Huquqaz.com

Suveren ərazi bütövlüyümüz bərpa edildi

28.08.2023
2.430
Suveren ərazi bütövlüyümüz bərpa edildi

Suveren ərazi bütövlüyümüz bərpa edildi

2020-ci ilin 27 sentyabrından 9 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı. İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi.

Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq. 44 günlük Vətən müharibəsində Zəfər Günü Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir. Xalqın “dəmir yumruq”da birləşərək düşmənə zərbə vurması tarixin əbədi yaddaşına yazılmışdır. Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” şüarı altında birləşən xalqın qəhrəmanlığı dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar.

Bu tarixi qələbədən sonra  Azərbaycan regionun güclü  ölkəsinə çevrildi ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Cənab Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində vurğuladığı kimi: “Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var”.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Tarixi hadisə

23 aprel 2023-cü il tarixində  Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu.Burada  fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü tam təmin olundu. Beləliklə, xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi. Bu proses kənardan heç də sadə və bəsit görünməməlidir. Bütün görülən bu işlərin təməlində vətən sevgisi ilə yoğrulmuş böyük zəhmət, iradə, cəsarətli və dərin düşünülmüş diplomatik addımlar dayanır.

“Laçın” sərhəd-buraxılış məntəqəsi  Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir. Belə ki, sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısını alır. Məntəqə eyni zamanda ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması kimi fəaliyyətin qarşısını almaq məqsədilə yaradılıb

Əldə olunmuş bu tarixi naliyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir.

“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren huquqları çərçivəsində atılmış legitim əsaslı addımdır. Belə ki, Laçın ölkəmizin tarixi ərazisi olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da ölkəmizin daxili işidir.

Səbinə Məhəmmədli- Zərdab rayon Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Sərhəd-buraxılış məntəqəsinin strateji əhəmiyyəti

Görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Laçın rayonunun strateji əhəmiyyətini bu cür vurğulamışdı: “Laçın rayonu həm təbiətinə görə, həm insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir… Azərbaycanın müstəqilliyini, ərazisini qorumaq nöqteyi-nəzərdən, strateji nöqteyi-nəzərdən Laçın rayonu çox böyük əhəmiyyəti olan rayondur”.

Azərbaycanın Laçın-Xankəndi yolu üzərində məntəqə yaratması  ölkəmizin və regionun təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki bu yoldan sərvətlərimizin talanıb daşınması, əraziyə silah-sursatın, minaların, canlı qüvvənin gətirilməsi üçün istifadə edilirdi. Azərbaycanın uğurlu addımları sayəsində artıq bu cür hərəkətlər müşahidə olunmayacaq.

Bu gün DSX-nin apardığı peşəkar fəaliyyət nəticəsində Azərbaycanın Laçın dəhlizi nəzarət altına alınıb. Eyni zamanda, Azərbaycan  Laçın da daxil olmaqla digər işğaldan azad olunmuş ərazilərə mülki insanlar köçürür.

Odur ki, sərhəd-buraxılış məntəqəsində Cənab Prezident İlham Əliyevin elan etdiyi kimi, sakinlərimizin qayıdışı və təhlükəsizliyi təmin olunur. Həmin əraziyə  Azərbaycan Respublikası DSX-nin postunun qoyulması ondan Qarabağda yaşayan mülki ermənilərin istifadəsi, qanuni və tənzimlənən gediş-gəliş üçün imkan yaradır. Lakin separatçılara, revanşistlərə, qanunsuz hərbi birləşmələrə və terrorçulara Azərbaycan ərazilərində yer yoxdur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bayrağını və suverenliyini qəbul edən ermənilər qalıb yaşaya bilərlər. Gələcəkdə həm separatçıların, həm də qanunsuz silahlı hərbçilərin oradan çıxarılması və Qarabağda yaşayan ermənilərin reinteqrasiya məsələləri üzrə təmaslara başlanmasının daha da sürətlənməsi üçün həmin bu dövlət sərhəd nəzarət mexanizminin yaradılmasının əhəmiyyətli rolu olacaq.

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

Şərhlər

Şərh yazılmayıb.