Huquqaz.com

GUAM PA-nın nümayəndə heyətinin rəhbəri: “Yeddi fevral seçkiləri beynəlxalq qurumların diqqət mərkəzindədir”

19.01.2024
1.851
GUAM PA-nın nümayəndə heyətinin rəhbəri: “Yeddi fevral seçkiləri beynəlxalq qurumların diqqət mərkəzindədir”

“Fevralın 7-nə təyin edilmiş prezident seçkilərini çoxsaylı yerli və xarici müşahidəçilər, beynəlxalq təşkilatların nümayəndələri müşahidə edəcəklər.  Bir sıra təşkilatların seçki müşahidə missiyaları artıq ölkəmizdədirlər. Onlar hazırda təşviqat prosesini müşahidə edirlər. İndi müşahidə aparanlar uzunmüddətli missiyaların təmsilçiləridirlər. Qısamüddətli olan müşahidəçilər isə səsvermə günü ərəfəsində gələcəklər. Bununla müşahidəçilərin sayı daha da çoxalacaq”. Bunu secki-2024.az saytına açıqlamasında deputat, Milli Məclisin GUAM Parlament Assambleyasında (PA) nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev deyib.

O, beynəlxalq müşahidəçilərlə yanaşı, yerli müşahidə missiyalarının da fəaliyyətini yüksək qiymətləndirib: “Milli QHT-lər prezident seçkilərində müşahidəçilik etmək üçün fəallıq göstərirlər. Say çoxluğunu nəzərə alaraq bir neçə koalisiyalar formalaşdırıblar. Müşahidəçiliyə olan belə maraq əlamətdar haldır”.

GUAM PA üzvü əlavə edib ki, Azərbaycanda seçki prosesinin azad və demokratik keçməsi üçün bütün şərtlər mövcuddur. Siyasi sabitlik, yüksək seçki mədəniyyəti, mütərəqqi qanunvericilik, namizədlərin təşviqat aparmaları üçün yaradılmış bərabər imkanlar deyilənləri təsdiqləyir. Bütün bu şərtlər həm də seçici fəallığını stimullaşdırır.

 

 

“Seçki prosesinə xüsusi ovqat qazandıran amillərdən biri isə 7 fevral seçkilərinin müstəqilliyimiz dövründə ilk dəfə olaraq bütün Azərbaycan ərazisində keçirilməsidir. Seçicilər suverenlyiyi tam təmin olunmuş Azərbaycanın sərhədləri daxilində ilk dəfə öz seçki hüququndan istifadə edəcək. Bu, xüsusi əhəmiyyət daşıyır. Fikrimcə, sözügedən amil seçici fəallığına da müsbət mənada təsirini göstərir. 7 fevral seçkiləri yüksək seçici aktivliyi ilə müşaiyət olunacaq” – deyə, deputat bildirib.

Şərhlər

Şərh yazılmayıb.