Huquqaz.com

20 oktyabr 2020-ci il tarixində Zəngilan rayonu işğaldan azad edilmişdir

19.10.2024
2.783
20 oktyabr 2020-ci il tarixində Zəngilan rayonu işğaldan azad edilmişdir

20 oktyabr 2020-ci il tarixində Zəngilan rayonu işğaldan azad edilmişdir.

Azərbaycanın cənub-qərbində, Ermənistan və İranla sərhəddə yerləşən Zəngilan rayonu strateji cəhətdən böyük əhəmiyyət kəsb edən mövqedə yerləşir. Tarixi məlumatlar azad edilmiş digər ərazilər kimi, Zəngilanın da qədim Azərbaycan torpağı olduğunu sübut edir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı (637) ildə qoyulub. Deməli, Zəngilanın təqribən 1400 ilə yaxın yaşı var. Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir.

1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu.
Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisinin yeganə çıxış yolu Araz çayından İran ərazisinə keçmək idi. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdır. Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid vermişdir.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev verdiyi əmrə əsasən, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı.

Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi yenidən bərpa edildi. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başladı. Düşmən tapdağından azad edildikdən sonra Zəngilanda həyat yenidən özünə qayıtmışdır.

 

Kəmalə Məmişova- Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktoru

 

 

“Zəngilanın azad olunmasına görə” medal.

 

2020-ci ilin sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təcavüzü Vətən müharibəsinin başlandığı gün kimi tarixə düşdü. Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda Vətən müharibəsi dünyada yaşayan azərbaycanlıları da ayağa qaldırmışdır. Dünya azərbaycanlıları Azərbaycan xalqının, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşmişdir.

44 günlük Vətən  müharibəsinin  Azərbaycanın hərb tarixində ən parlaq səhifə təşkil etdiyi birmənalıdır. Cəmi 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən ordusunu daramadağın edən Azərbaycan Silahlı Qüvvələri işğaldakı torpaqları erməni faşistlərindən azad etmiş, ölkəmizin suverenliyinə nail olmuşdur.

Vətən müharibəsi və onun nəticələrinin təhlili göstərir ki, bu müharibədə Azərbaycanın qələbəsi sadəcə ölkəmiz üçün deyil, bütövlükdə bəşəriyyət üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanın faşizm üzərindəki zəfəri  illər ərzində işğalda saxladığı torpaqlardan cinayətkar məqsədlərlə istifadə edən Ermənistanı öz bəd əməllərini davam etdirmək imkanından məhrum etmiş, bu torpaqları bəşəriyyət üçün təhlükə mənbəyi olmaqdan çıxarmışdır.  Ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları, eləcə də Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş igidlər cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.

2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

 

Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta məktəbin direktoru

Şərhlər

Şərh yazılmayıb.