Huquqaz.com

Azərbaycanın gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir

25.08.2023
1.668
Azərbaycanın gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir

Azərbaycanın gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur”

Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. “Azərbaycan gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur. Çünki bugünkü uşaqlar müstəqil Azərbaycanın gələcəyidir.”- deyən Ulu öndər Heydər Əliyevin ikinci dəfə müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılmışdır. Ümummilli liderin ölkəmizə rəhbərliyinin hər iki dövründə uşaqlara xüsusi diqqət yetirməsi, səhiyyə, mədəniyyət, təhsil, idman ocaqlarının, məktəbdənkənar, məktəbəqədər və müvafiq sahəni əhatə edən digər sosial təsisatlar şəbəkəsinin qurulması, genişləndirilməsi uşaqların təhsilinə və sağlamlıqlarının qorunmasına öz müsbət təsirini göstərmişdir.

Ümummilli Lider Heydər Əliyev böyük uzaqgörənliyi ilə qeyd etmişdir:  “Bu, bir reallıqdır ki, Azərbaycan Respublikasında uşaqlar respublikamızın son illərdə düşdüyü ağır, bəlalı, əzab-əziyyətli günlər içində yaşayaraq, eyni zamanda öz valideynlərinin, onlara qayğı göstərən insanların, təşkilatların, xeyriyyə cəmiyyətlərinin köməyi ilə dərs keçirlər, tərbiyə alırlar, böyüyürlər və inkişaf edirlər. Mən əminəm ki, bu ağır, çətin dövrdə dünyaya gəlib böyüyən uşaqlar cəsarətli, mətin, vətənpərvər olacaqlar. Azərbaycanın xoşbəxt gələcəyi naminə həm təhsil alıb böyüyəcəklər, həm də gələcəkdə cəmiyyətdə öz yerlərini tutacaqlar. Azərbaycanın gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir”.

Ulu Öndər hər zaman bildirirdi ki, uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir.  Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən  sağlam, cəmiyyətə faydalı vətəndaş, vətənə sadiq övlad  kimi böyütmək  çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bu günün uşaqlarına əmanət ediriksə, onların  düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir.

Ümummilli Lider Heydər Əliyevin bütün istiqamətlərdə, o cümlədən uşaq hüquqlarının qorunması və qayğı ilə əhatə olunması sahəsində müəyyənləşdirdiyi dövlət siyasəti Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Bu gün Azərbaycan Respublikasında uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı və böyük layihələr həyata keçirilir. Daim uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinin həlli ilə bağlı vacib proqramlar reallaşdırılır. Eyni zamanda valideyn himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə olunan uşaqların rifah halının yaxşılaşdırılması, hüquqlarının qorunması daim diqqətdə saxlanılır.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

“Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir.”

Ulu Öndər çox doğru olaraq qeyd edirdi ki, bizim  milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz, –  deyən dahi şəxsiyyət həmişə vurğulayırdı ki, öz milli dəyərlərimizi unutmamalı, onu yaşatmalı, bu dəyərlərdən bəhrələnməli, ruhlanmalı, bu yolu tutmalıyıq. Gənclərə daim qayğı göstərən, onların dövlətçiliyimizə, müstəqilliyimizə məhəbbət ruhunda formalaşdırılmasını diqqətdə saxlayan, həyatı, bütün siyasi fəaliyyəti dövründə ancaq xalq üçün, insanlar üçün düşünən, xalq və insanlar üçün yaşayan, həyatının məqsədi Azərbaycan, Azərbaycan xalqı, Azərbaycan Respublikası, Azərbaycan vətəndaşı olan Ulu Öndər gənclərlə tez-tez görüşür, onlara tövsiyə edirdi ki, hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək həyat yolu kimi qəbul etməlidir. Öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ancaq hər şeydən çox,  hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Çünki bizim borcumuz Azərbaycanın simasını dəyişməkdir. Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir. Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq. Bu yol xalq yoludur.

“Vətənini müdafiə etməyə çalışan hər bir vətəndaş ,hər bir gənc bizim üçün əziz,qiymətli və dəyərlidir”. Bu aforizm xalqımızın ulu öndəri,dahi şəxsiyyət Heydər Əliyevə məxsusdur. Ölkəmizə rəhbərlik etdiyi müxtəlif illərdə Heydər Əliyev böyüməkdə olan  gənc nəslə qayğını ön plana çəkmişdir. Azərbaycanı gənclər ölkəsi,gəncləri Azərbaycanın gələcəyi adlandıran ümummilli liderimiz gənclər siyasətini ölkədə həyata keçirilən ümumi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Bu siyasət, bu münasibət və baxış mənəvi intelektual potensialın formalaşdırılmasına, peşəkar kadrların hazırlanmasına, milli vətənpərvərlik ruhunun yüksəldilməsinə, gənclərin ölkənin hər yerində irəli çəkilməsinə yönəlib.

Son illər ölkəmizin bütün regionlarında gənclərlə işin canlanması,onların problemlərinin həll sahəsində bir sıra tədbirlərin görülməsi ilk növbədə Ümummilli Lider  Heydər Əliyevin gəncliyə olan qayğısının nəticəsidir.

Gülər Ağayeva- Zərdab rayon Alıcanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

“Bizim gənclər gərək hazırlaşsınlar ki, XXI əsrdə Azərbaycanın inkişafını təmin edə bilsinlər. Bunun üçün biliklənmək, təhsil almaq, sağlam həyat tərzi keçirmək, mənəvi, milli dəyərlərimizə daim söykənmək və ümumbəşəri dəyərlərdən səmərəli istifadə etmək lazımdır. Mən əminəm ki, bizim gənclərimiz Azərbaycanın gələcəyini bizdən elə yaxşı təmin edəcəklər. Çünki bizim çox zəkalı, çox bacarıqlı, istedadlı gənclərimiz vardır. Mən ümidvaram ki, gənclər bugünkü təcrübədən yaxşı bəhrələnəcəklər və Azərbaycanın gələcəyini təmin edəcəklər.”

Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşüb. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür.
Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi prinsipi dayanır.

Bu gün  Ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gənclərinin hərtərəfli yetişməsi, sağlamlığı, yüksək səviyyəli təhsil alması, faydalı istirahəti, sosial-maddi rifah halının yaxşılaşması üçün çoxsaylı tədbirlər həyata keçirilir. Ölkə gənclərinin üzərinə düşən vəzifə isə yaradılan şəraitdən səmərəli istifadə etmək, gənclik illərini faydalı məşğuliyyətə həsr etmək, harada olmasından asılı olmayaraq dövlətin, xalqın mənafeyini uca tutmaqdır. Qeyd etmək lazımdır ki, dövlətin məqsədyönlü siyasəti öz bəhrəsini verməkdədir. Dövlətin onlar üçün yaratdığı geniş imkanlardan, hərtərəfli şəraitdən yararlanan gənclər ictimai həyatın bütün sahələrində aktiv rol oynayırlar. İndi Azərbaycan gəncliyi bütün dünyada örnək ola biləcək müsbət keyfiyyətləri ilə seçilir.

Bu gün respublikamızın müstəqillik yolunda inamla irəliləməsinin ən mühüm səbəblərindən biri ölkəmizdə elmə, biliyə önəm verən vətənpərvər gənclər ordusunun yetişməsidir. Dövlət Bayrağı Meydanının açılışında iştirak edən Prezident İlham Əliyev müstəqil Azərbaycanın vətəndaşı olduğu üçün hər bir kəsin fəxr etməli olduğunu bildirərək ölkə vətəndaşlarının, o cümlədən, gənclərin üzərinə düşən vəzifələri bir daha xatırladıb: “Hər bir vətəndaş, tutduğu yerindən asılı olmayaraq, öz əməyi ilə hər gün ölkəmizi gücləndirməlidir. öz əməli işlərimizlə, Vətənə sədaqətlə, görülən işlərlə, atılan addımlarla. Bu gün Azərbaycan cəmiyyətində bu həmrəylik, milli həmrəylik, milli səfərbərlik, vətənpərvərlik ruhu vardır. Biz gənc nəsli bu ruhda tərbiyə etməliyik ki, Azərbaycanda gənc nəsil peşəkar, vətənpərvər, Vətənə sadiq olsun. çünki bütün dövrlərdə Azərbaycanın uğurlu gələcəyini biz təmin etməliyik”.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

“Gənclərdə, gənc nəsildə vətənpərvərlik hissini, vətənə xidmət etməyi, orduda xidməti şərəf bilmək və Vətən yolunda həlak olmağa, özünü qurban      verməyə daim hazır olmaq hisslərini daha da yüksəklərə qaldırmalıyıq.”

İnsan özünü və dünyanı əsasən gənclik yaşlarından dərk edir. Onda doğma Vətən, mənsub olduğu xalq qarşısında borc, məsuliyyət hissləri də bu yaşdan təşəkkül tapır. Ona görə də hər bir ölkənin, xalqın gələcəyinin necə olması bugünkü gəncliyin hansı ideallarla yaşamasından, övladı olduğu Vətəni, xalqı qarşısında borc, məsuliyyət hissini necə dərk etməsindən, vətənini, xalqını nə dərəcədə sevməsindən,  milli-mənəvi özünüdərkindən asılıdır. Əgər biz gələcəyimizi xoşbəxt, əmin-amanda görmək istəyiriksə sadalanan cəhətlərin bugünkü gənclikdə olmasına çalışmalıyıq. Bu çalışmanın mərkəzində isə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi durur. Ona görə də gənclərin vətənpərvərlik tərbiyəsi, onlara Vətənə, xalqa məhəbbət hisslərinin aşılanması həmişə olduğu kimi bu gün də aktualdır.

Təsadüfi deyildir ki, Azərbaycan xalqının Ümummilli lideri, böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasını gənclərin tərbiyəsinə cavabdehlik daşıyan bütün qurumların qarşısında ən mühüm vəzifə kimi qoyur, müxtəlif səviyyəli tədbirlərdə, gənclərlə, müəllimlərlə, ziyalılarla çoxsaylı görüşlərində bu məsələyə dönə-dönə toxunaraq öz müdrik məsləhət, tövsiyə və tapşırıqlarını verirdi

44 günlük müharibədə Şanlı Zəfər qazanan Azərbaycanın ən böyük uğuru onun vətənpərvər ruhda yetişdirdiyi gənclər idi. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü.

Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin daim önündə olub. Bu, ondan irəli gəlir ki, Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin yeni mərhələyə qaldırdığı dövlət gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, onun dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu baxımdan Cənab Pezident İlham Əliyevin gənclərlə iş sahəsində həyata keçirdiyi tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş gənclər siyasətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir.

Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

“Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır.” –

Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.

Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm vermişdir. Müdrik dövlət xadimi gənclərə böyük ümidlərlə baxaraq cəmiyyətin aparıcı qüvvəsinə inam bəsləyirdi.

Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində öz intellekti və  fəallığı ilə seçilir. Respublikada bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənc nəslin inkişafı  üçün yaradılan geniş imkanlar onları hal-hazırda cəmiyyətin aparıcı qüvvəsinə çevirib. Ötən əsrlə müqayisədə gənclərimizin beynəlxalq aləmə inteqrasiyasında nəzərəçarpan  dönüş yaranıb. Əlbəttə, bu inkişaf dövlətimizin gəncliyə göstərdiyi diqqət və qayğının nəticəsidir.

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Bizlər Azərbaycanın gənc nəsilləriyik. Biz nə qədər örnək və savadlı olsaq ölkəmiz də bir o qədər irəlidə olar.

Gənc və gələcək sözləri həm deyilişdə, həm mahiyyət etibarilə bir-birinə o qədər yaxın ifadələrdir ki, zamanın iti axarı, məkanın virtual ölçüsü bu adlar qoşa çəkiləndə gerçək görünür.

Azərbaycan gənci bu gün düşünür, tədqiq edir, ölkəmizin və dünyanın ən yaxşı universitetlərində bilik sərmayəsi qazanır, müxtəlif yarış meydanlarında qalib olur və respublikamızı təmsil edir. Bu bizim sərvətimiz və haqqında inamla danışa biləcəyimiz Azərbaycan gəncliyidir.

“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” – Ulu Öndər Heydər Əliyevin bu fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.

Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Cənab Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür.  Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

Şərhlər

Şərh yazılmayıb.