Azərbaycan torpaqlarının işğalı 30 il davam edib
Azərbaycan torpaqlarının işğalı 30 il davam edib.
Cənab Prezident İlham Əliyev cari ilin 20 iyul tarixində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışında bir sıra məsələlər haqqında danışaraq qeyd etmişdir ki, “Bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər Azərbaycan torpaqlarının işğalı 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq”.
Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib.
Ermənistanın ardıcıl təxribatları və yeni müharibə planlarına son qoyulması üçün dünya birliyi tərəfindən heç bir praktiki addım atılmadı. Bundan daha da ürəklənən Ermənistan 2020-ci il sentyabrın 27-də bir neçə istiqamətdən Azərbaycan Ordusunun mövqelərinə doğru hücuma keçdi, ağır artileriyadan istifadə edərək yaşayış məntəqələrinə şiddətli atəş zərbələri endirdi. Ermənistanın növbəti hərbi təcavüz cəhdinə cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən icra edilmiş “Dəmir Yumruq” əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı, işğalçılığı, nasizmin şöhrətləndirilməsini dövlət siyasətinə çevirən Ermənistanın təslim olması ilə nəticələndi.
Nahidə Əzizli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi
2022-ci ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayanda qarşıya konkret hədəf qoyduq.
İyulun 20-də cənab Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edib. Cənab Prezident çıxışında bildirmişdir ki, “2022-ci ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayanda qarşıya konkret hədəf qoyduq. Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq öhdəlik deyil, bu, bizim hədəfimizdir. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qaz nəql edirdik. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın həcmdə nəql ediləcək. Ümumi həcm isə 25 milyard kubmetr olacaqdır. 2027-ci il haqqında danışırıqsa, biz Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıyıq. Bu resursların Avropaya mövcud şəbəkə – Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılması planlaşdırılır”.
Rusiya-Ukrayna müharibəsi dünyanın beynəlxalq siyasi mənzərəsinə olduğu kimi iqtisadi həyatına da öz təsirini göstərdi. Bu müharibə göstərdi ki, Avropa İttifaqı ölkələri üçün mütləq etibarlı enerji tərəfdaşına mühüm ehtiyac vardır. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan Respublikası Avropa İttifaqı üçün ən etibarlı və dayanıqlı bir tərəfdaşına çevrilməkdədir. Xəzər və Qara dəniz ölkələri arasında əlaqələrin inkişafında Azərbaycan böyük rol oynayır. Eyni zamanda, Azərbaycanın iqtisadi gücü və maliyyə imkanları regional əlaqələrin inkişafına töhfə verməklə yanaşı, dünya güc mərkəzlərinə ölkəmizlə əməkdaşlığı daha da gücləndirmək üçün əlavə stimul yaradır. Xüsusilə də Azərbaycanın nəqliyyat və tranzit infrastrukturunun da inkişafı, ticarət yollarının şaxələndirilməsində və optimallaşdırılmasında oynadığı mühüm rol ölkəmizlə iki və çoxtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsini şərtləndirir. Bu mənada dünyanın böyük siyasi və güc mərkəzlərindən biri sayılan Aİ-nin Azərbaycanla əlaqələrini daha da gücləndirilməsinə çalışması mövcud geosiyasi və geoiqtisadi reallığın məntiqi nəticəsidir. Regionun lider ölkəsi kimi Azərbaycanla münasibətlərin, xüsusilə də iqtisadi əlaqələrin inkişaf etdirilməsi Aİ-nin diqqət ayırdığı prioritet istiqamətlərdən biridir.
Azərbaycan nefti, neft məhsullarını, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edir.
Avropa İttifaqı və Azərbaycan Respublikası strateji məsələlərdə əməkdaşlığın inkişaf etdirilməsinə münasibətdə ortaq mövqe sərgiləməsi belə deməyə əsas verir ki, Azərbaycan-Aİ münasibətləri yeni reallığa uyğun uğurla inkişaf edir. Bunun təminatı müzəffər ali baş komandan cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətidir!
Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi
Sülh sazişinin mətnin 80-90 faizi razılaşdırılıb.
30 illik həsrətdən sonra Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin dəmir yumruğu və xalq-ordu birliyi nəticəsində 44 günlük Vətən Müharibəsində, Antiterror əməliyyatında ərazi bütövlüyümüz, suverenleyimiz tam bərpa olundu. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. İllərdir yerinə yetirilməyən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edildi, 30 illik münaqişəyə son qoyuldu və hərbi-siyasi yollarla tarixi ədalətibərpa olundu.
Ali Baş Komandan cənab İlham Əliyevin cari ilin 20 iyul tarixində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində qeyd etdi ki, “Sülh sazişinin mətnin 80-90 faizi razılaşdırılıb. Ancaq burada yenə də hazırda iki məsələ var. Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki artıq uzun müddətdir bu qrup fəaliyyətsizdir, bəlkə də bir-iki ildir. Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, heç bu regionda ola bilməzlər. Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər. Bizsiz onu etmək istəyirlərsə, onlar uğursuzluğa düçar olacaqlar və bu, bir daha onlar üçün çox acınacaqlı və ağrılı bir məsələ olacaq. Növbəti şərt odur ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir. Bizim onların daxili işlərinə hər hansı bir müdaxilə etmək niyyətimiz yoxdur. Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir”.
Kəmalə Məmişova – Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbinin direktoru
2020-ci ildən bu yana 300-dən çox insan ya həlak olub, ya da yaralanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 20 iyul tarixində Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış etmişdir. Bir çox mövzular haqqında çıxış edən cənab Prezidentin toxunduğu məsələlərdən biri də müharibədən sonra Ermənistanın hərbi cinayətləri haqqında olmuşdur. O qeyd etmişdir ki, “2020-ci ildən bu yana 300-dən çox insan ya həlak olub, ya da yaralanıb. Təəssüf ki, nəhayət, Ermənistanın bizə verdiyi mina xəritələri tamamilə yararsızdır, onlar dəqiq deyil. 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatından sonra – bizim Laçın dəhlizi üzərində nəzarətimiz olmadığı dövrdə Ermənistandan mina daşınırdı və onlar orada basdırılırdı. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra belə onlar bizə qarşı mina terroru həyata keçirirdilər”
Həqiqətən Ermənistan müharibənin gedişində istər cəbhə xəttində, istərsə də müharibə bölgəsindən uzaq ərazilərdə yerləşən yaşayış məntəqələrimizə qarşı da ardıcıl təxribatlar törədir, dinc sakinləri atəş altında saxlayır və beləliklə, müharibə cinayətlərini davam etdirirdi.
Bu gün müzəffər ordumuzun 44 gündə erməni işğalından azad etdiyi ərazilərimizdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən intensiv minatəmizləmə işləri aparılır. Ermənistan ordusunun işğal etdiyi bölgələrdə məhsuldar əkin sahələri, ümumiyyətlə, hərbi zonaya daxil olmayan bölgələr də minalanıb. Qarabağda və Şərqi Zəngəzurda bu illər ərzində xalqımıza məxsus tarixin silinməsi üçün Ermənistan dünyada analoqu olmayan amansız müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir. İşğal dövründə təbiətimizə, milli-mənəvi dəyərlərimizə qəsd olunmuş, Azərbaycanın yeraltı və yerüstü sərvətləri talanmışdır. Bu əməllər xarici şirkətlərin də iştirakı ilə faktlarla sübuta yetirilmişdir. Azad olunmuş şəhər və kəndlərimizin hər qarışı özündə erməni vandallığını və vəhşiliyini əks etdirir. Ermənistan dövlətinin təcavüzkar siyasəti məhz mülki əhaliyə qarşı yönəlib və hərbi cinayətlər çoxlu sayda insanın öldürülməsi məqsədilə sistematik olaraq törədilib. Eyni kriminal əməllər müharibə dönəmində Gəncə, Tərtər, Mingəçevir və Azərbaycanın digər şəhər və kəndlərində həyata keçirilib. Ermənilər tərəfindən törədilən cinayətlər hərbi əməliyyatlar gedən zonadan kənarda baş verdiyi, habelə hədəf olaraq mülki şəxslər və obyektlər seçildiyi üçün bütün bunlar birbaşa 1949-cu il Cenevrə Konvensiyalarının ən ağır pozuntularıdır və müharibə cinayəti hesab edilir. Ümid edirik ki, bu cinayətlərə beynəlxalq ictimaiyyət tərəfindən dəqiq qiymət veriləcək və cinayətkarlar öz layiqli cəzalarına çatacaqlar.
Nurəli Mənsimov – Zərdab rayonu Qaravəlli kənd tam orta məktəbinin müəllimi
Şərh yazılmayıb.