Huquqaz.com

Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi

11.11.2022
2.526
Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi

44 günlük “Vətən Müharibəsi” ordumuzun qüdrəti barədə söylənilənlərin praktik təsdiqi oldu. Ermənistanın sentyabr ayının 27-dən törətdiyi növbəti hərbi təxribat Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda əks hərbi əməliyyatlara başlanmasına səbəb oldu. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı, torpaqlarımızı işğaldan azad edəcək döyüşlər “Vətən Müharibəsi” kimi davam etdirildi. Azərbaycan Ordusu qətiyyətlə, döyüş və mənəvi psixoloji hazırlığı ilə düşmənin illərlə möhkəmləndirdiyi müdafiə qurğularını darmadağın etdi.

Bu müharibə ərəfəsində Ali Baş Komandan əməliyyatların ilk günü Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndinin  işğaldan azad edilməsi xəbərini verdi. Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Xocavənd, Xocalı, Laçın, Tərtər rayonlarının kəndlərinin azad olunması, Xudafərində Azərbaycan bayrağının ucaldılması, İran İslam Respublikası ilə dövlət sərhədinə nəzarətin tam təmin edilməsi Azərbaycan ordusunun möhtəşəm zəfərləri kimi tarixə düşdü. Bu Şanlı Qələbəni Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Bu Qələbə sevincini xalqımıza Ali Baş Komandanın qətiyyəti və onun əmrinə daima sadiq olan hərbçilərimiz yaşatdılar.

Xalq öz Prezidentinin ətrafında sıx –“Dəmir yumruq” kimi birləşərək bir daha Azərbaycan xalqının nə qədər mərd, əzmkar, qürurlu xalq olduğunu bütün dünyaya nümayiş etdirdi.  Ali Baş Komandan deyirdi: “Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir “Dəmir yumruq” yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu “Dəmir yumruq” düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik xalqdır”.

Prezident cənab İlham Əliyevin çıxışlarında həmişə bir məqam qabarıq hiss olunur – dövlət başçısı, xalqın birliyini, Silahlı Qüvvələrimizin xidmətlərini xüsusi vurğulayır, Ali Baş Komandanın müharibə dövründə xalqa müraciətlərindəki mətinlik, qətiyyət onu göstərdi ki, cənab İlham Əliyev güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyirdi ki, bu da çox çəkmədi. Müzəffər Komandanın “Dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər döyüşü qəhrəmanlıq dastanına çevrildi. “Dəmir yumruq” Müzəffər Ali Baş Komandanın müdrikliyinin və uzaqgörənliyinin, zəka və bacarığının, habelə iradə, qətiyyət və mənəvi gücünün göstəricisidir!

Qarabağı “Dəmir yumruq”la azad edən Ali Baş Komandan bu gün dəmir iradə ilə qədim yurdumuzu yenidən qurur. Bütün şəhər və qəsəbələrin, rayonların, kəndlərin baş planını təsdiq edir və aparılan tikinti-quruculuq işləri ilə şəxsən maraqlanır. İşğaldan azad edilən ərazilərimizə Qalib Sərkərdə kimi səfər edərək düşmənə gözdağı verir.

 

Zərdab şəhər  2 saylı tam orta məktəbin direktoru-Piralı Əliyev

Şərhlər

Şərh yazılmayıb.