Huquqaz.com

“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

21.05.2024
3.036
“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

Mayın 19-da İran-Azərbaycan sərhədində “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi həm Azərbaycan, həm də bütövlükdə region üçün çox böyük əhəmiyyətə malik tarixi hadisədir. İki dost və qonşu dövlət olan Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində – Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə inşa edilib. Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq İranın dövlət başçısı Cəbrayıl rayonu ərazisinə gəldi, iki ölkənin rəhbərləri işğaldan azad olunmuş ərazidə görüşdülər.

Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın dövrdə Azərbaycan Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi layihəsinin icrasında iştirak edə bilməyib. “Xudafərin” və “Qız Qalası” layihələrinin, təxminən, yarım əsrlik tarixi var. Belə ki, 1970-80-ci illər ərzində SSRİ ilə İran mütəxəssisləri arasında “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə çoxsaylı qarşılıqlı razılaşma əldə edilib. 1988-ci il dekabrın 6-da iki ölkə arasında layihəyə dair əməkdaşlıq haqqında Saziş imzalanıb. 1989-cu ildə Azərbaycan rəhbərliyinin iştirakı ilə hidroqovşaq kompleksinin tikintisinin təməl qoyma mərasimi keçirilib.  Azərbaycanın müstəqilliyinin bərpasından sonra da layihənin həyata keçirilməsi üzrə fəaliyyət davam etdirilib.

Ərazilərimizin işğaldan azad olunmasından sonra “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisinin davam etdirilməsi məsələsi İranla Azərbaycan arasında münasibətlərin gündəmində olub. Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki qələbəsi ərazidə yeni reallıqlar yaradıb. Bu reallıqlar hidroqovşaqların tikintisindən də yan ötməyib. İndiyədək tikintini təkbaşına aparan İran tərəfi Azərbaycanın 2016-cı il sazişindən irəli gələn səlahiyyətlərinin icrasına başlaması prosesini təmin edib. Beləliklə, inşa olunan hidroqovşaqlar hər iki ölkə üçün həm böyük iqtisadi layihə, həm də qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi baxımından daha bir mühüm vasitədir.

Azərbaycan Vətən Müharibəsində qalib gəldikdən sonra azad etdiyi ərazilərdən keçməklə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi istiqamətində də mühüm layihələrin icrasına başlayıb. Bu layihələrdən biri məhz İranla reallaşdırılır. 2021-ci ildə iki ölkə arasında imzalanan sazişlə Azərbaycanın Zəngilan rayonundan İran üzərindən Naxçıvana avtomobil, dəmiryol və elektrik enerjisi xətlərinin tikintisinə başlanıb. Naxçıvandan isə bağlantı Türkiyə və Avropaya qədər uzanacaq. Beləliklə, İranla Azərbaycanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində faydalı əməkdaşlığı Transxəzər Nəqliyyat Dəhlizi layihəsində davam etdiriləcək. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

 

 

İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə mayın 19-da  dövlət sərhədində -Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi dünya ictimaiyyətinin diqqət mərkəzində olub. Bu mərasim, həm də dünya birliyinə iki ölkə arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi mesajı idi. Əslində, bu layihənin əsası uzun illər əvvəl qoyulub. Ermənistanın Azərbaycan ərazisnin 20 faizini işğal etməsi nəticəsində bu mühüm əhəmiyyətli layihənin tikintisi dayandırılmışdı. 2020-ci ildə Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Araz çayı üzərində hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi qərara alındı və qısa müddətdə istismara verildi. Layihələr Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək.

Dövlətimizin başçısı açılış mərasimindəki çıxışında qeyd etdi ki, “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür. İki ölkə arasında dostluğun dərin kökləri və tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz.

İki ölkənin sərhəddində reallaşan bu layihə həm də gələcəyə yönəlmiş əməkdaşlıqdır. İki ölkə arasında qədim tarixi olan qarşılıqlı hörmət, anlaşma bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü bir daha göstərdi. Bütün bunlar İran-Azərbaycan əlaqələrinin gələcək inkişafının daha yaxşı olacağının bariz nümunəsidir. Son illər ərzində ölkə rəhbərlərinin artıq beşinci görüşü təşkil olunur. Hadsisələrin xoşməramlı gedişi göstərir ki, bu görüşlər bundan sonra mütəmadi xarakter alacaq. Bu, eyni zamanda, hər iki ölkənin xalqlarına, bölgəyə və dünyaya ciddi mesajdır.

Ölkələrimiz arasında mehriban qonşuluq, qardaşlıq və dostluq münasibətlərinin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

 

 

İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı çox müsbətdir

Ölkəmizin yaxın qonşularından olan İran İslam Respublikası ilə münasibətlərin yaxşılaşdırılması, əlaqələrin genişləndirilməsi və əməkdaşlığın getdikcə möhkəmləndirilməsi böyük əhəmiyyət kəsb edir.  Qeyd edək ki, Azərbaycan – İran münasibətləri dərin tarixi köklərə malikdir. Bu xalqlar əsrlər boyu bərabər yaşayıblar. İran 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, 1992-ci il martın 12-də isə iki ölkə arasında tam diplomatik münasibətlər qurulub. Böyük tarixi köklərə əsaslanan münasibətlərimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra inkişaf mərhələsinə qədəm qoyub. Bu əlaqələr sonrakı illərdə də möhkəm siyasi iradə sayəsində genişlənib və bu gün əməkdaşlığın bütün sahələrini əhatə edir.

Cari ilin 19 may tarixində Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində dövlətimizin başçısı iki ölkə arasındakı münasibətlərdən bəhs edərkən deyib: «İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik». Hər iki ölkənin möhkəm siyasi iradəsi sayəsində qurulan əlaqələr bu gün yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, aparılan müzakirələr, imzalanan sənədlərlə daha da möhkəmlənib və genişlənib.  Bir sıra qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısı olan Azərbaycan regionun güclü dövlətlərindən olan İran ilə ikitərəfli və çoxtərəfli platformalarda da əməkdaşlığa xüsusi önəm verir. Eyni münasibət qonşu ölkə tərəfindən də dəfələrlə bildirilib.Bu xüsusda ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığa xüsusi önəm verirlər.

İşğaldan azad olunmuş ərazilərdə həyat yenidən qayıdır.  Azərbaycanın azad edilmiş torpaqlarında bu gün çox genişmiqyaslı nəqliyyat layihələri həyata keçirilir. Avtomobil yolları, hava limanları, dəmir yolu istismara verilir. Birgə səylərlə həm ölkələrimizin gələcək inkişafı, eyni zamanda, bir çox ölkələrin nəqliyyat təhlükəsizliyi  təmin ediləcək.

Eyni coğrafi məkanda yerləşən dövlətlərin qarşılıqlı-faydalı əməkdaşlıq etməsi həm bu ölkələrin maraqlarının, həm də regional təhlükəsizliyin təmin olunmasına xidmət edir. Şübhəsiz ki, regional təhlükəsizliyin təmin olunması, həm də beynəlxalq əməkdaşlığa öz töhfəsini verir. Bu baxımdan,Azərbaycanın da xarici siyasət kursunda həm regional təhlükəsizliyin təmin olunması, həm də qonşu ölkələr və beynəlxalq qurumlarla çoxşaxəli əməkdaşlıq xüsusi yer tutur. Onu da qeyd edək ki,Azərbaycan regional formatda da qonşularla əməkdaşlığa önəm verir ki, dövlət başçısının qeyd etdiyi kimi,

ölkəmiz regional müstəvidə iki üçtərəfli formatın təşəbbüskarı olub. Bu formatlara Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Gürcüstan-Türkiyə üçlüyünü nümunə kimi göstərmək olar.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbinin direktoru-Səlim Zeynalov

Şərhlər

Şərh yazılmayıb.