Huquqaz.com

Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir

14.04.2023
2.617
Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir

Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.

Azərbaycan-Qazaxıstan münasibətləri Sovet İttifaqı dağıldıqdan sonra da yüksələn xətlə inkişaf edib. Həmçinin hər iki dövlət Xəzəryanı ölkələr kimi ortaq su sərhədinə malikdir.

Ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafına böyük töhfələri danılmazdır. Təsadüfi deyil ki, məhz bu töhfələrinə görə 1997-ci ildə Ümummilli Liderə Əl-Fərabi adına Qazax Milli Dövlət Universitetinin fəxri doktoru diplomu, 1998-ci ildə isə “Astana” dövlət medalı təqdim olunub. 2017-ci ilin aprelində isə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə “Heydər Əliyev” ordeni təqdim edilib.

Prezident İlham Əliyev isə Qazaxıstana ilk rəsmi səfərini 2004-cü ildə edib. Səfər zamanı Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıblar. Bu görüşdən sonra Nazarbayev bildirib ki, İlham Əliyev Ulu Öndərin layiqli davamçısı olmaqla yanaşı, ölkənin regionda və dünyada mövqeyini gücləndirəcək.

İki ölkə arasında yaxın dostluq münasibətləri 2004-cü il martın 1-də Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci il mayın 24-də Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha da möhkəmləndirilib.

Aprelin 10-da cənab Prezident İlham Əliyevin Qazaxıstana növbəti səfəri iki qardaş ölkə arasında münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğun göstərir. Hər iki prezident görüşdən sonra mətbuata Bəyanatla çıxış ediblər. Cənab İlham Əliyev Qazaxıstanda ulu öndər Heydər Əliyevin xatirəsinə göstərilən etimada görə təşəkkürünü bildirərək demişdir: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə hörmətə görə öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istərdim. Prezident Tokayevin qeyd etdiyi kimi, bu gün biz Astananın mərkəzində Heydər Əliyevin adını daşıyacaq küçənin birgə açılışını edəcəyik. Biz bunu həm bizim Ulu Öndərin xatirəsinə, həm də bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlaməti kimi qiymətləndiririk.”

Cənab Prezident Qazaxıstanla münasibətlərin tarixi zərurətdən və iki qardaş xalqın ənələrindən qaynaqlandığını qeyd edərək bildirmişdir: “Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir. Təbii ki, bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Bu, bugünkü qarşılıqlı əlaqələrimizin əsas bazasıdır. Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Xüsusən ona görə ki, təəssüflər olsun, Xəzərin həm sizə, həm də bizə aid olan sahillərində dənizin sürətlə dayazlaşmasını müşahidə edirik.”

Qeyd edək ki, ötən ilin yekunlarına əsasən, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi yarım milyard dollara yaxınlaşıb. Lakin  ticari-iqtisadi tərəfdaşlığın potensialı kifayət qədərdir və bundan sonra daha da inkişaf etdirmək imkanları vardır. Ölkə başçıları bu görüşdə idxal-ixrac malları nomenklaturunun daha da genişləndirilməsi üçün təsirli tədbirlər görmək barədə razılaşmışlar. Qərara alınıb ki,  İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadannın  və  İşgüzar Şuranın,iqtisadi kooperasiyanı keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün müvafiq tədbirlər görülsün.  Bu baxımdan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun- “Orta Dəhliz”in potensialının tam üzə çıxarılması, logistika xidmətlərinin təkmilləşdirilməsi, vahid nəqliyyat operatorlarının yaradılması, texniki və tarif şərtlərinin modernləşdirilməsi, inzibati maneələrin aradan qaldırılması və qapalı logistik dövrənin formalaşması kimi məsələlərin həllinin vacibliyi vurğulanmışdır. Cənab İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Tokayevə təşəkkür edərək demişdir: “Əlbəttə, Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir. Qazaxıstanın beynəlxalq arenada nüfuzunu, ən mühüm qlobal məsələlərə dair ölçülüb-biçilmiş, prinsipial mövqeyini xüsusi qeyd etmək istərdim. Biz artıq beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə dair fikir mübadiləsi aparmışıq və bugün hələ bu barədə diskussiyaları davam etdirəcəyik. Bu məsələlər daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir. Bu halda qazaxıstanlı qardaşlarımızı təbrik etmək istərdim ki, ölkənin beynəlxalq arenada nüfuzu artır və Qazaxıstan haqlı olaraq dünya birliyinin böyük hörmətini qazanıb.

Öz tərəfimdən bir daha demək istərdim ki, Azərbaycanda sizin qardaşlarınız yaşayır, onlar sizə çox hörmət edir, sizi qiymətləndirirlər. Qazaxıstanın bizə münasibətdə əvvəllər də, bu gün də nümayiş etdirdiyi həmrəyliyə görə sizə çox təşəkkür edirik. Biz də öz tərəfimizdən qardaş Qazaxıstan xalqına həqiqi qardaşlıq hisslərini və münasibəti göstərmək üçün nə mümkündürsə edəcəyik.

”Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son dövrlərdəki xarici səfərlərinin nəticələri gösrtərir ki, ölkə başçısı Azərbaycanın bütün sahələr üzrə əlaqələrinin inkişaf etdirilməsi, dövlətlərarası münasibətlərin inkişafı kimi məslələrə üstünlük verməklə yanaşı, regionda sülhün bərqərar olması üçün çalışır. İndiki geopolitik situasiyada gərgin iş tələb edən bu məsələ daim cənab Prezidentin gündəliyində əsas yer tutur.

 

Vəliyeva Südabə Eminağa qızı

Saatlı Dövlət Rəsm Qalereyasının direktoru

Şərhlər

Şərh yazılmayıb.