Dövlətin, cəmiyyətin və demokratik dəyərlərin inkişafının hüquqi bazası
Dövlətin, cəmiyyətin və demokratik dəyərlərin inkişafının hüquqi bazası
Yaşadığımız hazırkı dövr dünya ölkələri üçün radikal sosial, iqtisadi, siyasi, mədəni və mənəvi dəyişikliklərlə səciyyələnir. Dövlətlər arasındakı sərhədlərin şəffaflaşması, müxtəlif xalqların bir-birinə inteqrasiya etməsi, ikitərəfli münasibətlərin genişlənməsi və dərinləşməsi müasir dövrümüzün xarakterik cəhətlərindəndir. Çağdaş dünyanın inkişafı prosesində indiki tarixi mərhələnin başlıca meyilləri qloballaşma və iqtisadi, mədəni inteqrasiyadır. Müstəqil Azərbaycan Respublikası da ümumdünya inteqrasiya və qloballaşma cərəyanlarından kənarda qalmamışdır. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra beynəlxalq birliyin tamhüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün dönməz inkişaf yolu olaraq seçmişdir. Xalqımız Azərbaycan Respublikasının demokratik inkişafı yolunda böyük tarixi nailiyyətlər qazanmışdır. Respublikamızda həyata keçirilən quruculuq işləri dünyada demokratiya şəraitində yaşayan və irəliləyən dövlətlərin keçdiyi yolun, proseslərin bir hissəsidir. Eyni zamanda, ölkə özünün coğrafi, geostrateji mövqeyi, təbii sərvətləri, əmək ehtiyatları, geosiyasi şəraiti, milli-mənəvi xüsusiyyətləri ilə özünəməxsus keyfiyyətlərə də malikdir. İftixarla qeyd etmək lazımdır ki, respublikamızda əldə edilən nailiyyətlər, uğurlar yalnız onun nəticəsində mümkün olmuşdur ki, dövlətimizin ən mürəkkəb və tarixi dönüş mərhələlərində ona Heydər Əliyev kimi dünya şöhrətli siyasi və dövlət xadimi rəhbərlik etmişdir. Bu böyük şəxsiyyətin dünya şöhrətli adı ilə tarixin elə vacib dövrləri bağlıdır ki, bu dövrləri yalnız xalqın və ölkənin inkişaf erası adlandırmaq lazımdır. Müdrik şəxsiyyətin bu sahədə ən böyük əməyi məhz müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbuludur. 1995-ci il noyabrın 12-də xalq Ümummilli Liderin bu təşəbbüsünü dəstəklədi. Müstəqil dövlətimizin ilk konstitusiyasında göstərilir ki, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, Azərbaycan dövlətinin müstəqilliyini və ərazi bütövlüyünü qoruyaraq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğunu bəyan edir. Başqa sözlə, öz tarixi müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu inkişaf yolu seçib. Müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan hüquqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarılıb, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı dövlətimizin ali məqsədi kimi bəyan edilib. Bu məqsədə nail olmaq üçün dövlətimizdə ümumbəşəri dəyərlərə və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan qanunvericilik bazası yaradılıb.
Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq-müdafiə mexanizmləri fəaliyyət göstərir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində davamlı islahatlar həyata keçirilir. Həmin islahatlar nəticəsində qanunvericilik daha da təkmilləşdirilərək müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılır, əhalinin hüquq və azadlıqları daha yüksək səviyyədə təmin olunur.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva
Şərh yazılmayıb.