Huquqaz.com

Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir

06.09.2022
2.519
Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir

Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir

Azərbaycan ilə Avropa İttifaqı, o cümlədən İtaliya arasında müstəqillik illərində bir çox sahələrdə, həmçinin neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu uğurla həyata keçirilib. Prezident cənab İlham Əliyev İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edərək, bu barədə ətraflı danışıb. Cənab Prezident Azərbaycanın enerji təhlükəsizliyi strategiyasından bəhs edərkən, bu sahədəki fəaliyyəti mərhələlər üzrə səciyyələndirib. Dövlətimizin başçısı 1994-cü ildə müstəqilliyimizin bərpasından üç il ötəndən sonra dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduğumuzu xatırladıb. “Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq bizim ixrac boru kəmərlərinə ehtiyacımız var idi. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq”, – deyə ölkə rəhbəri bildirib.

Azərbaycanın enerji təhlükəsizliyi strategiyasının tarixinə ekskurs etsək, ilk olaraq, deyə bilərik ki, ötən əsrin sonunda Azərbaycanda mühüm bir hadisə baş verdi, respublikamızdan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin işə salınması gerçəkləşdi. Bununla da Azərbaycan ixrac fəaliyyətinə başladı və bir sıra ölkələrin tələbatlarını ödədi. Enerji strategiyamızda önəmli layihələrdən sayılan Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri 2007-ci ildə istismara verilməklə, Azərbaycan qazı, ilk dəfə olaraq Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql edildi. Bundan bir il əvvəl – 2006-cı ildə isə Xəzəri Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi reallaşdı. Bütün bunlar neft-qazın beynəlxalq bazarlara çıxarılmasında yeni marşrut və mənbə kimi mühüm əhəmiyyətə malik idi.

Elvin Xəlilov- Zərdab rayon Əlvənd sakini, Əlvənd kənd tam orta məktəbin direktoru

Şərhlər

Şərh yazılmayıb.