Huquqaz.com

Füzuli rayonu zəngin təbii sərvətləri və məhsuldar torpaqları ilə tanınır

17.10.2024
2.117
Füzuli rayonu zəngin təbii sərvətləri və məhsuldar torpaqları ilə tanınır

Füzuli rayonu zəngin təbii sərvətləri və məhsuldar torpaqları ilə tanınır

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən, 17 oktyabr – Füzuli Şəhəri Günü kimi müəyyən olunub.

2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu Füzuli şəhərini və rayonun bir çox kəndini erməni işğalından azad edərək 27 illik işğala son qoydu. Bu hadisə Azərbaycanın hərbi uğuru və ərazi bütövlüyünün bərpasında mühüm addımlardan biri oldu. Füzuli şəhəri strateji mövqeyi və Qarabağ problemi zamanı baş verən ağır döyüşlər səbəbilə həm hərbi, həm də simvolik əhəmiyyətə malik idi.

Bu şəhərin azad olunması Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsində vacib bir mərhələ oldu və xalqın qələbə ruhunu daha da yüksəltdi. Hər il 17 oktyabr tarixində Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümü Azərbaycan xalqı tərəfindən qeyd olunur və bu gün milli birliyin, qürurun və qəhrəmanlığın rəmzinə çevrilib. Azadlığa qovuşan Füzuli şəhəri, hazırda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin mərkəzindədir, bu da Qarabağın dirçəlişi deməkdir.

Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə, rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün yaradılan işçi qrupu tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcək.

İlk növbədə, işğal dövründə dağıdılmış Füzuli şəhəri və kəndləri yenidən qurulma mərhələsinə keçdi. 2021-ci ilin oktyabr ayında istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı regionun dünyaya açılan qapısı olaraq mühüm bir addım oldu. Bu hava limanı Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının inkişaf etdirilməsi və turizm axınının təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Füzuli şəhəri və digər kəndlərdə yaşayış binaları, sosial obyektlər, məktəblər, xəstəxanalar tikilir. Eyni zamanda, geniş yol şəbəkəsi qurulur ki, bu da Füzulini Azərbaycanın digər rayonları və strateji əhəmiyyətli Qarabağ bölgəsi ilə birləşdirir. “Ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyası əsasında qurulan yeni layihələr müasir texnologiyalar və dayanıqlı enerji həllərini özündə birləşdirir.

Füzuli rayonu zəngin təbii sərvətləri və məhsuldar torpaqları ilə tanınır. İşğaldan sonra bu torpaqlarda kənd təsərrüfatı bərpa edilir, müasir təsərrüfatlar və aqroparklar qurulur. Bölgədə üzümçülük, taxılçılıq, bağçılıq kimi ənənəvi kənd təsərrüfatı sahələri inkişaf etdirilir. Füzuli iqtisadi mərkəz kimi də regionda öz yerini tutmaqdadır, bu da əhalinin məşğulluğunu artırmaq və yerli iqtisadiyyatı dirçəltmək üçün mühüm rol oynayır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Füzuli rayonu yenidən qurulur

Füzulinin tarixində 17 oktyabr qədər digər əlamətdar tarix isə 2020-ci ilin 16 noyabr təqvimi oldu. Məhz həmin tarixdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonunda ilk dəfə səfərdə olmuş, Müzəffər Ali Baş Komandan Füzuli şəhərində Azərbaycan bayrağını ucaltmış, Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoymuşdu. Ölkə başçısı ümumilikdə 21 dəfə  Füzuli rayonuna səfər etmiş və bu səfərlər zamanı çoxsaylı obyektlərin təməli qoyulmuş, eyni zamanda, açılış mərasimləri baş tutmuşdur.

Tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuş Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun missiyası işğalda olan hər bir qarış torpağımızı düşmən tapdağından azad etmək idi. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. 17 oktyabr tarixində Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri ilə bərabər Füzuli şəhəri şanlı Ordumuz tərəfindən işğaldan azad edilmişdir. Vətən müharibəsi günlərində isə ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmiş, döyüşlər zamanı Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfərədək sakin yaralanmışdır.

Füzuli rayonu uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən ağır döyüşlərindən olmuşdur. Çünki düşmən bu rayon ərazisində çox ciddi istehkamlar qurmuşdu. Hətta bəziləri Füzuli rayonun azad edilə biləcəyinə inanmır, bəzi hərbi ekspertlər isə rayonun azad olunması üçün aylarla vaxt lazım olacağını bildiridilər. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşmənin uzun illər ərzində qurmuş olduğu keçilməz istehkamları cəmi bir neçə gün ərzində darmadağın etdi. Düşmənin müdafiə xəttini yarmaqla Azərbaycan Ordusu qədim yaşayış məskənimiz olan Füzulini işğaldan azad etməklə yanaşı mühüm strateji üstünlüklər də qazanmış oldu. Baxmayaraq ki, namərd, xain düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur və bunun nəticəsində azyaşlı uşaqlar həlak olurdu, Azərbaycan Ordusu bu əməllərin qisasını mülki vətəndaşlardan almırdı. Ordumuz düşməndən qisası döyüş meydanında alırdı. Çünki Azərbaycan Ordusu məsuliyyətli və peşəkar ordudur. Ordumuz öz peşəkarlıq və mərdliyi ilə düşməni qorxuya salmış, Füzuli uğrunda gedən döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. 17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Qələbəni görən və bu hissləri yaşayan xalq xoşbəxtdir. Təbii ki, döyüş meydanında göstərdiyimiz gücün mənbəyi də məhz Azərbaycan xalqının və Müzəffər Ali Baş Komandanın iradəsidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin qiymətləndirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalını təsis etmişdir.

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

Şərhlər

Şərh yazılmayıb.