Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur
Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur.
Tarixi Zəfərimizin istər türk dünyasının birliyi, həmrəyliyi istiqamətində, istərsə də ümumilikdə dünyanın siyasətində yeniliklərə yol açdığı inkaredilməzdir. Azərbaycan hər zaman xarici siyasət kursunu bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında həyata keçirir. Atılan addımların mahiyyətində bu çağırışlar dayanır ki, əgər dünyada qarşılıqlı etimad, səmimi münasibətlər olsa birlik, həmrəylik, hər bir məsələnin ədalətli həlli mümkündür. Qlobal problemlərin həlli qlobal yanaşma tələb etdiyi bir zamanda səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması mütləqdir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin ən yüksək tribunalardan türk dünyasına ünvanladığı “Gücümüz birliyimizdədir!” çağırışı reallıqda öz təsdiqini tapmaqla yanaşı, perspektivlərin müəyyənləşdirilməsində, birgə qərarların qəbulunda, real təşəbbüslərin irəli sürülməsində əhəmiyyətli rol oynayır. Buna əmin olmaq üçün təkcə cari ildə dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə səfərlərinə, eyni zamanda, həmin ölkələrin başçılarının Azərbaycana səfərlərinə, bununla bərabər, Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində atılan addımlara diqqət yetirmək kifayətdir.
Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev bu ilin iyun ayında Özbəkistana dövlət səfəri etmişdi. Sentyabrın 15-də isə dövlət başçısı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitində iştirak etmək üçün Səmərqəndə səfər edib. Bildiyimiz kimi, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü deyil, bu beynəlxalq qurumla dialoq tərəfdaşı statusuna sahibdir. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsindən, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, həmçinin təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsindən, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə olunması üçün birgə səylərin göstərilməsindən, yeni beynəlxalq siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Azərbaycanın ilk dəfə olaraq məhz Özbəkistanın sədrliyi dövründə fəxri qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Sammitinə dəvət olunması ölkəmizin, dövlət başçısı İlham Əliyevin beynəlxalq-siyasi nüfuzunun göstəricisidir. Təşkilatın məqsəd və məramı fonunda bu gün Azərbaycanın hər bir sahədə təcrübəsinin, inkişaf modelinin təqdir edilməsi ölkəmizin hədəflərə öz töhfələrini vermək imkanlarına aydınlıq gətirir.
Müstəqillik yollarında ilk addımlarını atan dövlətlərin özünü dünyaya tanıtmasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasını vacib amil kimi önə çəkən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bu fikri xüsusi qeyd etmişdir ki, türkdilli dövlət başçılarının müntəzəm görüşləri bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, onların müstəqilliyinin möhkəmləndirilməsinə kömək edir və nəticələr əldə olunub.Ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
Bunu da qeyd etmək lazımdır ki, bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur.Bununla əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini qeyd etmək lazımdır.Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində qəbul olunmamış qaldı.Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib.
Hazırda tarixi Zəfərimizin reallıqları fonunda bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımlar, göstərdiyi səylər göz önündədir. Dayanıqlı sülhün təmin olunması yeni əməkdaşlıq formatlarının yaradılması üçün əsas şərtlərdən biridir. Ümumilikdə Azərbaycan hər zaman bütün məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsinə səy göstərir. Ədalətin və beynəlxalq hüququn qorunduğu mühitdə hər bir münaqişəli məsələnin ədalətli həlli mümkündür. Azərbaycan daim beynəlxalq tribunalardan bu çağırışı edir. Düşünürük ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Sammiti bir daha yeni dövrün yeni reallıqlarının təbliğində və qəbulunda öz sözünü deyəcək. Azərbaycanın ilk dəfə olaraq qurumun Sammitinə qonaq qismində qatılması, dövlət başçısı İlham Əliyevin buradakı çıxışı bu baxımdan da diqqətçəkəndir. Prezident İlham Əliyev Sammitdəki çıxışında bir daha bildirdi ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq. Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Bu mühüm məqam da Sammit iştirakçılarının diqqətinə çatdırıldı ki, 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Hərəkata sədrlik müddətinin 2023-cü ilə qədər uzadılması ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.
Dilbər Hacıqayıbova
Saatlı rayonu Mustafabəyli kənd tam orta məktəbinin direktoru
Şərh yazılmayıb.