Huquqaz.com

Qlobal Bakı Forumu aparıcı beynəlxalq forumlardan birinə çevrilib

12.03.2023
2.367
Qlobal Bakı Forumu aparıcı beynəlxalq forumlardan birinə çevrilib

Qlobal Bakı Forumu aparıcı beynəlxalq forumlardan birinə çevrilib

Prezident cənab İlham Əliyevin çoxşaxəli, davamlı siyasəti, böyük siyasi iradəsi sayəsində Azərbaycan bu gün təhlükəsizlik adasına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, sosial rifahı, güclü iqtisadiyyatı, uğurlu xarici siyasəti, reallıqları ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir və dünyadakı nüfuzu durmadan artır. Qlobal Bakı Forumu dünya ictimaiyyətini dərindən narahat edən məsələlərin həlli yollarını araşdıran və bu istiqamətdə müzakirələr apara bilən müstəqil beynəlxalq platformaya çevrilib. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilən Qlobal Bakı forumlarında dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət, etnik və digər zəmində baş verən münaqişələr və bir sıra digər qlobal problemlər geniş müzakirə edilib, onların həlli yollarının tapılması istiqamətində təhlillər aparılıb. Bu gün Azərbaycan həm də multikultural mühiti ilə tanınır. Cənab Prezidentimizin dediyi kimi: “Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bunun tarixi kökləri var. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub. Biz fəxr edirik ki, müstəqilliyimiz bərpa olunandan sonra bu meyil gücləndi. Biz bu ideyaları qlobal arenada təbliğ etməyə çalışırıq. Ona görə də biz çoxsaylı tədbirlər, beynəlxalq konfranslar, mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu və bir çox başqa beynəlxalq tədbirlər təşkil edərək, xüsusilə fərqli fikirlər gördüyümüz zaman əsas diqqəti multikulturalizmlə bağlı məsələlərə yönəldirik. Azərbaycanın nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur”.

Hazırda Azərbaycan dünyaya günəş kimi doğur. 2020-ci ilin Vətən müharibəsində qazanılan Qələbə və torpaqlarımızın işğaldan azad edilməsi sayəsində ölkəmizə maraq daha da artıb. İndi Şərqdən Qərbə, Şimaldan Cənuba demək olan bütün yollar Azərbaycandan keçir. Bu da təbiidir. Çünki bu gün Azərbaycan bölgədə söz sahibidir və sabitləşdirici rol oynayır, eyni zamanda, öz qonşularına qarşılıqlı faydalı əməkdaşlıq təklif edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sözünün imzası qədər etibarlı olması ölkəmizin artan çəkisinin daha bir komponentidir. İndi Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artır. Bunun əsasında isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yürüdülən məqsədyönlü siyasət, verilən qəti qərarlar, əlverişli biznes mühiti və yaradılan müasir infrastruktur dayanır.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

Şərhlər

Şərh yazılmayıb.