Huquqaz.com

Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir

24.07.2024
3.322
Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir

Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir.

Şuşada keçirilən II Qlobal Media Forumunda 50-dən artıq ölkəni təmsil edən 150-dən çox media mənsubu iştirak edirdi.

Xanım Rebekka Maklaflin-İstham tədbiri açarkən xüsusi olaraq vurğuladı ki, biz Şuşada yalan məlumatların ifşasına həsr edilmiş bir tədbirdə iştirak edirik. Bu, dezinformasiya ilə mübarizə baxımından çox vacib bir vəzifədir.

Bu sayda media mənsubunun Azərbaycana toplaşmasını dünyanın media və siyasi məkanında əsl hadisə hesab etsək, heç də yanılmarıq. Bu, bir həqiqətdir ki, forumda iştirak edən jurnalistlər Qarabağın “çox gözəl, səfalı təbiəti, möhtəşəm tunelləri” ilə yanaşı, Ermənistan ordusunun 30 illik işğal dövründə törətdikləri vandalizmi də görüblər, bu gün Qarabağda gedən bərpa, abadlıq, quruculuq işləri ilə də tanış olub müqayisə aparmaq imkanı əldə ediblər. Bir sözlə, Qarabağın bugünkü mənzərəsi torpağın əsl sahibinin kim olduğunu gələn qonaqlara özü diktə edir.

Forumun bu ilk mövzusu da olduqca maraqlı və diqqətçəkən idi: “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə”. Qeyd edək ki, Azərbaycan  dünyada ermənilərin və onların ölkəmizə qarşı apardıqları dezinformasiyadan və yalan məlumatlardan ən çox əziyyət çəkən ölkədir. Bu faktı dövlətimizin başçısı da öz çıxışında xüsusi olaraq vurğuladı: “Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur – yəni faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir.

Cənubi Qafqaz regionu beynəlxalq münasibətlər sisteminə əsaslı təsir göstərən, yeni geosiyasi reallıqlar yaradan əlverişli coğrafi mövqeyə malikdir. Geopolitik reallıq Cənubi Qafqazı Şərq-Qərb və Şimal-Cənub dəhlizinə çevirdiyindən bu region daim böyük güclərin diqqət mərkəzində olub. Qarabağ müharibəsinin nəticəsi Qafqazın yeni geosiyasi vəziyyətinin formalaşmasında mühüm mərhələ oldu. Nəticədə, Qafqazın keçmişi ilə gələcəyi arasında köklü dəyişiklik baş verdi. Regional güc dəyişikliyi və Qafqazda yeni geosiyasi reallıq, qlobal və regional güclər tərəfindən qəbul edilib. Rusiya və Türkiyə prezidentlərinin məsələyə münasibəti, beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində atılan addımlar, regionda digər güclərin maraqlarına uyğun olaraq edilən siyasi gedişlər onu göstərdi ki, bölgədə digər qlobal və regional oyunçuların effektivliyi azalıb. 10 noyabr üçtərəfli Bəyanatından sonra siyasi proseslərə seyrçi mövqeyində qalmaq məcburiyyətində olan dövlətlər və güc mərkəzləri vəziyyətdən çox narahat olduqlarını açıq şəkildə bəyan edirlər. Bəzi təşkilatların fəaliyyətinin əhəmiyyətsiz olduğunu anlayan böyük güclər məsələyə bu və ya digər şəkildə reaksiya verməyə çalışırlar. Ancaq dünya və region dövlətləri də yaxşı başa düşür ki, artıq regionun gələcək nicatı bölgədə yaranacaq daimi sabitlikdən asılıdır. Cənubi Qafqazda Azərbaycanın maraqlarının təmin edilməli olduğunu vurğulayan dövlət başçısı bəyan etdi ki, kimsə bizim istəyimizi nəzərə almadan hərəkət etsə, uğursuzluğa düçar olacaqdır.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

 

2020-ci ildən bu yana 300-dən çox insan ya həlak olub, ya da yaralanıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin II Şuşa Qlobal Media Forumunun açılış mərasimində toxunduğu mövzulardan biri də Ermənistanın müharibədən sonra Azərbaycan ərazisini minalarla çirkləndi­rilməsi oldu.

“2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatından sonra, bizim Laçın dəhlizi üzərində nəzarətimiz olmadığı dövrdə Er­mənistandan mina daşınır və onlar Qara­bağda basdırılırdı. Biz bunu necə bilirik? Çünki o minaların üzərində “İstehsal tarixi 2021-ci il, Ermənistanda istehsal edil­mişdir” yazıları var. Yəni, təsəvvür edin ki, İkinci Qarabağ müharibəsi başa çat­dıqdan sonra belə onlar bizə qarşı mina terroru həyata keçirirdilər”.

Bu gün dünyanın bir çox ölkələrinin mina terrorundan əziyyət çəkdiyini forum iştirakçılarının diqqətinə çatdıran dövləti­mizin başçısı iyulun 19-da insidentin baş verdiyini, üç nəfərin mina partlayışı nəti­cəsində yaralandığını söyləyib: “2020-ci ildən bu yana 300-dən çox insan ya hə­lak olub, ya da yaralanıb. Təəssüf ki, nə­hayət, Ermənistanın bizə verdiyi mina xə­ritələri tamamilə yararsızdır, onlar dəqiq deyil. Əvvəl biz onlardan xahiş edəndə deyirdilər ki, – onların baş nazirləri mənə deyirdi ki, – bizdə xəritələr yoxdur. Ancaq sonra etiraf etməli oldular ki, xəritələr var, amma onlar tamamilə yararsızdır”.

Keçmiş köçkünlərin doğma yurdları­na qayıdışına ən böyük maneənin məhz minalar olduğunu deyən İlham Əliyev Azərbaycanın həmin ərazilərin reabilita­siyasının daha sürətli aparılması üçün infrastruktur layihələrinin və yaşayış bina­larının inşasına başlamamışdan əvvəl o ərazilərin minalardan təmizləndiyini qeyd edib. “Təəssüflər olsun ki, bizim kifayət qədər resursumuz, təcrübəli heyətimiz yoxdur. Beynəlxalq təşkilatlar və şirkət­lər bizə elə qiymətlər təklif edirlər ki, hər bir kvadratmetrə təklif edilən qiymət 5-10 dəfə artıqdır. Çünki bizim də özümüzün Minatəmizləmə Agentliyimiz və şirkətlə­rimiz var. Bu, nə qədər davam edəcək, bunu demək çox çətindir”.

İşğaldan azad olunmuş ərazilərin əziyyətli və vaxtaparan iş olduğu hamı­ya məlumdur. Üstündən 25 il keçməsinə baxmayaraq, Balkanlarda hələ də mina partlayışlarının baş verdiyini forum iş­tirakçılarının diqqətinə çatdıran dövlət başçımız bu bəlanın artıq beynəlxalq xa­rakter aldığını vurğuladı: “Yəni, Balkan­larda münaqişə illərdir sona çatmasına baxmayaraq, hələ də bu hallar baş verir. Təəssüflər olsun ki, biz də onilliklər ər­zində bununla üzləşəcəyik. Bu gün bizdə olan məlumata görə, orada bir milyondan artıq mina basdırılıb”.

Forumdakı çıxışında köçkünlərin Qa­rabağa qayıdışı məsələsinə də toxunan Prezident İlham Əliyev vətəndaşların dörd şəhərə və dörd kəndə artıq qayıt­dıqlarını nəzərə çatdırıb: “Azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşa­yır. İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq. Bir neçə ay əvvəl biz 23 bina­dan ibarət yaşayış kompleksini istifadəyə verdik. Üç, dörd, beşmərtəbəli binalardır. Buraya yaxındır, oranı gedib görə bilərsi­niz. Artıq orada sakinlər yaşayırlar. Yəni, Qarabağda və Şərqi Zəngəzurda geniş reabilitasiya proqramı həyata keçirilir”.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 

Bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur.

Şuşa yenə də dünyanın diqqət mərkəzində oldu. Əllidən artıq ölkənin nümayəndələrinin təmsil olunduğu “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənildi. Yalan məlumatların ifşasına həsr olunmuş Qlobal Forum dezinformasiya ilə mübarizə baxımından mühüm əhəmiyyət kəsb edirdi. Tədbirdə iştirak edən media nümayəndələri cəmiyyəti düzgün məlumatlandırmaq üçün bütün imkanlardan istifadə edirlər. Ancaq nə etmək olar ki, kimlərdənsə asılı vəziyyətdə qalan media subyektləri dezinformasiya yaymağa sanki adət edib. Belə məlumatları yayanlar, ümumilikdə media adına ləkədir.

Forumda  əsas məqamlar dezinformasiyanın təsiri, siyasət və təşəbbüslər, ən mühümü isə Prezident İlham Əliyevin çıxışı və tövsiyəsi olub.   Süni  intellekt, media sahəsində məlumatlandırma və iqlim dəyişikliyi də müzakirə mövzusu oldu. Təbii ki, belə bir tədbirdə bütün diqqət dövlətimizin başçısının nitqinə, ona ünvanlanmış sualları cavablandırmasına, habelə həqiqəti cəsarətlə deməsinə yönəlir. Bu dəfə də gözlənilənlər baş verdi. Prezidentin səsləndirdiyi fikirlərdən bəlli oldu ki, Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Regionun xalqları özlərini təhlükəsiz hiss edir. Münaqişələr və qarşıdurmalar keçmişdə qalıb. Xalqımız Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı çox nikbindir. Cəmiyyətimiz yenidənqurma, tikinti-bərpa işlərinə çox həvəslə yanaşır. Hətta bir sıra xarici ölkə şirkətləri də bu işlərə həvəslə girişiblər.

Dünya  mediasında Azərbaycana qarşı qərəz hələ də davam edir. Ölkəmiz haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Azərbaycan uzun illər dezinformasiyanın qurbanı olub. Ermənistanla Azərbaycan arasındakı münaqişə zamanı bütün erməni diasporu səfərbər oldu, ermənipərəst siyasətçilər, media nümayəndələri ölkəmizə qarşı hücuma keçdi, yalan məlumatlar yaymaqla Azərbaycan haqqında beynəlxalq aləmdə mənfi rəy yaratmağa çalışdılar. Bununla da respublikamızı reallıqdan çox uzaq olan bir şəkildə, təcavüzkar dövlət kimi təqdim edirdilər. Medianın bu yalanları işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində ölkəmiz beynəlxalq sanksiyalara məruz qaldı. Belə sanksiyalardan biri 1992-ci ildə ABŞ Konqresinin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsi idi. Humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkənin sanksiyalara məruz qalması absurd vəziyyət idi.

Prezident ABŞ-ın aparıcı media qurumlarının da yalan xəbərlər yaydığını diqqətə çatdırdı. Dedi ki, sabiq Prezident Donald Tramp “Vaşinqton Post”u və “Nyu-York Tayms”ı “feyknyus”, yəni yalan xəbər mənbəyi adlandırıb. Bir çox xalqın və ölkənin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olur. Trampın səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın. Vaxt keçdikcə siyasi dairələrdə – Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır.

Tədbir  iştirakçlarında Azərbaycanın heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəni unutmayacağına inam ifadə olundu. Gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Azərbaycanın Qarabağda Qələbəsi yeganə geosiyasi dəyişiklik deyil. Cənubi Qafqaz ölkələri müharibə vəziyyətinə düşməsəydi, təbii ki, iqtisadi inkişaf və siyasi əməkdaşlıq baxımından nümunə ola bilərdi. Media subyektlərinə də bəlli oldu ki, Azərbaycan regionda və postsovet məkanında yeganə ölkədir ki, Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşayır.

Cari ilin 20 iyul tarixi Prezident İlham Əliyevin “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirakı və çıxışı ilə yadda qaldı.

Ölkə başçısı bildirdi ki, Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Regionun xalqları özlərini təhlükəsiz hiss edir. Münaqişələr və qarşıdurmalar keçmişdə qalıb.

Dövlət başçısı qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik. Azərbaycan cəmiyyəti olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır.

Ölkə rəhbəri vurğuladı ki, bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər.

Dövlətimizin başçısı diqqətə çatdırdı ki, azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşayır. İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq. Bir neçə ay əvvəl biz 23 binadan ibarət yaşayış kompleksini istifadəyə verdik, üç, dörd, beşmərtəbəli binalardır. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan coğrafi baxımdan eyni regiondur. Onlar yaşıl enerji zonaları elan edilib. Burada çox böyük potensial var, həm də Günəş elektrik enerjisi baxımından. Tam inteqrasiya olunmuş elektrik kabeli layihəsi həyata keçirildikdən sonra Qarabağda istehsal edilən elektrik enerjisi Azərbaycanın digər bölgələrinə nəql olunacaqdır.

Bu gün bütün dünya Azərbaycanın işğaldan azad etdiyi ərazilərə “Böyük Qayıdış” prosesini izləyir. Müharibədən sonra keçən 4 il ərzində işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq və abadlıq  işlərinə şahidlik edirik. Qarabağın əraziləri düşməndən azad ediləndən sonra həmin ərazilərdə çox nəhəng, möhtəşəm layihələrin davam etdirildiyi də göz önündədir.  Azərbaycan ağır müharibədən çıxsa da, işğaldan azad etdiyi bölgələri öz iqtisadiyyatının gücü sayəsində yenidən qurur, bu ərazilərdə irimiqyaslı müasir infrastruktur layihələri icra edir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işləri sistemli və planlı şəkildə aparıldığı üçün nəzərdə tutulandan daha da sürətli gedir və bu o deməkdir ki, “Böyük Qayıdış” uğurla davam edir. Atılan addımlar, daha dəqiq desək, işğaldan azad edilən ərazilərdə şəhər və kəndlərin baş planlarının tərtib edilməsi, onların sürətlə dirçəldilməsi, əhalinin dayanıqlı şəkildə məskunlaşması, eləcə də iqtisadi aktivliyin təmin olunmasına xidmət edən genişmiqyaslı layihələrin icrası, ələlxüsus da “Böyük Qayıdış”ın təmin olunması üçün 2022-ci ilin 16 noyabr tarixində Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalaması bu prosesin uğurla davam etdiyini bir daha təsdiqləyir. Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, 2022-2026-cı illərə əhatə edəcək Dövlət Proqramı qarşıya mühüm vəzifələr, tapşırıqlar qoyub və onların icrası olduqca mühümdür.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

Sözsüz ki, biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq.

Hazırda bütün dünyada, o cümlədən də Azərbaycanın yerləşdiyi regionda hadisələr çox sürətlə cərəyan edir, tez-tez dəyişikliklərin şahidi oluruq. İndiki dövrün səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, dəyişikliklər prosesi yalnız elmi-texniki tərəqqi ilə bağlı deyil, həmçinin ölkələrarası münasibətlərdə, siyasi proseslərdə də daim yeniliklərin şahidi oluruq. Prezident İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində sualları cavablandırarkən dünyada və Cənubi Qafqazda hadisələrin sürətli axarı barədə fikirlərini diqqətə çatdıraraq vurğulayıb: “Biz tarixi transformasiyanın şahidiyik, tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib”.

Bütün dövrlərdə dövlətlər, xalqlar öz ölkələri üçün prioritetlər müəyyənləşdirir və onlara çatmaq üçün çalışırlar. Hədəflərə çatmaq yolları isə bəzən asan və qısa, bəzən isə uzun və çətin olur. Azərbaycan o ölkələrdəndir ki, özünün ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına çətin proseslərdən, bir sıra hallarda beynəlxalq birliyin ədalətsiz yanaşmalarından keçərək onilliklərdən sonra nail olub.

Ermənistan ötən əsrin əvvəllərində torpaqlarımızı işğal altına alanda Azərbaycanın 8 milyon əhalisi var idi ki, onun da 1 milyonu erməni təcavüzü nəticəsində doğma ev-eşiklərini tərk etmək, qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamaq məcburiyyətində qalmışdı. İnsanların illər boyunca qurub yaratdıqları evlərini tərk etmək və çadırlarda, vaqonlarda, yarımçıq tikililərdə yaşamaq məcburiyyətində qalmaları əsl faciə idi.

Ərazilərimizin 20 faizini işğal altına alan, bir milyondan çox soydaşımızı yurd yerlərindən vəhşicəsinə qovan Ermənistan üç onillik ərzində daim sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirir, əsassız, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan tələblər irəli sürür və daim keçmiş təmas xətti boyunca təxribatlara əl atırdı. Bu kimi davranışlarla Ermənistan, əslində işğal nəticəsində yaranan keçmiş statuskvonu sonsuzluğadək uzatmağa çalışırdı. Məhz bu səbəbə görə də 28 il davam edən danışıqlar prosesi heç bir səmərə vermirdi. Nəticə faktiki olaraq sıfır idi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının demək olar ki, 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə baxmayaraq, Ermənistanın mövqeyində hansısa bir dəyişiklik baş vermirdi. İş o yerə çatmışdı ki, təcavüzkar dövlət “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları səsləndirməkdən belə çəkinmirdi.

Belə bir məkrli düşmənlə üz-üzə qalan Azərbaycan ərazi bütövlüyünün, suverenliyinin bərpası məsələsini hər zaman öz gündəliyinin mərkəzində saxladı. Aparılan sülh danışıqlarında fəal iştirak edən Prezident İlham Əliyev paralel şəkildə güclü iqtisadiyyat qurdu, ölkənin maliyyə imkanlarını genişləndirdi. Bu möhkəm iqtisadi baza əsasında ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdu. Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılırdı. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycanın Silahlı Qüvvələrini dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi.

Aparılan məqsədyönlü siyasət, o cümlədən müasir ordu quruculuğu Azərbaycana öz hədəfinə çatmağa imkan verdi. Müzəffər Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etməklə düşməni tam kapitulyasiyaya məruz qoydu. Ordumuz öz peşəkarlığını və yüksək döyüş qabiliyyətini növbəti dəfə 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirlərində nümayiş etdirdi. Cəmi 23 saat ərzində Qarabağda separatçıların bütün məntəqələri mülki infrastruktura və insanlara ziyan vurulmadan darmadağın edildi və onlar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. Beləliklə, Azərbaycan öz məqsədinə çatdı, ərazi bütövlüyünün və suverenliyinin bərpasına hərbi-siyasi yolla nail oldu. Bunu xüsusi olaraq vurğulayan Prezident İlham Əliyev “Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, – bu, ötən ilin sentyabrında baş verdi, – ən mühüm hadisədir. Təkcə bu, birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu”, – deyə bildirib.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

Şərhlər

Şərh yazılmayıb.