Vətən Müharibəsi və Şanlı Qələbə
Vətən Müharibəsi və Şanlı Qələbə
Prezidentimiz cənab İlham Əliyev: “Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır”. Bəli ,qısa zaman ərzində ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandanın rəhbərliyi və şüarları, həmçinin xalqın birliyi və duaları ilə 30 illik işğala son qoyuldu. 2020-ci ilin 27 sentyabr tarixindən cəbhə boyu əks-hücuma keçən Azərbaycan ordusu tam 44 gün ərzində işğal altındakı torpaqlarımızı mənfur düşməndən özümüzə qaytararaq bizi qalib dövlətə çevirdi. Vətən müharibəsində əsgər və zabitlərimizin yüksək vətənpərvərliyini, döyüş ruhunu şanlı qələbəyə çevirən ən mühüm amillərdən biri isə Silahlı Qüvvələrimizin yüksək təchizatı ilə bağlıdır. Son 17 ildə Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq Ordumuzun möhkəmlənməsi, döyüş qabiliyyətinin artırılması, kadrların hazırlanması, şəxsi heyətin sosial təminat məsələləri davamlı olaraq diqqət mərkəzində saxlanılıb. Belə məqsədyönlü siyasətin nəticəsində respublikamız güclü ordu formalaşdırmağa nail olub.
Azərbaycanın Silahlı Qüvvələri sentyabrın 27-də düşmənin hərbi birləşmələrinin cəbhə xəttində törətdiyi növbəti təxribata cavab olaraq başladığı əks-hücum əməliyyatlarını uğurla həyata keçirdi. Elə ilk günlərdən təşəbbüsü ələ alan Ordumuz 44 gün ərzində döyüş meydanında düşmənə layiqli dərs verdi. Ordumuz döyüşlərin aktiv fazasında üç onillik ərzində düşmənin nəzarəti altında qalan 300-dək kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, Suqovuşan, Hadrut qəsəbələrini, çoxlu sayda strateji yüksəklikləri işğaldan azad etdi. Həmçinin qonşu İranla 130 kilometrlik dövlət sərhədimiz məhz müharibənin aktiv döyüşlər getdiyi fazasında bərpa olundu. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsinin azad edilməsindən sonra düşmən ölkənin rəhbərliyi daha müharibəni davam etdirmək iqtidarında olmadığını etiraf etdi və noyabrın 10-da işğalçı Ermənistan üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları sənədə əsasən, düşmən dövlət üzərinə bir sıra öhdəliklər götürmək məcburiyyətində qaldı. Bundan sonra torpaqlarımızın digər hissəsinin hərbi əməliyyatlarsız geri qaytarılması mərhələsi başladı. İşğalçı Ermənistan məğlub tərəf kimi Ağdam, Kəlbəcər və Laçın rayonlarını dekabrın 1-dək respublikamıza döyüşsüz təslim etdi. Prezident cənab İlham Əliyev üçtərəfli Bəyanatı yüksək dəyərləndirib. “Noyabrın 10-da imzalanmış Bəyanatın çox böyük əhəmiyyəti var. Təbii ki, əgər biz o günə qədər böyük ərazini işğalçılardan azad etməsəydik, düşmənin belini qırmasaydıq, düşmən ordusunun məhv edilməsində istədiyimizə nail olmasaydıq, əlbəttə, düşmən onun üçün bu alçaldıcı sənədə qol qoymazdı”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Torpaqlarımızın bir hissəsinin döyüşsüz geri qaytarılması Azərbaycanın böyük uğurudur. Ağdam, Kəlbəcər, Laçın rayonlarının döyüşsüz ölkəmizə təslim edilməsi nəticəsində biz yeni şəhidlər vermədik. Allah bütün şəhidlərə rəhmət eləsin.
Zərdab rayon Körpükənd kənd tam orta məktəbinin müəllimi Musayeva Gülnar
Şərh yazılmayıb.