Huquqaz.com

44 günlük Zəfər savaşında hər gün qələbə xəbərləri gəlirdi

17.10.2024
2.385
44 günlük Zəfər savaşında hər gün qələbə xəbərləri gəlirdi

44 günlük Zəfər savaşında hər gün qələbə xəbərləri gəlirdi

İkinci Qarabağ müharibəsinin 21-ci günü – 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur. Vətən müharibəsində isə Füzuli şəhəri də daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərdən biri idi. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonlarının da bir sıra yaşayış məntəqələri işğalçılardan təmizləndi.

44 günlük Zəfər savaşında hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 17-də qürur hissi ilə xalqa çatdırdı: «Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir… Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!»

Birinci Qarabağ müharibəsi zamanı işğala məruz qalan Füzuli 27 il ərzində ermənilər tərəfindən darmadağın edilərək xarabalığa çevrilmişdi. Vətən müharibəsində Füzuli şəhəri və rayonun bütün yaşayış məntəqələri işğaldan azad olunarkən qarşılaşdığımız mənzərə çox dəhşətli idi. Məcburi köçkünlərin qoyub getdiyi Füzulidən əsər-əlamət qalmamışdı.  Bütün tarixi-dini abidələrin izi silinmiş, rayon tamamilə viran qalmışdı. Prezident İlham Əliyev qələbə günü «bayraq sancmağa heç bir yer tapmadıq»- deyərkən, Füzulinin acı mənzərəsini aydın canlandıra bilmişdi.

Vətən  müharibəsinin ilk günündə Füzuli istiqamətində Horadiz, Qərvənd, Qaraxanbəyli kəndlərinin, Cəbrayılda isə Böyük mərcanlı, Nüzgar kəndlərinin, Kəlbəcərdə Murovdağ zirvəsinin azad edilməsi düşmən cəbhəsinin yarılması ilə nəticələndi. Ağır itkilər verən Ermənistan silahlı qüvvələri geriyə çəkilməyə başladılar. Düşmənin keçilməz «Ohanyan səddi» adlandırdığı istehkam xətti qəhrəman Azərbaycan əsgərinin şücaəti sayəsində bir neçə saat ərzində yarıldı. Hərbi əməliyyatlar kompleks şəkildə və planlı aparılırdı. Kənd Horadiz istiqamətindən yüksəkliklərə irəliləyən kəşfiyyat qrupları, artilleriya bölmələrinə ötürülən dəqiq koordinatlar və nəticədə düşmənin məhv edilməsi bizi qələbəyə yaxınlaşdırırdı. Ermənistan silahlı qüvvələrinin ən çox möhkəmləndiyi Füzuli şəhərini azad etmək məqsədilə ərazini mühasirəyə almaq və düşməni yerində məhv etmək üçün xüsusi plan hazırlandı. Strateji yüksəkliklər, düşmənin möhkəmləndiyi ərazilər qəhrəman oğullarımızın şücaəti sayəsində azad olundu.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Füzuli Zəfəri hərb tariximizə qızıl hərflərlə yazıldı

Davam edən uğurlu hərbi əməliyyatlar və Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində oktyabrın 3-də cəbhənin cənub-şərq istiqamətində Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Tərtərin Suqovuşan və Talış kəndləri düşməndən təmizləndi.

Növbəti gün Cəbrayıl şəhəri, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl, Karxulu, oktyabrın 5-də isə Şıxalıağalı, Sarıcallı və Mərəzə kəndləri azadlığa qovuşdu. Ordumuz erməni hərbçilərinin Füzulidəki təminat yollarını sıradan çıxarmaqla onların belini bir daha qırmış oldu.  Belə ki, oktyabrın 9-da Azərbaycan Ordusunun yüksək dəqiqliklə apardığı hərbi əməliyyatlar nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sor kəndi, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qaracallı, Əfəndilər və Süleymanlı kəndlərinin azad edilməsi düşmən arxasına keçməyə əlverişli şərait yaratdı. Nəhayət, oktyabrın 16-dan 17-nə keçən gecə şəhərin azad olunması əməliyyatını yerinə yetirmək vaxtı çatmışdı. Əsgərlərimiz qarşıya qoyulan əməliyyat planının sonuncusunu da uğurla yekunlaşdırdılar – Füzuli şəhəri, Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli ətraf kəndləri azadlığa qovuşdu. Uğurlu əməliyyat nəticəsində düşmən məhv edildi, yüzlərlə hərbi texnika, silah-sursat qənimət kimi götürüldü. Müharibənin gedişində Füzuli döyüşən şəhər adını qazandı. Füzuli əməliyyatı hərbi kitablara tövsiyə olundu. Çünki burada əsl qəhrəmanlıq göstərildi. Burada Vətəni necə sevməyin, onun üçün necə mücadilə aparmağın, necə şəhid, necə qazi olmağın son dərəcə təsirli nümunəsi yaranmışdı.

Ümumiyyətlə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Füzuli Zəfəri hərb tariximizə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 17-də Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırması isə hər birimizi qürurlandırdı. Füzuli rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Qeyd edək ki, bu gün işğaldan azad olunmuş Füzulidə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, kəndlər, qəsəbələr  yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir. Görülən işlər nəticəsində bu şəhərin yerli sakinləri artıq öz doğma yurdlarına əbədi dönüşün sevincini yaşayırlar.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.