Huquqaz.com

Qardaşlıq əlaqələrinin önəmli amili

26.08.2023
2.783
Qardaşlıq əlaqələrinin önəmli amili

Qardaşlıq əlaqələrinin önəmli amili.

“Azərbaycan və Özbəkistan xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Eyni kökə malikik, ortaq tariximiz var, dini və mədəniyyəti bölüşən iki dost və qardaş xalqlarıq və əlaqələrimizin tarixi qədim dövrlərə gedib çıxır. Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Ötən 30 il ərzində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır”.

Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir: “Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Sevindirici haldır ki, səfər zamanı Azərbaycan və Özbəkistan iki ölkə arasında aviareyslərin sayının artırılması barədə razılığa gəliblər. Eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Azərbaycanla Özbəkistan arasında əlaqələr bütün sahələrdə olduğu kimi, qanunverici orqanlar arasında da uğurla davam etdirilir. Parlament nümayəndələri müntəzəm olaraq Özbəkistanda və Azərbaycanda keçirilən prezident və parlament seçkilərində, eləcə də müxtəlif beynəlxalq tədbirlərdə beynəlxalq müşahidəçi qismində iştirak edirlər. 1995-ci ildən iki ölkənin qanunvericilik orqanlarında parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir”.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Ehtiram Osmanov.

 

 

Dostluğa sadiq Özbəkistan.

Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə, ikitərəfli və çoxşaxəli münasibətlərin genişləndirilməsinə xidmət edən təmasların baş tutması Cənubi Qafqazda yeni geostrateji reallıqların, Avrasiyada isə yeni beynəlxalq nizamın yaranması ərəfəsində xüsusi önəm daşıyır. İki dost, qardaş və tərəfdaş ölkə arasında qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə aydın fikirlərin ifadə edilməsi, strateji yol xəritəsinin müəyyənləşdirilməsi yeni mərhələdə qarşıda duran hədəflərin və ortaq prioritetlərin reallaşdırılmasına etibarlı zəmin yaradır. Qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi ölkələrimizin qlobal arenada, beynəlxalq təşkilatlar səviyyəsində milli maraqlara dair bütün məsələlərdə bir-birini dəstəkləməsi baxımından vacib və əhəmiyyətlidir. Yeni mərhələdə Azərbaycan-Özbəkistan münasibətlərinin genişləndirilməsi Türk dünyasında inteqrasiyanın sürətləndirilməsi üçün faydalıdır. Məlumdur ki, iki ölkə Türk dünyasında mühüm söz və nüfuz sahibidirlər, geniş təsir imkanlarına malikdirlər. Tərəflərin münasibətlərinin inkişafı təkcə iki ölkə deyil, türkdilli ölkələrin mövcud olduğu coğrafiyada geosiyasi və geoiqtisadi təşkilatlanmanın gücləndirilməsi, yeni güc mərkəzinin yaradılması üçün olduqca əhəmiyyətlidir. Xüsusilə də, 44 günlük müharibədə Qələbə qazanan Azərbaycanın geostrateji reallıqlar yaratması – yeni əməkdaşlıq imkanlarının, işbirliyi platformalarının reallaşdırılması Türk dünyasına yönəlik perspektivlərin yaranması deməkdir. Nəqliyyat-kommunikasiya sahəsində layihələrin reallaşdırılması isə bu xüsusda önəmli siyasi və iqtisadi dividendlər vəd edir. Avrasiyada geniş coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur nəqliyyat dəhlizinin gerçəkləşdirilməsi isə regional əməkdaşlıq və beynəlxalq inteqrasiyanı sürətləndirəcək;

– Azərbaycan-Özbəkistan strateji işbirliyi keyfiyyətcə yeni mərhələyə yüksəlir. Xüsusilə də, səfər çərçivəsində 20 sənədin imzalanması energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlər və digər istiqamətlərdə yeni uğurlar qazanılmasına zəmin yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, görüşlər və danışıqlar münasibətlərinin inkişafının gələcəyini müəyyən etdi. Artıq əldə edilən nəticələr bizim düzgün yolda olduğumuzu göstərir.

Düz 14 ay əvvəl – 22 iyun 2022-ci il tarixində Prezident cənab İlham Əliyev Özbəkistanda dövlət səfərində olarkən maraqlı və önəmli bir fikir söyləmişdi: “Qardaşım Şavkat Miromonoviçin bütün dediklərini mən anladım, tərcüməçiyə ehtiyac qalmadı”. Bu, Azərbaycan Prezidentinin Daşkənddən Türk dünyasına (və dünyaya) xitabən tarixi, mədəni, mənəvi və siyasi məzmuna malik net – çağırış və bəyanat xarakterli mühüm, dəqiq və konkret mesajı idi. Mesajın məzmunu ondan ibarət idi ki, türk dövlətləri bütün məsələlərdə anlaşa, birlikdə hərəkət edə və hədəflərinə nail ola bilirlər. Ona görə də hər hansı tərcüməçiyə (vasitəçiyə) və tərcüməyə (kənar müdaxiləyə, təsirə) lüzum və yer yoxdur. “Tərcüməçiyə ehtiyac yoxdur” fikri türk dövlətləri prizmasından həm günümüzün reallıqlarını, həm də uzaq hədəfləri əks etdirir.  Bu, Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına praktik məzmun verən, bir millətin bir neçə dövlətinin münasibətlərini, ortaq dəyərlərini, siyasi iradəsini, strateji düşüncəsini və gələcəyə baxışını tərənnüm edən mükəmməl ifadədir. Ulu Öndərin məlum deyimi Azərbaycan ilə Türkiyənin könül birliyinin rəmzinə çevrildi. Prezident İlham Əliyevin bəhs olunan fikri isə türk dövlətlərinin həm mədəni, həm də mənəvi-siyasi bağlılığının məğzi, leytmotividir desək, yanılmarıq. Cənab İlham Əliyevin bir ifadəsi təkcə günün, gündəmin sözü deyil, qarşıdakı onilliklərin bəyanatı, Türk Dövlətləri Təşkilatının söz ilə çəkilmiş mənəvi-siyasi yol xəritəsidir.

İki Liderin bir (və birlik) mesajı niyyətimizin bəlli, məramımızın ali, yolumuzun isə açıq olduğunu göstərir. Yola davam!

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Ehtiram Osmanov.

Şərhlər

Şərh yazılmayıb.