Azərbaycan dili ilə bağlı tarixi təşəbbüs
Azərbaycan dili ilə bağlı tarixi təşəbbüs
Hər bir xalqın dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil bir xalqın varoluşunun əsas təminatçısıdır. Bütün bunları nəzərə alaraq Azərbaycan xalqının da dili onu var edən əsas amildir. Tarixə nəzər salsaq, görərik ki, rəsmi dövlət dili kimi elan edilsə də, dövlət dili statusu olaraq uzun müddət mövcud olmayıb.
1978-ci il 2 apreldə IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun müzakirəsi yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir. Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusu verilməsi Ümummilli liderin xalq qarşısında tarixi xidmətidir.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması müzakirə olunmuşdur. Aparılan geniş müzakirələrdən sonra 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.Ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi üçün 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdı. Eyni zamanda, Ulu Öndərin 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2002-ci il 30 sentyabr tarixində isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun da qəbul edilmişdi.
Zərdab rayon Çallı kənd tam orta məktəbin müəllimi- Lətifli Tükəz
Şərh yazılmayıb.