Huquqaz.com

Cənab Prezident Füzulinin bərpa və yenidənqurmasına böyük diqqət və qayğı göstərir

17.10.2024
2.897
Cənab Prezident Füzulinin  bərpa və yenidənqurmasına böyük diqqət və qayğı göstərir

Cənab Prezident Füzulinin  bərpa və yenidənqurmasına böyük diqqət və qayğı göstərir

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd var idi. Füzuli rayonu tarixi-dini abidələrlə də zəngin idi. Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edən Füzuli əməliyyatı ilə qədim yaşayış məskənimiz işğaldan azad olundu. Azərbaycan Ordusu döyüş meydanında xalqımızın qisasını aldı və həlak olanların qanı yerdə qalmadı. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı.

Bu böyük qələbənin əbədiləşdiliməsi, döyüşçülərin təltif olunması üçün  “Füzulinin azad olunmasına görə” medal təsis olunmuşdur. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis edilməsi haqqında Sərəncamına əsasən 17 oktyabr “Füzuli şəhəri günü” kimi qeyd olunur.

Digər işğaldan azad olunmuş rayonlarımıza olduğu kimi, cənab Prezident Füzulinin  bərpa və yenidənqurmasına  böyük diqqət və qayğı göstərir. Rayon işğaldan azad olunduqdan sonra cənab Prezident rayona 14 dəfə səfər etmiş, şəhərin  Baş planı təsdiq olunmuş, rayonda çoxsaylı avtomobil yollarının, xəstəxananın, Peşə Liseyinin, “Ağıllı kənd” və çox mənzilli yaşayış məhəlləsinin və digər obyektlərin təməli qoyulmuşdur. “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı isə Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırmışdır.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycana strateji üstünlüklər verdi

Füzuli Azərbaycanın mədəniyyət mərkəzlərindən biri sayılır. Bu bölgə Azərbaycana bir çox tanınmış mədəniyyət xadimləri, yazıçılar, muğam ustaları bəxş edib. Füzuli həm də mədəniyyət abidələri ilə zəngin bölgələrimizdəndir.  İşğaldan əvvəl öz tarixi ilə, tarixi-dini abidələri ilə, türbələri ilə zəngin olan Füzuli rayonu erməni vandalizminin nəticəsində yerlə yeksan edilmişdir. Lakin, işğaldan sonra qısa müddət ərzində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzulinin 22 yaşayış məntəqəsi işğaldan azad edilərək bərpa edilmişdir. Həmin vaxt üçün ölkəmizin sahib olduğu ordu ilə bu məntəqələrin işğaldan azad edilməsini möhtəşəm bir qələbə hesab etmək olardı.

23 avqust 1993-cü il tarixində I Qarabağ müharibəsi zamanı erməni işğalçıları tərəfindən Füzuli rayonunun əksər hissəsi işğal edilmişdi. Bu işğal nəticəsində yüzlərlə soydaşımız şəhidlik zirvəsinə ucalıb, əsir və itkin düşüblər. İşğaldan əvvəl çoxsaylı yaşayış məntəqəsinə sahib olan Füzuli rayonu, I Qarabağ müharibəsindən sonra tanınmaz hala düşüb. Ermənistanın törətdiyi vəhşilik izləri özünü rayonun hər yerində açıq büruzə verir.

Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən mühüm döyüşlərdən biri olmuşdur.

Həmin gün bütün Azərbaycan xalqı, o cümlədən Füzulilər, böyük sevinc içində idilər. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üçrəngli bayraqlarımızı dalğalandıraraq, bir daha qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər. Bu günü görmək, bu sonsuz sevinc hisslərini yaşamaq xalqımızın ən böyük arzusu idi.

Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycana strateji üstünlüklər verdi. Bəlkə də bir çoxları Füzuli rayonu uğrunda gedən döyüşlərin aylarla çəkəcəyini düşünürdü. Amma Azərbaycan Ordusu bunu 20 gün ərzində bacardı, şanlı üçrəngli bayrağımızı Füzuli şəhərində ucaltdı. Füzuli uğrundan gedən döyüşlər zamanı düşmənin çoxsaylı əsgəri öz döyüş bayraqlarını, silahlarını cəbhədə buraxaraq qaçdılar. Onlar Azərbaycan Ordusunun qüdrətindən xəbərdar idilər.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub.

İndi Böyük Qayıdışın nəticəsi olaraq Füzuli rayonu sürətlə dirçəlir. Artıq Füzulidə nəqliyyat yolları, hava limanı, digər infrastrukturlar inşa edilib və bu proses uğurla davam etməkdədir. Artıq Füzuli şəhərində insanlar yaşayır. Onların öz doğma yurd-yuvalarına qayıtması Azərbaycan dövlətinin gücünün göstəricisidir. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.

Dövlətimiz işğaldan azad olunmuş torpaqlarda həyatın yenidən canlanması, oraya qayıdan vətəndaşların rifahının yüksəldilməsi istiqamətində bundan sonra da mühüm tədbirlər görməkdə davam edir.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

Şərhlər

Şərh yazılmayıb.