Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir
Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir
Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin sonlarında SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV-nin) ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçiblər. 1987-ci ilin sonlarında Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından qəddarlıqla deportasiya prosesi başlayıb. 1988-1989-cu illərdə Ermənistanın müxtəlif şəhər və rayonlarında yaşayan azərbaycanlılar da eyni aqibətlə üzləşiblər. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb. Onlar erməni zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınmaq məcburiyyətində qalıblar. Azərbaycanlılar 1988-ci ilə qədər Ermənistan ərazisində kompakt şəkildə yaşayıblar. Lakin sovet hakimiyyəti Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərdən fərqli olaraq, azərbaycanlıların kompakt məskunlaşdığı ərazilərə Ermənistan SSR daxilində muxtar status verilməyib.
Ermənistanın qanunsuz şəkildə torpaqlarımızı işğal altında saxlamasına cavab olaraq Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu.
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən icra edilmiş “Dəmir Yumruq” əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı qəbul edildi və Ermənistan kapitulyasiya aktını imzaladı. Bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
Cari il ərzində ölkəmizdə iki dəfə seçki keçirilmişdir. Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, regionun bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə də 2024-cü il bu baxımdan tarixdə yadda qalan il olacaq.
Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri
Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır
Müstəqil Azərbaycan dövlətinin ordusunun yaradılması, sağlam ideya və təməl üzərində formalaşdırılması, şərəfli tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün nəticəsi olan müasir ordu quruculuğu prosesi Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Uzun illər ərzində aparılan nəticəsiz danışıqlar müddətində ən böyük diqqət ordu quruculuğu prosesinə, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsinə, peşəkar kadr potensialının formalaşdırılmasına, müasir hərbi texnikaların alınmasına, struktur islahatlarına yönəldildi. Vətəninə, dövlətinə bağlılığı ilə seçilən çox güclü Silahlı Qüvvələr formalaşdırıldı. Bu prosesin məntiqi sonluğunu bütün dünya 44 günlük Vətən müharibəsində gördü. 30 il ərzində qurulan müdafiə xətləri çox qısa zamanda aşılaraq düşmənə sarsıdıcı zərbələr endirildi. Hərbi baxımdan ən çətin sayılan dağlıq ərazilərdə peşəkar hərbi əməliyyatlar təşkil olundu. Yüzlərlə yaşayış məntəqəmiz bir-birinin ardınca işğaldan azad edilərək Azərbaycanın, Qarabağın incisi sayılan Şuşaya yol açıldı. Qəhrəman hərbçilərimizin həyata keçirdiyi Şuşanın azad edilməsi əməliyyatı isə dünyanın müxtəlif hərb məktəblərinin dərsliklərinə salınıb, tədris edilir. Vətən müharibəsinin ilk saatlarından son anına qədər Silahlı Qüvvələrimizin heç bir mənsubu döyüş mövqelərindən bir addım da geri çəkilmədilər. Halbuki, darmadağın edilən “məğlubedilməz erməni ordusu”nda on bir mindən artıq fərarinin olduğunu İrəvanın özündə də etiraf etmək məcburiyyətində qaldılar. İkinci Qarabağ müharibəsi zamanı şanlı Ordumuzun dillərə dastan olan Zəfər salnaməsi xalqımızın Silahlı Qüvvələrinə, Ali Baş Komandana inam və sevgisini daha da artırdı.
Azərbaycan Respublikasının siyasi-iqtisadi inkişaf kontekstində ordu quruculuğunun təkmilləşdirilməsi də hər zaman prioritet vəzifələrdən biri olub. Son illərdə Azərbaycanın iqtisadi qüdrətinin artması, maliyyə imkanlarının genişlənməsi ordu quruculuğu ilə bağlı qarşıya qoyulan hədəfləri reallaşdırmağa imkan verib. Azərbaycanın dövlət büdcəsində ən böyük xərclər məhz ordu quruculuğu üçün nəzərdə tutulub. Son illərdə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər 20 dəfədən çox artıb. Azərbaycan ordusunun arsenalında ən müasir silahlar – PUA-lar, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri və digər texnikalar yer alıb. Ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi-texniki təminatla məhdudlaşmır. Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu və peşəkarlığı mühüm amillərdəndir. Uzun illər ərzində Azərbaycan ordusunda döyüş qabiliyyətinin artırılması istiqamətində işlər aparılmış, şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi daim diqqət mərkəzində olmuşdur. Hazırda Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır.
Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur. Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir.
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri
Ölkə qarşısında böyük vəzifələr durur, ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsi
2020-ci ilin 27 sentyabrından 9 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı. İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi.
Işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, müasir tələblərə cavab verən infrastruktur layihələri ölkəmizin iqtisadi potensialının göstəricisidir. Bu gün Qarabağ bölgəsi Xəzər dənizini xatırladır. Estakadalar üzərində salınan şəhər və dənizçilərin rahat həyat şəraitini təmin etmək üçün inşa edilən digər infrastruktur binaları dünyanın səkkizinci möcüzəsi adlanırdısa, Qarabağda aparılan möhtəşəm, mükəmməl və nəhəng tikinti işləri dünyanın doqquzuncu möcüzəsinə bərabərdir. Düşmən istilasından, belə demək mümkünsə tufanından, qasırğasından son nəfəsində qurtulmuş ərazilər, hər tərəfdə dağılmış, viran qoyulmuş, xarabazara çevrilmiş kəndlər, şəhərlər bu gün dövlətimizin sayəsində gülüstana dönür. Cənnət Qarabağın gözəlliyi, füsunkarlığı özünə qayıdır. İndi bu yerlərdə silah səslərini qurub, yaradan insan səsi, nəfəsi əvəzləyir. Ruhlar şəhəri adlandırılan, xarici müşahidəçiləri belə heyrətə gətirən viranə Ağdamda yenə də möhtəşəm, böyük ağ damlı binalar ucaldılır. Qartallar diyarı Kəlbəcərin, gülü-çiçəyi cənnət qoxuyan Laçının şöhrəti özünə qaytarılır. Bütün Qarabağ ərazisinə mərhələli şəkildə köç başlayıb.
Hazırda əksər ölkələrin iqtisadi böhran yaşadığı bir zamanda Azərbaycan böyük bir ərazidə təxirəsalınmaz tikinti-quruculuq işləri aparır. Dövlətin qəbul etdiyi Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma tələblərinə cavab verən yaşayış məntəqələri, ən yüksək səviyyədə salınan yeni yollar və müxtəlif infrasrtuktur obyektləri inşa olunur. Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaqdır. Artıq işğaldan azad olunmuş ərazilərimizi dünyanın hava məkanları ilə birləşdirən Füzuli və Zəngilan beynəlxalq aeroportları, “ağıllı konsepsiyalar” əsasında yaradılan ən müasir infrastruktur, bir sıra yeni yaşayış komplekslərinin tikintisi uğurla başa çatdırılıb.
Bərpa-quruculuq işləri cənab Prezident İlham Əliyevin şəxsi nəzarəti altında həyata keçirilir. Dövlət başçısının işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərləri, aparılan işlərin xüsusi diqqətdə saxlaması bir daha onu göstərir ki, Azərbaycan düşmənin viran etdiyi bu bölgəni dünyanın inkişaf etmiş məkanlarından birinə çevirməkdə qətiyyətlidir. Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, Azərbaycan bərpa-quruculuq işlərini heç bir ölkənin və beynəlxalq maliyyə qurumunun köməyi olmadan, təkbaşına həyata keçirir. Bu da ölkəmizin iqtisadi qüdrətinin əyani sübutu, işğaldan azad olunmuş şəhərlərimizin dövlətimizin gücü ilə bərpasının bütün dünyaya nümayişidir.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru
Bu günə qədər bizə bərpa işlərində köməklik edən Özbəkistan və Qazaxıstan qardaş dövlətlər olub
Müasir müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir.
Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb. Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir.
Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Qazaxıstan arasında əlaqələrin uğurla inkişaf etməsini şərtləndirən bir sıra amillər sadalamaq mümkündür. Burada geosiyasi amillərlə yanaşı, Azərbaycan və qazax xalqları arasında tarixi bağlılıq, ənənələrin, mədəniyyətlərin, dillərin oxşarlığı, eyni dinin daşıyıcıları olmaları və əlbəttə ki, coğrafi yaxınlıq kimi amillər müstəsna rol oynayır. Hər iki dövlət tarixi yaxınlığa və ənənələrə sadiqlik nümayiş etdirərək regional və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət həyata keçirir və Xəzər hövzəsi regionunda təhlükəsizliyin möhkəmlənməsinə, əməkdaşlığın dərinləşməsinə öz töhfələrini verir.
İşğaldan azad edilmiş ərazilərimizə bir neçə ölkələrin prezidentləri müxtəlif vaxtlarda səfərlər etmişlər. Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər etmişdir. Yəni bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir. Onu da qeyd etmək lazımdır ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməli isə Qırğızıstan Prezidentinin təşəbbüskarlığı ilə Ağdam rayonunda qoyulmuşdur. Bütün bunlar birliyin göstəricisidir.
Tamam Xaspoladova- Zərdab rayon Şahhüseynli kənd tam orta məktəbin direktoru
Şərh yazılmayıb.