Huquqaz.com

“Əkinçi” qəzeti

21.07.2024
2.523
“Əkinçi” qəzeti

“Əkinçi” qəzeti.

1832-ci ildə “Tiflis əxbarı” qəzeti və 1845-ci ildə “Zaqafqazski vestnik” qəzetinə “Qafqazın bu tərəfin xəbəri” adlı Azərbaycanca buraxılan əlavə milli mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlar olmuşdur. Rəsmi bülleten xarakteri daşıyan həmin nəşrlər sözün əsl mənasında hələ qəzet adlandırıla bilməzdi.

1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsi nəşr olundu. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli AxundovSeyid Əzim ŞirvaniNəcəf bəy VəzirovƏsgər ağa Gorani yaxından iştirak etmişdir. “Əkinçi” elm, maarif və mədəniyyətinədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan “Əkinçi” qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. Qəzetdə təbiət elmləri və kənd təsərrüfatının inkişafı ilə bağlı elmi-kütləvi məqalələr verilirdi. “Əkinçi” Azərbaycandan kənarda da — Gürcüstan, Dağıstan, Özbəkistan və başqa yerlərdə yayılırdı. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub

1877-ci ildə “Əkinçi” qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərilməsinə baxmayaraq Azərbaycanda bir müddət Azərbaycanca mətbu orqan çıxmamışdır. Ölkədə cərəyan edən ictimai proseslər və cari məsələlər bir müddət yerli rusdilli mətbuatda öz əksini tapırdı. Bakıda rus dilində çıxan ilk qəzet isə birinci nömrəsi 1871-ci ilin mart ayında işıq üzü görən “Bakinski listok” olmuşdur. 1876-cı ildə ikinci rusdilli qəzet “Bakinskiye izvestiya” nəşrə başlamışdır. Rusdilli qəzetlər içərisində daha uzunömürlü olmuş “Kaspi“nin 1897-ci ildən etibarən nəşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüş və təxminən həmin dövrdən onun redaktoru Əlimərdan bəy Topçubaşov, sonralar isə Əlibəy Hüseynzadə olmuşdur. Rus dilində nəşr edilən qəzetlər Azərbaycan səhifəsi yaratmaq təşəbbüsü göstərsələr də buna nail ola bilməmişlər. 1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə Tiflisdə “Ziyayi-Qafqaziyyə” qəzetini çıxarmağa nail olmuşdur. Qəzetin cəmi 104 nömrəsi çıxdıqdan sonra 1880-ci ildə o, çapını dayandırmışdır. 1883–1891-ci illərdə Tiflisdə “Əkinçi” üslubunu davam etdirən “Kəşkül” qəzeti və jurnalı da işıq üzü görürdü.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

Anadilli mətbuat.

XX əsrdə isə Azərbaycan dilində çıxan ilk qəzet Məhəmməd ağa Şahtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi “Şərqi-rus” qəzeti olmuşdur. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri olmuşdur. Qəzetdə dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı. “Şərqi-rus” qəzeti Cəlil MəmmədquluzadəMirzə Ələkbər SabirAbbas SəhhətÖmər Faiq Nemənzadə , Hüseyn CavidMəmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri öz ətrafında birləşdirə bilmişdi. Qəzetin ən böyük xidmətlərindən biri də Cəlil Məmmədquluzadəni bir jurnalist kimi üzə çıxarması oldu. O, mətbuatda demokratik cərəyanın bərqərar edilməsində mühüm rol oynayan peşəkar bir redaktor kimi məhz bu qəzetdə yetişmişdir. O dövrdə Azərbaycan ziyalıları arasında siyasi-ictimai fikrin istiqamətini, məslək mübarizələrini müəyyən etmək, bunların nə qədər ziddiyyətli, mürəkkəb şəraitdə getdiyini bilmək üçün 1917-ci ilə qədər çıxan, qapanan və yenidən çıxan, adını, ünvanını, hətta yolunu dəyişən müxtəlif qəzet və məcmuələri gözdən keçirmək kifayətdir. Bakıda “Kaspi” mətbəəsindən əlavə Tiflisdə və Gəncədə kiçik mətbəələr yaranmışdı. Xüsusilə Orucov qardaşlarının bu sahədəki fəaliyyəti nəticəsində mətbəələr genişlənir, istər qəzet, məcmuə və istərsə kitab nəşri üçün böyük imkan yaranırdı. Şuşa, Naxçıvan kimi şəhərlərdə də zəif, məhdud imkanla olsa da, çapxana binası qoyulurdu. “Təkamül” ilk nömrəsini Məhəmməd Hadinin “El fəryadı” adlı azadpərəst şeiri ilə başlayır. Şair millətin səadətini hürriyyətdə görür. “Təkamül” uzun müddət davam edə bilmədi. 1907-ci ildə onun əvəzinə “Yoldaş” nəşr olundu, o da tez bağlandı. Bu dövrdə müxtəlif dünyagörüşləri təmsil edən qəzet və jurnallar nəşr olunur, sürətlə bir-birini əvəz edirdilər ki, bunlardan “Molla Nəsrəddin“, “Dəvət-Qoç“, “Bakinski raboçi“, “Dəbistan“, “Hilal“, “Tərəqqi“, “Tuti“, “Kəlniyyət“, “Babayi-Əmir” və s. göstərmək olar. Qəzetlər arasında az-çox ardıcıl demokratik xətti Haşım bəy Vəzirovun nəşr etdirdiyi “Tazə həyat” (1907–1908), “İttifaq” (1908–1909), “Səda” (1909–1911), “Sədayi-vətən” (1911–1912), “Sədayi-həqq”, “Sədayi-Qafqaz”da (1915–1916) görmək olar. “Məzəli” jurnalı “Molla Nəsrəddin”dən sonra mətbuat tarixində ən məzhəkə jurnalıdır. Burada günün siyasi həyatı kəskin bir qələm ilə əks olunur. “Məzəli” yalnız ümumi məsələlərdən yox, ölkənin daxili vəziyyətindən, şəhər həyatından da bəhs edirdi. Burada köhnə pərəstlər, avamlar, maarif və mədəniyyət düşmənləri, rüşvətxorlar, yalançı ruhanilər şiddətlə tənqid olunurdular. “Məzəli”də Əli NəzmiMəmməd Səid OrdubadiƏliağa Vahid, Cənnəti və s. qüvvətli qələm sahibləri iştirak edirdilər. “Dəbistan” (1906–1907), “Rəhbər” (1906), “Məktəb” (1911–1917) isə tərbiyə və məktəb məsələlərindən bəhs edən pedaqoji məcmuələr idi. Burada sadə dildə şeirlər, hekayələr, nağıllar, məsəllər çap olunurdu. Süleyman Sani Axundovun “Qorxulu nağıllar”ı, bir sıra müəlliflərin (Abdulla Şaiq, M. A. Əliyev, Ə. M. Mustafayev və b.) yazdığı “Gülməli nağıllar” bu nəşrlərin ən faydalı yazılarındandır. “Şərqi-rus” qəzeti ətrafında formalaşmış yaradıcı heyət Azərbaycanda mətbuatın inkişafının yeni mərhələsinin başlanması üçün zəmin yaratdı. Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə 1906-cı il aprelin 7-də Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı — “Molla Nəsrəddin” işıq üzü gördü. “Molla Nəsdəddin” jurnalı 1906–1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922–1931 illərdə Bakıda nəşr edilib.748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.

Ehtiram Osmanov   Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi

 

 

Dayanıqlı inkişafa səbəb olmuş islahatlar

Bütün Sovet Sosialist Respublikası İttifaqında (SSRİ) başlayan yenidənqurma havası Azərbaycana da çatdı və ictimai mühitə kəskin təsir göstərdi. Millətin dirçəliş dövrü kimi tarixdə qalan 1989-cu ildə “Azərbaycan” qəzeti yaradıldı. Müstəqil mətbuatın qaranquşları hesab edilən “Səhər” qəzeti 1989-cu ilin 4 avqust tarixində və “Azadlıq” qəzeti 1989-cu ilin 24 dekabr tarixində işıq üzü gördülər. “Səhər”ə tanınmış jurnalist Məzahir Süleymanzadə, “Azadlıq”a tanınmış jurnalist Nəcəf Nəcəfov rəhbərlik edirdilər.

1990-cı ildə “Zerkalo”, “Səs”, 1991–92-ci illərdə “Yeni Müsavat”, “İki Sahil”, “525-ci qəzet”, “Yeni Azərbaycan” qəzetləri nəşr olunmağa başladı. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. 1998-ci ilin avqust ayının 6-da prezident Heydər Əliyevin imzaladığı xüsusi Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzura götürüldü. Həmçinin, 1999-cu ildə Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında Azərbaycan Respublikasının Qanununun (ARQ), digər hüquqi-normativ aktların qəbulu həyata keçirilib.

Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin (KİV) inkişafına Dövlət Dəstəyi Konsepsiyası (DDK) kimi mühüm bir sənəd təsdiq olunmuşdur. Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (DDF) yaradılmışdır.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı-qəzet və jurnal fəaliyyət göstərir. Milli mətbuatımız illər keçdikcə daha da büllurlaşacaq, saflaşacaqdır. Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün — 22 iyul Milli mətbuat və jurnalistika günü kimi qeyd olunur.

 Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

Şərhlər

Şərh yazılmayıb.