insanlar arasında müxtəlif dinlərin daşıyıcıları – ruslar, gürcülər, yəhudilər və digər xalqların nümayəndələri vardır.Azərbaycanda olan dinlərarası əlaqələr tolerantlığın əhatəsində, əsrlərdən bəri formalaşan köklü bir ənənə, qarşılıqlı hörmət və əməkdaşlıq mövcuddur.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi və müstəsna səyləri ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətti son 18 ildə böyük rəhbərin layiqli davamçısı Prezidentimiz cənab  İlham Əliyev inamla davam və inkişaf etdirir.

Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış, 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı il “Multikulturalizm ili” elan edilmişdir.
Dinlərarası dialoqun yüksək səviyyəsinin və multikulturalizmin Azərbaycan modelinin uğurunun parlaq təsdiqi, cəmiyyətin inkişafının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursunun dəyişməzliyinin sübutudur. Azərbaycanın bütün iqtisadi, siyasi, ictimai, elmi və mədəni həyatı bu məcrada inkişaf edir.

Müasir dövrdə informasiya müharibəsi şəraitində bilikli, savadlı olmaq, tarixi və elmi tədqiqatlara istinad edərək  dünyaya vətənimizin zəngin mədəniyyətini və tariximizi tanıtmaq Azərbaycanın hər bir ziyalısının və vətəndaşının  mənəvi  borcudur.   Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Müasir dövrdə Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi- Nicat Əhmədzadə

Şərhlər

Şərh yazılmayıb.