Huquqaz.com

İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu

10.11.2022
2.232
İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu

Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan əldə etmək  istədiyi heç bir şeyə nail ola bilmədi və Böyük Ermənistan planı baş tutmadı. Dağlıq Qarabağın status məsələsi tarixin arxivinə getdi. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil iki əsrdə yoluna qoyulması mümkün olmayan münaqişəni  Dəmir yumruğun zərbəsi ilə cəmi 44 günün içində həll etdi. BMT tarixində bu, bəlkə də, ilk hal idi ki, belə bir mötəbər beynəlxalq qurumun qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etməli oldu. Düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini danılmaz fakt qarşısında qoydular. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası sıradan çıxarıldı, canlı qüvvəsi zərərsizləşdirildi və Azərbaycan öz gücünü, öz qüdrətini dünyaya göstərdi. Bu müharibədə qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi də əhəmiyyətli rol oynadı. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi.  Dövlət başçımızın amalı işğaldan azad olunmuş əraziləri ən müasir standartlara uyğun şəkildə bərpa etmək və qısa müddət ərzində soydaşlarımızı öz dədə-baba yurdlarına yerləşdirməkdir.  Torpaqlarımız Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycanın mədəni inkişafında yeni dövr başlayıb. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın əyani sübutudur. Müharibədən sonra Qarabağda aparılan tikinti-abadlıq işləri göz önündədir. Şuşanın yenidən qurulması, Kəlbəcərə çəkilən elektrik xətti, Füzuli və Zəngilanda tikilən beynəlxalq hava limanları deyilənlərin təsdiqidir. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Dövlət başçımızın Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi müstəqil Azərbaycanda mədəni həyatın təntənəsinin göstəricisdir. 44 günlük Vətən müharibəsində yalnız torpaqlarımızı işğaldan azad etmədik, eyni zamanda, mədəniyyət  beşiyimiz Şuşamıza qayıtdıq, Xarıbülbül  musiqi festivalı, Vaqif Poeziya Günləri – ənənələr bərpa edildi. Muğamlarımız yenidən Qarabağın səmalarında qanadlandı. Eyni zamanda, Qarabağın tacı Şuşa  Azərbaycan və Türkiyə birliyinin, həmrəyliyinin zirvəsi olan Müttəfiqlik Bəyannaməsinin imzalanmasına şahidlik etdi. Şuşa Bəyannaməsi dünyaya bir sıra mesajlarını çatdırdı. Azərbaycan dost, qardaş ölkənin Prezidentini Şuşada qarşıladı.  Azərbaycan dövləti işğalçı Ermənistana sülh razılaşmasını imzalamağı təklif etməklə, humanizm prinsiplərinə sadiqliyini  nümayiş etdirir. Ermənistan yenə də, xislətinə uyğun olaraq sülh razılaşmasını imzalamaqdan yayınır.  Amma, Azərbaycanın tələbi də ortadadır-Sülh təklifi masa üzərində daimi saxlanıla bilməz.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

Şərhlər

Şərh yazılmayıb.