Huquqaz.com

Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir

14.07.2023
2.227
Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir

Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir.

Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir.

“İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq, yəni, təbii ki, Azərbaycan miqyasını nəzərə almaq şərtilə. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərdən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək. Bu gün də belədir, amma daha böyük işlər də görülməlidir. Yenə də deyirəm, bu sahə elə sahədir ki, burada az danışmaq, çox iş görmək lazımdır. Ona görə bundan artıq demək istəmirəm. Hər halda Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Azərbaycan xalqı bundan sonra da rahat yaşaya bilər və yaşamalıdır. Bizim qarşıda duran vəzifələrimizdən biri təbii ki, Ermənistanla olan münasibətlərimizdir. Burada, bu sahədə, yəni, nəticə təkcə bizdən asılı deyil. Halbuki bizim siyasətimiz Ermənistan tərəfini də vacib addımların atılmasına sövq edir. Ancaq, əlbəttə ki, bu, qarşılıqlı fəaliyyətdir”. Bu sözləri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib.

Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra da ordu quruculuğu sahəsində hər hansı bir irəliləyiş, tərəqqi yox idi. Həmin vaxt hakimiyyətdə olanların səriştəsizliyi, dövlət idarəçiliyindəki naşılığı digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da özünü büruzə verirdi. Sərhədlərimizi qorumalı olan ordu bölmələri ayrı-ayrı şəxslərə xidmət edir, hakimiyyətdə birinci olmaq iddiasını yeridən bəzi dövlət məmurları isə ordunun gücündən öz şəxsi mənafeləri üçün istifadə edirdi. Nəticədə torpaqlarımız çox asanlıqla ermənilər tərəfindən işğal olunur, daxildə isə silahlı qruplaşmalar meydan sulayırdılar. Xalqın təkidli tələbindən sonra yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin gərgin səyi nəticəsində Azərbaycanda ordu quruculuğu prosesinə başlanıldı. 1993-cü ilədək hərc-mərclik, vahid ordunun olmaması üzündən Azərbaycan bütün cəbhə boyu silsilə məğlubiyyətlərə məruz qalıb torpaqlarını itirirdi. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra orduda vahid komandanlıq yarandı, qeyri-qanuni silahlı dəstələr ləğv olundu. 1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində Azərbaycan milli ordu quruculuğu sahəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Qısa vaxt ərzində vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Müstəqil dövlətimiz müasir hərbi texnika ilə təchiz olundu, tədricən formalaşdı.

Ümummilli lider Heydər Əliyev hələ Sovet İttifaqı dövründə də Azərbaycana rəhbərlik etdiyi zaman azərbaycanlılar arasında hərbçi kadrların yetişdirilməsinə xüsusi diqqət yetirirdi. Xatırladaq ki, 60-cı illərdə Azərbaycandan Sovet ordusuna ildə təxminən 60 min əsgər göndərilirdi. Bu qədər əsgərin 15 faizi döyüş bölgələrində, qalanları isə tikinti və digər hərbi hissələrdə xidmət edirdilər. Sovet rəhbərliyi bunu düşünülmüş şəkildə həyata keçirirdi. Orduda belə acınacaqlı vəziyyətin aradan qaldırılmasına, azərbaycanlılara olan münasibətin yaxşılaşdırılmasına, mərkəzi şübhələndirməmək şərti ilə milli hərbçi kadrların hazırlanması üçün baza yaradılmasına, hərbi sahədə azərbaycanlıların irəli çəkilməsinə böyük ehtiyac duyulurdu. Bunu isə həyata keçirmək üçün həm risk, həm də böyük ustalıq, siyasi uzaqgörənlik tələb olunurdu. Belə çətin bir şəraitdə qüdrətli şəxsiyyət Heydər Əliyev bu işin öhdəsindən məharətlə gəldi. O vaxt heç kimin ağlına belə gəlməzdi ki, Azərbaycan nə vaxtsa müstəqil dövlət olacaq, onun milli ordusu formalaşdırılacaq. Bütün bunlara baxmayaraq, ümummilli lider hər vasitə ilə çalışırdı ki, Azərbaycanın milli hərbi kadrları olsun. O vaxt Bakıda iki ali hərbi – Ali Ümumqoşun Komandirləri və Hərbi Dəniz Donanmasının Ali Hərbi Dənizçilik məktəbləri olsa da, burada təhsil alan 300 nəfərdən 3-5 nəfəri azərbaycanlı idi. Bu ali məktəblərdə təhsil alanlar əsasən Ukrayna, Belarusiya, Rusiya, Gürcüstan, hətta Ermənistan və digər ölkələrdən gəlmiş gənclər idi. Azərbaycanlıların isə həmin məktəblərdə təhsil almaları müxtəlif vasitələrlə əngəllənirdi. O vaxt Heydər Əliyev öz nüfuzundan, siyasi uzaqgörənliyindən və qətiyyətindən istifadə edərək bu ədalətsizliyin aradan qaldırılmasına nail oldu. Azərbaycanlı gənclərin hərbi vətənpərvərlik ruhunda yetişmələri üçün orta məktəblərdə ibtidai hərbi hazırlıq fənni tədris olundu. 1971-ci ildə isə Bakıda gəncləri ali hərbi məktəblərə hazırlayan ilk ümumtəhsil məktəbi olan ixtisaslaşdırılmış internat məktəbi açıldı. Bu qətiyyətli addımı atmaqla ulu öndər bir tərəfdən respublikamız və xalqımız üçün böyük tarixi əhəmiyyəti olan hərbi məktəbi yaratdı, digər tərəfdən isə SSRİ-nin ali hərbi məktəblərinə hər il 800-900 nəfər gəncin göndərilməsinə nail oldu. Bir müddət sonra isə ixtisaslaşdırılmış internat məktəbinə Cəmşid Naxçıvanskinin adı verildi.

Bu gün Azərbaycan hərtərəfli inkişafına, beynəlxalq aləmdə əlaqələrinin getdikcə möhkəmlənməsinə, iqtisadiyyatın artım tempinə görə dünyanın super dövlətlərinin, həmçinin nüfuzlu beynəlxalq qurumların maraq dairəsindədir. Ölkədə sosial-iqtisadi inkişafın sürətli artımı gələcəkdə daha qüdrətli dövlətin formalaşmasından xəbər verir. Bu da ordu quruculuğuna öz müsbət təsirini göstərir. Çünki iqtisadi cəhətdən qüdrətli olan dövlətin güclü ordusu olar. Belə bir ordu artıq Azərbaycanda formalaşıb. Onu da qeyd edim ki, son illər gənclər arasında ordudan yayınma hallarına tamamilə son qoyulub. Bütün rayonlarda gənclər özləri hərbi komissarlığa gəlir, hərbi xidmətə böyük həvəslə getmək istədiklərini bildirirlər. Rayonlarda mütəmadi olaraq hərbi vətənpərvərlik mövzusunda keçirilən tədbirlər öz bəhrəsini verib. Belə tədbirlərin nəticəsindir ki, bu gün gənclərimiz Vətən qarşısında öz borcunu verməkdən qürur hissi keçirirlər. Ali Baş Komandanımızın yeritdiyi məntiqli siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda ən yüksək standartlara cavab verən Milli Ordu formalaşmasından qürur hissi ilə danışırıq.

Rauf Salmanov

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı   

Şərhlər

Şərh yazılmayıb.