Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi
15 iyun 2021-ci ildə Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında müttəfiqlik haqqında Bəyannamə imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. 44 günlük vətən müharibəsində dağıdıcı qüvvəni tərksilah etdikdən sonra region yeni nəfəs almağa başladı və durmadan dünyaya açılır. Beləliklə, Qafqazın tarixi yenidən yazılır. Həqiqətən də burada iki qardaş ölkənin xidmətləri misilsizdir. Faktiki olaraq sağlam qüvvələrin hamısı bu prosesi təqdirlə qarşılayır çünki həm müharibəyə son qoyuldu, həm faşizmin başını kəsdik, həm də yeni imkanlar: kommunikasiyalar, tranzitlər, insanların gediş gəlişləri, resursların mübadiləsi və s. açılır. İkinci Qarabağ savaşından sonra ölkəmizin çoxsaylı uğurları olub və hələ bu yolun ortalarıdır. Bəlkə də yüz, iki yüz ildə bir dəfə yaşanan bir tarixin canlı şahidləriyik. Bu proses bu gün başlamadı, dünən başlamadı və bu, prosesin sonu da deyil. Həqiqətən də Türkiyə-Azərbaycan münasibətlərinin çox dərin kökləri var. Bu gün bu münasibətlərin yeni müstəviyə çıxdığını, qədəm qoyduğını görürük. Bu baxımdan da demək lazımdır ki, Türkiyə-Azərbaycan münasibətləri elə bir geosiyasi amilə çevrilib ki, artıq dünya da onunla həm razılaşır, həm də bəyənir. Bu müttəfiqlik Bəyannaməsini Azərbaycan cəmiyyəti ilə yanaşı Türk dövlətləri, dost dövlətləri, eyni zamanda işğalçı Ermənistan və onun arxasındakı güclər, bölgədə maraqları olan güclər də izləyirdi. İşğaldan azad edilmiş torpaqlarımızda, Türkiyə-Azərbaycan bayraqlarımızın birgə dalğalandığı Şuşada qardaş ölkə prezidentləri arasında imzalanan bu müttəfiqlik Bəyannaməsi əslində dünyada analoqu olamayan Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyə doğru sürətli inkişafını özündə əks etdirir. Bu Bəyannamə Azərbaycan-Türkiyə arasında əməkdaşlığı gücləndirməklə yanaşı türk dövlətləri arasında əlaqələri, əməkdaşlığı da gücləndirəcək təkanverici qüvvədir.
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov
Şərh yazılmayıb.