Huquqaz.com

17 oktyabr Füzuli şəhəri günü

17.10.2024
3.494
17 oktyabr Füzuli şəhəri günü

17 oktyabr Füzuli şəhəri günü

2020-ci ilin 17 oktyabrı tarixin səhifələrinə və təqvimə Füzulinin erməni işğalından azad olunması qürurunun təntənəsi kimi düşüb. Məlumdur ki, Vətən müharibəsi zamanı ən ağır döyüşlər Füzuli uğrunda getdi. Çünki 30 il ərzində düşmən təmas xəttində elə bir möhkəm istehkam qurmuşdu ki, onu yarmaq böyük güc və zaman tələb edirdi. Lakin Azərbaycan Ordusu bunun öhdəsindən gəlməyi bacardı; Bu gücün qarşısında düşmən öz silahlarını yerə qoyub torpaqlarımızdan qaçdı. Füzuli işğalçılardan təmizləndi. Füzuli döyüşən şəhər adını qazandı. “Füzuli əməliyyatı” hərbi kitablara tövsiyə olundu. Çünki burada əsl qəhrəmanlıq göstərildi. Rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən işğaldan azad edildi; ümumilikdə müharibənin gedişində rayonun 62 yaşayış məntəqəsi işğaldan qurtarıldı. Azərbaycan gerçəkdən qürur duyulası bir qələbəyə imza atdı. Təəssüf doğuran tərəf isə o idi ki, biz Füzulini büsbütün dağıdılmış, viran qoyulmuş, ən pisi isə demək olar, tamamilə minalanmış bir vəziyyətdə geri aldıq. Füzuli faktiki olaraq azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Bu, böyük fəlakətdir; minaların təmizlənməsi zaman və zəhmət tələb edir. Bu faktın dəhşəti bizə işğalın tarixini, onun doğurduğu acı nəticələri heç cür unutdura bilməz. Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən 23 avqust 1993-cü il tarixində işğal edilmişdi. Düşmənlə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili oldu; 663 nəfər şəhidlik zirvəsinə ucaldı; 181 nəfər isə əsir və itkin düşdü.  1386 km² ərazisi olan rayonda düşmən daş üstündə daş qoymadı. Evlər talan edildi, şəhər və rayonun tarixi-dini abidələri, türbələri dağıdıldı. Ərazi boş səhranı xatırladan bir viranəliyə çevrildi. Düşmən bu coğrafiyanın əsl sakinlərinə təəssüf ki, mina terroru kimi ağır miras buraxdı. Amma bu təəssüflər, maneələr Azərbaycanın Füzulinin ayağa qalxması üçün müəyyənləşdirdiyi inkişaf proqramının icrasını əngəlləyə bilməzdi. Füzuli şəhərində Azərbaycan bayrağının ucaldılması ilə onun inkişaf konsepsiyasının icrası start götürdü. 2021-ci il yanvarın 14-də Füzuli-Şuşa avtomobil yolunun təməli qoyuldu. Bu yolun başqa bir adı  Zəfər yolu idi və Böyük Qələbəmizi simvolizə edirdi. Yol çəkilişi paralel aparıldı və fevralın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlləri qoyuldu. Füzuli şəhərinin Baş planı təsdiqləndi. Mart ayında 180 çarpayılıq xəstəxananın bünövrəsi atıldı. İyun ayında Füzuli-Hadrut avtomobil yolunun tikintisinə başlanıldı. Avqust ayında “Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyanın açılışı oldu. Oktyabrda Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, çoxmənzilli yaşayış məhəlləsinin təməlləri qoyuldu. Cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışı 2022-ci ilin mayın 10-da baş tutdu. Bu hava limanı Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırdı. 2023–cü ildə Füzuli rayonunun Pirəhmədli, Dədəli kəndlərinin, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin, içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlləri qoyuldu. Əminəm ki,yarışdığımız bu zaman işğaldan öncəki işıqlı, səsli-küylü, firavan Füzulini bizə geri qaytaracaq!

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım

 

 

 

Tarixi faktlar

füzuli rayonunun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Füzuli 08.08.1930-cu ildə inzibati rayon statusu almış və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli rayonu adlandırılmışdır. Tarixi 1827-ci ildən hesablansa da, Azıx mağarasındakı tapıntılar buranın ən qədim insan məskəni olduğunu sübut edir. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Cənub-qərbdə Cəbrayıl, şimalda Xocavənd, Ağcabədi, şərqdə Beyləqan rayonları və cənubda Araz çayı boyunca İranla həmsərhəddir. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Füzuli rayonunun ərazisi 1.39 min km2, əhalisi 133,8 min (01.01.2020) nəfərdir. Rayonda 2 şəhər (Füzuli, Horadiz), 11 qəsəbə (yeni salınmış 1-11№-li Qayıdış qəsəbələri), 82 kənd vardı. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edib. Mədəniyyətin inkişafına görə, ölkənin digər bölgələrindən geri qalmayan Füzuli rayonunda işğala qədər 90 kitabxana, 20 mədəniyyət evi, 79 klub, 20 kinoqurğu, 2 muzey, xalq və dövlət dram teatrları, istirahət parkları fəaliyyət göstərib. Təhsil və səhiyyədə də yaxşı göstəricilərə malik rayonda 685 çarpayılıq 13 xəstəxana, 17 həkim məntəqəsi, 30 feldşer–mama məntəqəsi, vərəm, dəri və zöhrəvi xəstəlikləri dispanseri, texnikum, 86 ümumtəhsil məktəbi, 2 texniki peşə məktəbi, 65 məktəbəqədər müəssisə, stadion, və s. obyektləri olub. Eləcə də güclü kadr potensialı, yüksək intellektə malik ziyalıları, görkəmli alimləri ilə respublikamızda ad-san qazanmışdır. Əməyə bağlılıq, halal zəhmət də füzulilərin həyat tərzi olmuşdur. Bu torpağın yetirməsi Şamama Həsənova iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Füzulidə 300-dən artıq elmlər namizədi və doktoru yetişmişdir. Füzuli rayonu həm də yaşı minilliklərə gedib çıxan Azıx mağarası, Quruçay mədəniyyəti, tarixi və memarlıq abidləri ilə tanınır. Füzuli rayonu 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.Hazırda rayonun işğaldan azad olunmuş ərazisində 1 şəhər (Horadiz), 11 qəsəbə, 21 kənd vardır. Qəsəbələrdən 11-i respublika Prezidentinin Fərmanları ilə Dövlət Neft fondundan ayrılmış vəsait hesabına işğaldan azad olunmuş ərazidə salınmışdır.17 oktyabr 2020–ci ildə Füzuli şəhəri, ikinci Qarabağ müharibəsi ərzində rayonun 53 kəndi Ermənistan işğalından azad olunmuşdur. Füzuli rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım

Şərhlər

Şərh yazılmayıb.