Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri artıq başlanıb
Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri artıq başlanıb
Zəngilan rayonunun müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyasına uyğun bərpa işləri sürətlə davam etdirilir. Məlumdur ki, işğal zamanı digər rayonlarda olduğu kimi, Zəngilanın da tarixi, mədəni və dini abidələri yerlə-yeksan edilmişdir.
Ulu öndər Heydər Əliyev demişdir: “Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var”. İndi bu abidələr, demək olar ki, tamamilə bərbad vəziyyətə düşmüşdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəngilana səfəri bütövlükdə rayondakı abidələrin bərpasına böyük ümidlər yaratdı. Prezidentimiz Zəngilanda olarkən çıxışında demişdir: “Müharibədən sonra Zəngilana səfər edərkən buraya da gəldim, mənzərə ilə tanış oldum və bildirdim ki, hər kəs bunu görməlidir. Bütün beynəlxalq təşkilatlar bunu görməlidir, erməni vəhşiliyini görməlidir. Bir daha demək istəyirəm ki, bu gün ermənilərə havadarlıq edənlər gəlsinlər, görsünlər, bizim məscidlərimizi nə günə qoyublar və təkcə bu məscidi deyil. Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb… Zəngilan cənnət kimi bir yerdir. Oranı cənnət edəcəyik”. Dövlət başçımızın böyük diqqət və qayğısı sayəsində Zəngilan şəhərində yerləşən məscidin yenidən bərpası işinə start verilmişdir.
Rayonun ermənilərin mədəni terroruna məruz qalmış tarixi-dini abidələri sırasında məscidlər və ziyarətgahlar İmam Hüseyn məscidi (XVII əsr, Zəngilan şəhəri), Zəngilan məscidi (XIX əsr), Malatkeşin məscidi (XIX əsr), Qırıq Muşlan, Muşlan, Rəzdərə kəndlərindəki məscidləri (XIX əsr), Xanazor, Yeməzli alban kilsələrini – (Yeməzli kəndi), Ziya Baba ocağı (Ağkənd), Xanazur türbəsi və piri, Sultan Heydər piri (Bartaz kəndi), Günqışlaq piri, Hacıllı günbəzi, Məlikli Hacı Mir Məhəmməd ocağı, Pirveyis piri, Seyid Musa ocağı (Sobu kəndi), Qaradağlı piri (Şəfibəyli kəndi), Yal piri (Vejnəli kəndi), Soltan ocağı (Yeməzli kəndi) tamamilə dağıdılıb.
Zəngilan abidələri öz memarlıq xüsusiyyətlərinə görə fərqlənir. Bu ərazilərdə XIII-XIV əsrə aid sənduqə, qoç, at heykəlli qəbirdaşları ərəb, fars, Azərbaycan dilli yazılarla və müxtəlif relyeflərlə xalqımızın həyatının, məişətinin müxtəlif tərəflərini əks etdirir, tariximizə, toponimikamıza, xalq təbabətinə, etnogenez məsələlərinə aydınlıq gətirir, Azərbaycanın orta əsr mədəni həyatına dair bir sıra məsələləri işıqlandırır.
Məlumat üçün bildirim ki, Zəngilanda 6 məscid, 2 alban kilsəsi, 20 ziyarətgah var idi. Eyni zamanda, 70 kitabxana, 3 muzey, 4 musiqi məktəbi, 2 kinoteatr, park işğal zamanı yox edimişdir. Amma cənab Prezidentin dediyi kimi, dağıdılmış bu abidələr, mədəniyyət müəssisələrinin binaları bərpa edilərək öz əvvəki görkəminə qaytarılacaq.
Bəli, “Böyük Qayıdış”ın ilk addımları məhz Zəngilandan başlamışdır. Zəngilanın cənnət olması üçün “ağıllı kənd”layihəsi artıq reallaşmaq üzrədir. Bununla rayonda yenidənqurma və bərpa işlərinə imza atıldı.
Biz zəngilanlılar qürur hissi keçiririk ki, “ağıllı kənd” layihəsinə bizim a ğalı kənddən başlanılır. Həm “ağıllı kənd” termini, həm də Ağalı toponimi arasında fonetik baxımdan səslənmə də vardır. Zəngilanın tarixi kifayət qədər qədimdir. Ağalı kəndindəki kahalar ən qədim insan məskənləri hesab edilir. “Ağıllı kənd” layihəsi də ilk insan məskənlərinin olduğu məkandan başlanır.
Zəngilanın tarix və mədəniyyət abidələrinin işğaldan sonrakı vəziyyətinin qeydə alınması komissiyasında mən də iştirak edirdim. Müəyyənləşdirdik ki, abidələr çox bərbad günə qoyulub, təkcə Məmmədbəyli türbəsini, Şatrazda və Qarabağlar kəndlərindəki alban abidələrini bərpa etmək mümkün olacaq. Qalan abidələr tamamilə yenidən qurulmalıdır.
Əliyeva Afət Rəfi qızı
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı
Şərh yazılmayıb.