Huquqaz.com

Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır

10.09.2024
2.798
Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır

Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır.

Azərbaycan qədim neft diyarı olaraq artıq dünyada özünü qaz hasilatçısı və ixracatçısı kimi də təsdiq edib. İxracın mənbəyi əsasən “Şahdəniz” olsa da, hazırda işlənən digər yataqların da yaxın illərdə istismara daxil ediləcəyi bu sahədə ölkəmizin qarşısında yeni perspektivlər açır. Azərbaycan qazının bu gününə və sabahına maraq böyükdür.
Uzun illərdir ki, Azərbaycan enerji sahəsində bir çox ölkələrlə uğurlu əməkdaşlıq edir. Bu gün isə artıq bu sahələr şaxələndirilir. Bunun nəticəsində Azərbaycan öz resurslarını inkişaf etdirib və etdirməkdə də davam edir. Əvvəlcə bu məsələ neftə aid idi, indi isə burada qaz sahəsi əsas söhbət mövzusudur.
Azərbaycan müxtəlif Avropa ölkələri ilə, xüsusilə də İtaliya ilə əlaqələri sıx qurur. Bu gün ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur. Bu dialoqun mühüm səciyyəvi cəhətlərindən biri onun mütəmadi olaraq yeni və olduqca vacib mövzularla genişlənməsidir. Əlbəttə ki, Avropanın ən böyük iqtisadiyyata malik olan ölkələrindən olan İtaliya ilə əməkdaşlıq əlaqələrini genişləndirmək Azərbaycan üçün olduqca önəmlidir.
Hazırda İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 16 milyard ABŞ dollarına bərabər olmuşdur və əlaqələrin genişlənməsi üçün potensial yalnız enerji sektoru üzrə deyil, digər sektorlar üzrə də mövcuddur. Bu gün Azərbaycan İtaliyanın bir nömrəli neft və iki nömrəli qaz təchizatçısıdır. Bu, əməkdaşlığın mühüm sahəsini təşkil edir. Aydındır ki, ölkəmizin mövcud olduğu Cənubi Qafqaz regionunda formalaşmış geosiyasi vəziyyət və bu vəziyyətin perspektivdə hansı istiqamətlərdə dəyişə biləcəyi ehtimalları Avropa İttifaqı üçün önəmli məsələlərdəndir.
Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Enerji təhlükəsizliyi məsələsi əlbəttə ki, milli təhlükəsizliyə bərabər bir məsələdir.Bu faktor hətta milli təhlükəsizlik gündəliyində belə ən başlıca yeri tutur.Beləliklə Azərbaycan öz resurslarını kifayət qədər inkişaf etdirir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetr idisə artıq bu rəqəm 12 milyard kubmetr təşkil edir. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir.
Ölkəmiz regional enerji və nəqliyyat layihələrinin müəllifi olaraq artıq digər Avropa ölkələri ilə də əməkdaşlıqda mühüm rol oynayır. Bu da o öz növbəsində geniş Avropa əməkdaşlığı üçün təməl olub. Məsələn, əgər 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri istifadəyə verilməsəydi, bu gün Avropanın enerji təhlükəsizliyi qat-qat zəif olardı.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır.

Bu gün Azərbaycan beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Eyni zamanda, ölkəmizdə həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib, dinamik inkişafı şərtləndirib. Təbii ki, Azərbaycanın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə təsiredici rol oynayır. Sözsüz ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Son bir neçə ildə Azərbaycanın əldə etdiyi uğurlar, hərtərəfli iqtisadi nailiyyətlər bizim ölkəmizi regionda güc mərkəzlərindən birinə çevirib. Azərbaycanın dinamik inkişafının göstəricisi kimi Bakıda bir sıra sərgilərinin açılışı olmuşdur.Bu sərgidə bir çox məsələlərə toxunulmuşdur ki, bunlardan ən əsası da enerji sahəsi idi.
Bu gün Azərbaycanın mühüm əməkdaşlarından biri də İtaliyadır. Azərbaycan-İtaliya münasibətləri haqqında demək olar ki, iki ölkə arasındakı əməkdaşlıq əsasən müstəqillik illərində dinamik inkişaf edib. Dövlətimizin başçısı İtaliyaya səfər çərçivəsində mühüm əhəmiyyətli görüşlər keçirib. Görüş və müzakirələr zamanı bir daha ikitərəfli münasibətlərin strateji xarakteri öz təsdiqini tapdı. Müxtəlif sahələrdə çox ciddi əlaqələrin olduğu da qeyd edilib. İtaliya Avropa İttifaqına daxil olan ən mühüm dövlətlərdən biridir. Qeyd etmək lazımdır ki, iki ölkə arasında dostluq münasibətləri getdikcə daha da möhkəmlənir. Azərbaycanda çox sayda İtaliya şirkətinin fəaliyyəti daim yüksək qiymətləndirilir. İtaliya Azərbaycanı beynəlxalq səviyyədə dəstəkləyən mühüm dövlətlərdən biridir və ölkəmiz də Romaya eyni münasibəti göstərir. Azərbaycan və İtaliya uzun illərdir ki, strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bu barədə təqribən 10 il əvvəl müvafiq bəyannamə qəbul edilib. İki ölkə arasında əməkdaşlıq bir çox sahələri əhatə edir.
Əməkdaşlığın ən mühüm sahəsini enerji sahəsi əhatə edir. Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər daha geniş coğrafiyanı əhatə edir. Burada da artım üçün güclü potensial var. Bu gün Azərbaycan ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq.
İkitərəfli əlaqələrin enerji və ticarətlə məhdudlaşdırılmır. Hazırda humanitar məsələlər üzərində də fəal iş gedir. Artıq İtaliya – Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, iki ölkə arasında əməkdaşlığın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universitetinin və onların Azərbaycandan olan tərəf-müqabilləri bu müştərək təsisatı yaradıblar. Bu, gələcək əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edəcək.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olub

Xarici siyasətində ikitərəfli əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın tarixi Zəfərimizdən sonra bu istiqamətdə qazandığı uğurların miqyası genişliyi ilə diqqətdədir. Möhkəm təməl üzərində qurulan əlaqələrin inkişafı üçün yeni imkanlar açılır. Hazırkı dövrdə ölkəmizin əsas hədəflərinin regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması məsələsidir. Bu gün Azərbaycan Avropa dövlətlərinin əksəriyyəti ilə ikitərəfli əlaqələr qurur. İkitərəfli əlaqələrin inkişafı mövcud sahələrdə olan imkanlarla yanaşı, bu məsələlərə də xüsusi diqqət göstərməsi diqqətdən kənarda qalmır.Azərbaycan xarici siyasətində bütün ölkələrlə dostluğa və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunda beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi cənab Prezident İlham Əliyevin siyasətinin əsas prioritet istiqamətlərdən biridir. Bu siyasi kursun nəticəsi olaraq Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının – BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər mötəbər qurumların üzvü kimi onların işində yaxından iştirak edir. Ötən illərdə Azərbaycanın üzv olduğu və əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlarla əlaqələri daha da genişlənib və möhkəmlənib.
Azərbaycanın siyasətinin əsas tərkib hissəsi olan inkişaf etmiş ölkələrlə əməkdaşlıq istiqamətində qazanılan uğurlar davamlılığı ilə diqqətdədir. Avropa ölkələri ilə münasibətlərin inkişafı öz növbəsində yeni əməkdaşlıq formatlarının yaranmasına, əlaqələrin coğrafiyasının genişləndirilməsinə öz müsbət təsirini göstərir. Şübhəsiz ki, əməkdaşlığın möhkəmləndirilməsində qarşılıqlı səfərlər, bu zaman imzalanan sənədlər, keçirilən görüşlərdə müzakirə olunan və gündəmə gətirilən məsələlər mühüm rol oynayır.
Azərbaycanın Avropa Şurasına üzv kimi qəbulu ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin formalaşmasında önəmli rol oynayıb.  2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.
2001-ci il yanvarın 25-də Prezident Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilib və qurumun binasının qarşısında dövlətimizin bayrağı ucaldılıb.
15 aprel 2002-ci ildə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Avropa Konvensiyasının və onun müvafiq Protokollarının ratifikasiya sənədini təqdim etmişdir. Beləliklə, Konvensiya və onun protokolları Azərbaycana münasibətdə qüvvəyə minmişdir. O gündən etibarən Azərbaycanın yurisdiksiyasında olan şəxslər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək hüququna malikdirlər.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrliyimiz onu nümayiş etdirir ki, biz yaxşı nəticə hasil edə biləcək ölkəyik

Cənab Prezident İlham Əliyev xalqın güvəndiyi şəxsiyyətdir. O, praqmatik, peşəkar siyasətçi olaraq əməli addımları ilə hər bir fərdin maraq və mənfəətlərinin qorunmasına dövlət təminatının olduğunu praktik surətdə nümayiş etdirir. O, dövlətçilik, böyük siyasət və idarəetmə baxımından əsl liderə məxsus xüsusiyyətləri kompleks şəkildə özündə təcəssüm etdirir. Yüksək dövlətçilik istedadı, əsl liderlik qabiliyyəti, aydın siyasəti, zəngin idarəetmə təcrübəsi prezidentimizə böyük nüfuz qazandırmışdır
Bu gün dövlət başçısı İlham Əliyevin  rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır. Xalq-iqtidar  birliyinin yaranması,  xalqın prezident ətrafında  yumruq kimi birləşməsi bütün çətinliklərin  öhdəsindən  gəlinməsini şərtləndirdi. Ölkə başçısının həyata keçirdiyi tədbirlər nəticəsində Azərbayanda söz, fikir azadlığı, güclü iqtisadiyyat, güclü ordu, əhalinin  sosial rifahının  yaxşılaşdırılması kimi mühüm məsələlər öz həllini tapıb.
Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb.
Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, buraya daxil olan dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi prinsiplər üzərində qurub. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması , əməkdaşlığın təşviqi kimi məsələlər Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşmüşdür.
Qoşulmama Hərəkatı mühüm beynəlxalq təsisat olaraq hər bir kəsin səsinin dünya miqyasında eşidilməsinin təməl prinsipidir. Azərbaycanın sədrliyi dövründə isə Hərəkatın institusional inkişafı müşahidə olunmuşdur. Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvü hesab olunur.
Məhz Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı. Cənab Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkat sürətlə dəyişən bugünkü dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrilib. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir. Əslində, buna nail olmaq heç də asan deyil. Belə ki, Qoşulmama Hərəkatı fərqli etnik, dini, mədəni köklərə, siyasi quruluşlara malik və bəzən hətta bir-biri ilə kəskin münasibətdə olan 120 dövlətdən ibarətdir. Belə fərqli və mürəkkəb coğrafiyada birləşdirici, effektiv və nəticəyönümlü sədrlik etmək məhz cənab Prezident İlham Əliyevin tarixi uğurudur.

Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri

Şərhlər

Şərh yazılmayıb.