44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi
44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi
2020-ci il sentyabrın 27-də mənfur qonşularımızın növbəti hərbi hücumuna cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffət Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə başlayan əks-hücum əməliyyatları düşman tapdağında olan ərazilərimizin azadlığı uğrunda ölüm-dirim savaşına çevrildi. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan, haqqında əsrlərlə danışılacaq 44 günlük Vətən müharibəsinin ilk anlarından Müzəffər Ali Baş Komandanımızın verdiyi müdrik və cəsarətli qərarlar sayəsində düşmənin müdafiə xətti yarıldı, işğalçı böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. İldırım sürətli müharibə planı ilə hərəkət edən peşəkar, cəsur Azərbaycan ordusu döyüşlərin başladığı ilk gündə strateji Murov zirvəsində, Füzulidə, Cəbrayılda, sonrakı günlərdə isə Suqovuşanda, Hadrutda, Xocavənddə, Zəngilanda, Qubadlıda üçrəngli bayrağımızı ucaltdı. Noyabr ayının 8-də Qarabağın ürəyi Şuşanın, cəmi bir gün sonra isə 72 yaşayış məntəqəsi və 8 strateji yüksəkliyin azad olunması ilə Ali Baş Komandanımızın rəhbərlik etdiyi müzəffər ordumuz düşməni tamamilə məğlubiyyətə uğratdı və onu kapitulyasiya aktını imzalamağa məcbur etdi. İşğalçı qüvvələr 20 noyabrda Ağdamı, 25 noyabrda Kəlbəcəri, 1 dekabrda isə Laçını tərk etdilər. Bununla da Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin olundu, 30 illik münaqişə ölkəmizin parlaq qələbəsi ilə başa çatdı. Ümummilli liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycan dövləti Ulu Öndərimizin layiqli davamçısı möhtərəm cənab Prezidentimiz İlham Əliyevin liderliyi ilə qalib, qüdrətli ölkəyə çevrildi. “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” – deyən cənab Prezidentimiz “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi altında müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirdi, uzun illərdir beynəlxalq təşkilatlar və güc mərkəzləri tərəfindən ortaya atılan “Qarabağ münaqişəsinin hərbi həlli yoxdur” tezisini alt-üst etdi, dondurulmuş münaqişənin birdəfəlik və ədalətli həllinə nail oldu.
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Kamal Xəlilov
Şərh yazılmayıb.