Paşinyan hansı blokadadan danışır?!
“Fevralın 18-də Münhendə “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilmiş plenar iclas bir daha onu göstərdi ki, bəzi qüvvələr Azərbaycanın yaratdığı yeni regional reallıqlarla hələ də barışmaq istəmirlər. Bu barədə panel müzakirələrindən sonra Azərbaycan telekanallarına müsahibə verən Prezident İlham Əliyev fikir bildirdi. Həmçinin dövlətimizin başçısı qeyd etdi ki, istənilən halda onlar bu reallıqlarla barışmağa məcbur olacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər, əlbəttə ki, yeni yanaşmaları tələb edir. Münhen Təhlükəsizlik Konfransı kimi mötəbər beynəlxalq qurumun bu məsələyə xüsusi diqqət yetirməsi də bir çox mətləblərdən xəbər verir. Azərbaycanın mövqeyi birmənalıdır və açıqdır. Azərbaycan Prezidenti bunu qapalı görüşlərdə də, rəsmi açıqlamalarında da dəfələrlə ifadə edib. O cümlədən Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də Prezident İlham Əliyev ölkəmizin haqqın, ədalətin tərəfdarı olduğunu, daxili işlərinə kənar qüvvələrin qarışmasına heç vaxt imkan vermədiyini və imkan verməyəcəyini bir daha bəyan edib. Məhz bu qətiyyətin nəticəsidir ki, bu gün artıq bütün dünya Qarabağın Azərbaycan olduğunu görür və təsdiq edir. Əlbəttə ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması da bizim üçün son dərəcə önəmlidir və əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, dövlət başçımızın dediyi kimi, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır.
Ermənistan tərəfi Laçın-Xankəndi yolunda baş verənləri Avropa ictimaiyyətinə tam təhrif olunmuş formada təqdim etməklə, özünün destruktiv mövqeyini pərdələməyə çalışır: “Ermənistanın baş naziri bu gün Azərbaycanla sülh sazişini imzalamaqdan, sərhədlərin delimitasiyasını həyata keçirməkdən və hətta indiyədək Azərbaycana minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməkdən niyə boyun qaçırdığı barədə beynəlxalq ictimaiyyətə açıqlamalar verməkdənsə, hansısa uydurma blokada və mövcud olmayan humanitar böhran barədə cəfəng fikirlər səsləndirməklə məşğuldur. Əlbəttə ki, Paşinyanın məqsədi yenə də Avropa ictimaiyyətini aldatmaq və tərəfdaşlarımızda Azərbaycana qarşı mənfi rəy yaratmaqdır. Lakin indiki zamanda həqiqəti gizlətmək mümkün deyil. Prezident İlham Əliyevin real faktlara əsaslanan açıqlamaları Ermənistanın bu cəhdlərini də nəticəsiz qoydu. Bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı ki, keçən ilin dekabr ayının 12-dən, yəni Azərbaycanın vətəndaş cəmiyyəti fəalları keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri həmin məntəqədən maneəsiz keçib. Bundan başqa Qarabağdan 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Belə olan halda, Paşinyan hansı blokadadan danışır? Azərbaycan haqlı olaraq tələb edir ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Diqqətəlayiq haldır ki, Avropa İttifaqı da Azərbaycanın bu məsələ ilə bağlı mövqeyini anlayışla qarşılayır.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Şərh yazılmayıb.