Huquqaz.com

Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır

05.10.2024
2.827
Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır

Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır

2020-ci il sentyabrın 27-dən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə Rəşadətli Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə başladı. İlk azad olunan rayon məhz Cəbrayıl rayonu oldu. Oktyabrın ilk günləri Cəbrayılın bir çox kəndləri Şanlı ordumuz tərəfindən azad edildi, oktyabrın 4-də isə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan günlərdən biri oldu-Cəbrayıl şəhəri azad edildi. 4 oktyabr bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. 27 illik həsrətə son qoyuldu. Bütün Cəbrayıl əhalisi və Azərbaycan xalqı səbirsizliklə torpaqlarımızın azad olunacağı günü gözləyirdilər. İnsanlarımızda bu günün gələcəyinə inam itməmişdi. Cəbrayılın işğaldan azad edilməsi müjdəsi veriləndə Azərbaycanın hər bir bölgəsində insanlar küçələrə axışdılar, sevincindən ağlayanlar var idi. Bu sevinc göz yaşları haqqın qələbə çaldığına inanan insanların qürur duyğusu idi.

Torpaqlarımızın hər qarışının azad edilməsi böyük əzm və hünər tələb edirdi. Bəzən bir yaşayış məntəqəsinin alınması günlərlə davam edən qanlı döyüşlər bahasına başa gəlirdi. Çətin relyef və iqlim şəraitinə baxmayaraq, erməni tərəfinin qurduğu istehkamlardan ibarət müdafiə səddini yaran döyüşçülərimiz hər gün üçrəngli bayrağımızı yeni bir kənddə, yeni bir yüksəklikdə, yeni bir yaşayış məntəqəsində ucaltdı. Hər bir şəhərin, rayonun, kəndin azad edilməsi xalqımıza böyük sevinc bəxş etdi.

2020-ci il 27 sentyabr tarixdə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixdə Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixdə Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Burada Cəbrayıl əməliyyatının da xüsusi əhəmiyyəti var idi. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi.

Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Cəbrayıldan bir neçə gün sonra uğurlu Hadrut əməliyyatı keçirilmişdir

Dörd il əvvəl sentyabrın 27-dən başlanğıcını götürən qırx dörd gün əlamətdar hadisələrlə yadda qaldı. Hər günü bir qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi təqvimə qara rənglə yazılan işğal günlərini qırmızı rəngli azad olunma tarixləri ilə əvəzlədi Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir.  Cəbrayıldan bir neçə gün sonra uğurlu Hadrut əməliyyatı keçirilmişdir. O da çox böyük peşəkarlığa malik olan əməliyyatdır. Düşmənin orada çox möhkəm istehkam mövqeləri var idi, özü də bütün təpələrdə onlar yerləşmişdi, Cəbrayılda da, həmçinin. Şəhəri azad etmək üçün bizim qəhrəman övladlarımız bir neçə müdafiə xəttini yarmalı idi və bunu edə bilmişdilər

2020-ci il oktyabrın 9-da Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək növbəti dəfə şanlı uğur əldə etdi. Erməni işğalı altında qalan bir neçə yaşayış məntəqəsi, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsi düşmən tapdağından xilas edildi. Həmin gün 44 günlük Zəfər dastanının ən şanlı səhifəsindən biri – Hadrutun azadlığa qovuşması xəbəri Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırıldı. Onun işğaldan azad olunması tarixi nailiyyət olmaqla yanaşı, həm də bölmələrimizin döyüş meydanındakı uğurlarını daha da artırdı, böyük Zəfərə gedən yolda strateji üstünlük qazandırdı.

Hadrut Qarabağ inzibati ərazisinə daxil olduğu üçün ermənilər bu qəsəbənin itirilməsi ilə heç cür barışa bilmirdilər. Düşmən anlayırdı ki, Ordumuz Şuşaya da nəzarəti ələ keçirəcək. Belə də oldu. Hadrut zəfərindən sonra əsgər və zabitlərimizin həmin şəhərə yolu açıldı. Ermənilərin güclü müqavimətinə baxmayaraq, Şuşa da işğaldan azad edildi.

2021-ci ilin iyununda işğaldan azad edilmiş Hadrut qəsəbəsində “Dəmir yumruq” abidəsi ucaldıldı. “Dəmir yumruq” abidəsinin üzərində Vətən müharibəsində düşmənin qorxulu yuxusuna çevrilən qəhrəman Azərbaycan əsgəri və dronlar da təsvir edildi. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində 44 gün ərzində işğalçı Ermənistan ağır məğlubiyyətə uğradıldı və kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Ali Baş Komandan, həmçinin Azərbaycan xalqının və ordusunun Vətən müharibəsində məhz “Dəmir yumruq” kimi birləşdiyini, bu yumruğun işğalçıların başına endiriləcəyini bəyan etmişdi. Prezident cənab İlham Əliyev müharibədən sonrakı dövrdə revanşist bəyanatlar səsləndirən düşmənə “Dəmir yumruğ”u xatırladaraq, onun daim yerində olduğunu bildirib. Belə bir abidənin məhz Hadrutda qoyulması isə xüsusi əhəmiyyət daşıyır.

Tamam Xaspoladova-  Zərdab rayon Şahhüseynli kənd tam orta məktəbin direktoru

Şərhlər

Şərh yazılmayıb.