Birlik və həmrəylik
Birlik və həmrəylik
Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, dünya azərbaycanlılarının həmrəyliyi günü hər bir azərbaycanlı üçün əzizdir. Bu gün xalqımız bu əlamətdar günü daha mütəşəkkil, daha təşkilatlanmış və müqəddəs amallar ətrafında birləşərək qeyd edir. Təbii ki, bunun da səbəbi ötən illər ərzində bu sahədə aparılmış məqsədyönlü dövlət siyasətidir. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunmasının əsası qoyuldu. Naxçıvan Ali Məclisində bu barədə qəbul olunmuş qərarla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edildi və dekabrın 25-də Ali Sovet müraciəti nəzərə alaraq, dekabrın 31-nin dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul etdi. O vaxtdan ötən dövr ərzində bütün dünya azərbaycanlıları bu günü rəsmi bayram kimi qeyd edir. Xalqın həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasəti yürüdən ulu öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problemləri və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.
Ulu Öndərin milli həmrəylik sahəsində xidmətlərini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin səmərəli siyasəti sayəsində Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır. 44 günlük Vətən müharibəsində dünya azərbaycanlılarının həmrəyliyi tarixi Qələbəmizi daha inamlı etdi. Müqəddəs savaşımız zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrinin təxribatlarına qarşı cəsarətli etirazları, dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin göstərilməsi işində fədakar xidmətləri Zəfərimizə layiqli töhfə oldu.
Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc
Şərh yazılmayıb.