Huquqaz.com

Forumda Azərbaycan qalib ölkə olaraq diktə edən tərəf kimi çıxış edir

19.06.2022
1.552
Forumda Azərbaycan qalib ölkə olaraq diktə edən tərəf kimi çıxış edir

Forumda Azərbaycan qalib ölkə olaraq diktə edən tərəf kimi çıxış edir

Azərbaycan iqtisadi, siyasi və humanitar mərkəzə çevrilməklə beynəlxalq münasibətlər sistemində artan rolunu və nüfuzunu təsdiq edir. Bu mühüm məqamı da nəzərə alsaq ki, hazırda  Azərbaycan qalib ölkə olaraq diktə edən tərəf kimi çıxış edir, yeni əməkdaşlıq formatlarının müəllifidir, bu halda dünyanı narahat edən məsələlərin, qlobal problemlərin ölkəmizdə müzakirəsi daha diqqətçəkən, təqdirəlayiq hal olmaqla, həm də ölkəmizin yaratdığı yeni reallıqların qəbulu və dəstəklənməsi qənaətinə gələ bilərik. İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə öz işinə başlayan Qlobal Bakı Forumu bu qənaətin aydın mənzərəsini yaradır. “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən növbəti IX Qlobal Bakı Forumu həm müzakirəyə çıxarılan məsələnin aktuallığı, həm də iştirakçıların say və tərkibi baxımından zənginliyi  ilə diqqətdədir. IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etməsi bütün bunları bir daha təsdiq edir.

İyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunmasının perspektivləri, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq. Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimindəki nitqində bu əminliyi ifadə etdi ki,  aparılacaq müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək. Forumda qlobal gündəmi təşkil edən prioritet mövzularla bağlı müzakirələr aparılacaq, yeni yanaşmalar işlənib hazırlanacaq.”

Ötənilki Qlobal Forumla builki Forumun mövzusunu müqayisə etmək kifayətdir. Ötən il Forum “COVID-19-dan sonrakı dünya” mövzusuna həsr olunmuşdu. Gündəmə gətirilən hər bir məsələnin müzakirəsində fəal iştirakçı olan Azərbaycan konkret mövqeyini nümayiş etdirməklə yanaşı, bu istiqamətdə göstərdiyi səylərə, həyata keçirdiyi tədbirlərə də diqqət yönəltmək imkanlarına malikdir. Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı ilk  gündən məsələnin qlobal problem olduğunu önə çəkərək qlobal yanaşma ortaya qoymağa, səyləri birləşdirməyə çağırışları  təqdir olundu. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən tədbirlərə, həmçinin  30-dan artıq ölkəyə maddi və humanitar yardım,   “peyvənd millətçiliyi” məsələsi ilə bağlı narazılığını ifadə etməsi bunu bir daha sübut edir. Bunları sadalamaqla  Qlobal Forumun  məqsəd və məramını açıqlamış oluruq. Ötənilki Forumda  dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirdilər. Hibrid formatda təşkil edilən tədbirə,  həmçinin 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulmuşdu.”

 

Rəmzi Şirinov-Zərdab rayon Dəkkəoba kənd sakini fəal gənc

Şərhlər

Şərh yazılmayıb.